AMEA nümayəndə heyətinin İtaliya və İsveçrədə səfərdədir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti İtaliya və İsveçrədə səfərdədir. Məqsəd “Milan EKSPO-2015” tədbiri çərçivəsində Heydər Əliyev Mərkəzi ilə birgə həyata keçirilən elmi-kütləvi konfransda iştirak etməkdir.

Nümayəndə heyətinə AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, Beynəlxalq Əlaqələr İdarəsinin Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin rəisi, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva, həmin idarənin Xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsinin rəisi Bünyamin Seyidov, həmçinin  Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəisi, geologiya-mineralogiya elmləri doktoru Adil Əliyev daxildir.

Nümayəndə heyəti Luqano meriyasının dəvəti ilə İsveçrənin Luqano şəhərində keçirilən konfransda  da iştirak edib. Tədbirdə akademik A.Əlizadə Azərbaycanın bitki ehtiyatlarının biomüxtəliflliyi  mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycan öz torpaq-iqlim şəraiti və relyef müxtəlifliyi ilə biomüxtəlifliyin ən zəngin mərkəzlərindən biri hesab olunur.  Dünyada mövcud olan 11 iqlim qurşağının 9-nun Azərbaycanda olması burada bitki aləminin unikal gen fondunu, eləcə də yabanı və mədəni bitki müxtəlifliyinin mövcudluğunu qabaqcadan müəyyən edir. Akademik qeyd edib ki, Azərbaycanın təbii florasında Qafqazın 70% bitki müxtəlifliyini təşkil edən 935 cins və 125 fəsiləyə aid 5000-ə yaxın bitki növü vardır.  AMEA rəhbəri bitkilərin bir çox növlərinin mənşəyi və kultivasiyası, əhali tərəfindən  yabanı bitkilərdən ərzaq, dərman və təsərrüfat məqsədiylə istifadə, həmçinin taxıl, paxla, tərəvəz və bostan bitkiləri haqqında ətraflı məlumat verib.

Akademik A.Əlizadənin sözlərinə görə, 2003-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə elmi-praktiki problemlərin həllini təmin etmək məqsədi ilə AMEA-nın Genetik Ehtiyatlar İnstitutu və regionda ilk Milli Genbank yaradılıb. Hazırda bu bankda Milli genefondu təmsil edən 7100 nümunədən çox qiymətli və nadir bitki növləri, tarla genbankında isə 4000-ə yaxın bitki nümunəsi qorunub saxlanılır.

Məruzədə yaşadığımız dövrün genom və yüksək texnologiyalar əsri olduğunu qeyd edən akademik hazırda Azərbaycanın biomüxtəlifliyinin öyrənilməsi üzrə planların dünya elminin müəyyən strateji istiqamətlərinə müvafiq olaraq qurulduğunu diqqətə çatdırıb.

Alim müəyyən edilmiş hədəflər və tədqiqat fəaliyyətinin ən yaxın illərdə yalnız Azərbaycana deyil, ümumilikdə dünya elminə öz dəyərli töhfələrini verəcəyinə əminliyini ifadə edib. Qeyd edib ki, bu gün energetika, ərzaq və ekologiya təhlükəsizliyi kimi qlobal problemlər siyasətçilər, iqtisadçılar, dünya alimləri və hər bir mütərəqqi insanı narahat edən məsələlərdir. Proqnozlara görə, 2050-ci ilə yaxın planetdə insanların sayı 9 milyarddan çox olacaq. Urbanizasiya sürətli templərlə artacaq, dünya əhalisinin təxminən 70%-i şəhər sakini olacaqdır.

Alim Yaxın gələcəkdə bəşəriyyəti gözləyən aclıq, xəstəlik, kəskin iqlim dəyişiklikləri, ərzaq, əhali artımı və digər problemlərdən söz açaraq bir sıra fakt və proqnozları da diqqətə çatdırıb.

Konfransda, həmçinin akademik Rasim Əliquliyev “Neft strategiyasından İKT strategiyasına: nailiyyətlər və perspektivlər”, həmçinin geologiya-mineralogiya elmləri doktoru Adil Əliyev “Azərbaycanda palçıq vulkanları fenomeni” adlı məruzələrlə çıxış edib.

AMEA-dan olan nümayəndə heyəti İtaliyanın Turin şəhərinə də səfər edib. Onlar Turin Elmlər Akademiyasının prezidenti ilə görüşərək akademiyanın zəngin kitabxanası ilə tanış olub. Görüş zamanı iki qurum arasında əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

AMEA Rəyasət  Heyətinin aparatı

İctimaiyyətlə əlaqələr və

elmin populyarlaşdırılması idarəsi

İctimaiyyətlə əlaqələr şöbəsi

COMMENTS