Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin Naxçıvan şəhərində növbəti səyyar iclası keçirilib.
İclas iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Akademiyanın Naxçıvan Bölməsi, Bioresurslar və Təbii Ehtiyatlar institutları ilə tanışlıqdan sonra Bölmənin Distant Tədris Mərkəzinin açılış mərasimi keçirilib və AMEA İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssisləri ilə canlı bağlantı yaradılıb.
Qonaqlara mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, bu mərkəz Bakı ilə Naxçıvan arasında elm və təhsil körpüsü olacaq, doktorant və dissertantların məsafədən təhsil alması, onlayn seminar və konfransların keçirilməsi, alimlər arasında ölkədaxili, həmçinin beynəlxalq əməkdaşlıq münasibətlərinin qurulması üçün geniş imkanlar yaradacaq. Daha sonra iclas öz işinə başlayıb.
Naxçıvan şəhəri İcra Hakimiyyətinin binasında keçirilən tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bugünkü iclasın çox mühüm elmi və tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Həmçinin, son illərdə AMEA-da akademik A.Əlizadənin rəhbərliyi ilə həyata keçirilən kompleks tədbirlər nəticəsində Azərbaycan elmində əldə olunan nailiyyətləri yüksək qiymətləndirib.
Sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə ilk olaraq Azərbaycanın qədim diyarı Naxçıvanda olmaqdan böyük məmnunluq duyduğunu, yüksək qonaqpərvərliyə görə nümayəndə heyəti adından təşəkkürünü bildirib. AMEA Rəyasət Heyətinin növbəti səyyar iclasının Naxçıvanda, belə bir mötəbər səviyyədə keçirilməsinin olduqca əlamətdar olduğunu deyən AMEA rəhbəri Azərbaycanın elmi potensialının böyük bir hissəsinin Naxçıvan şəhərində cəmləşdiyini, bu diyarın həm tarixən, həm də bu gün Azərbaycanın elm və təhsil mərkəzlərindən biri olduğunu qeyd edib.
Akademik Akif Əlizadə 12-28 iyun 2015-ci il tarixində Azərbaycanın yüksək səviyyəli ev sahibliyi ilə “Bakı-2015” birinci Avropa Oyunları uğurla keçirildiyini və böyük müvəffəqiyyətlə başa çatdırıldığını diqqətə çatdırıb. Bildirib ki, dünya idman tarixində ilk dəfə olaraq keçirilən birinci Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi, ilk növbədə, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun, daxili sosial-siyasi sabitliyin və iqtisadi qüdrətin göstəricisidir.
Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən müstəqil Azərbaycanın sürətli sosial-iqtisadi inkişafına uyğun olaraq, Naxçıvanda da həyatın, sözün əsl mənasında, çiçəkləndiyini deyən AMEA rəhbəri indi bu qədim diyarda tarixiliklə müasirliyin həmahəng bir vəhdət təşkil etdiyini bildirib.
AMEA rəhbəri Naxçıvanın inkişafının bir tərəfdən alimlərimiz qarşısında böyük imkanlar açdığını, digər tərəfdən də onların qarşısında yeni tələblər qoyduğunu vurğulayıb. Qeyd edib ki, əsas hədəfi biliklər iqtisadiyyatının inkişafı olan Azərbaycanda istənilən sosial-iqtisadi sahənin inkişafı elmi potensialla, məsələyə elmi yanaşmalarla, biliklə sıx bağlıdır.
Akademik Akif Əlizadə öz çıxışında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan elminə, eyni zamanda Naxçıvana göstərdiyi diqqət və qayğı Akademiyanın, o cümlədən Naxçıvan Bölməsinin daha da inkişafına təkan verəcək, Akademiyanın Naxçıvan Bölməsi bundan sonra da Muxtar Respublikanın inkişafı, xalqımızın rifahı naminə yeni-yeni elmi uğurlara imza atacaqdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında intellektual inkişaf modelinə əsaslanan biliklər cəmiyyətinin formalaşdırılmasının əsas strateji inkişaf xətti kimi qəbul edildiyini deyən AMEA prezidenti bunun Azərbaycan elmi qarşısında tamamilə yeni vəzifələr qoyduğunu diqqətə çatdırıb. Əlavə edib ki, qeyd olunan bu zəruri amillərlə şərtlənərək son illərdə Elmlər Akademiyasında ölkəmizin sürətli inkişafı ilə həmahəng olan islahatlar aparılır.
Bundan əlavə, 30 iyun 2014-cü il tarixində yalnız Akademiyanın deyil, respublikanın elmi və ictimai həyatı üçün də olduqca əlamətdar bir hadisə baş verib, AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilər uğurla həyata keçirilib, beləliklə vakant yerlərə 26 həqiqi və 50 müxbir üzv seçilib. Çox sevindirici haldır ki, həmişə olduğu kimi, bu dəfə də Naxçıvan Bölməsi üzrə xeyli sayda Akademiyanın yeni üzvləri seçilib. Bu, Naxçıvanda intellektual potensialın avanqardı olan elmi elitanın daha da güclənməsinə, onun Muxtar Respublikanın maraqlarının təmin olunmasında yaxından iştirakına öz töhfəsini verəcəkdir.
AMEA rəhbəri ötən ildə Azərbaycan Respublikasının Prezidentinin AMEA-nın 70 illik yubileyinin qeyd edilməsi ilə bağlı müvafiq sərəncam imzaladığını xüsusi vurğulayaraq bildirb ki, hazırda tədbirin uğurla həyata keçirilməsini təmin etmək məqsədilə bir sıra elmi-təşkilati tədbilər həyata keçirilməkdədir. Payızda biz sizinlə birlikdə Akademiyamızın 70 illik yubileyini təntənə ilə qeyd edəcəyik.
Akademik əlavə edib ki, qarşıda duran əsas vəzifələrdən biri elm və təhsilin uğurlu inteqrasiyasına nail olmaqdır. Alimlərin Birinci Qurultayının da əsas leytmotivlərindən biri elm və təhsilin inteqrasiyası idi. Bu sahədə ən mühüm nailiyyətimiz isə Akademiyada magistratura təhsilinin yaradılmasına nail olmaqdır. Bilavasitə ölkə rəhbərliyinin dəstəyi ilə Akademiyada magistratura təhsili reallığa çevrilmişdir. Artıq bu il ilkin olaraq 7 ixtisas üzrə Akademiyada magistratura təhsili həyata keçiriləcəkdir.
Çıxışda Naxçıvanda yerləşən təbii sərvətlərin tədqiq olunaraq müxtəlif istehsal sahələrində tətbiqi istiqamətində tədqiqatların aparıldığı diqqətə çatdırılıb. Bildirilib ki, alternativ enerji və bərpa olunan bioyanacaqların tədqiqi sahəsində elmi tədqiqatların aparılması və xüsusilə termal sular, kənd təsərrüfatı tullantıları və müxtəlif yağların alınması texnologiyaları da təbiət və texnika sahəsində aparılan tədqiqatlarda əsas olaraq saxlanılmalı və inkişaf etdirilməlidir.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxışının sonunda uzunömürlülər diyarı kimi tanınan Azərbaycanda herontoloji araşdırmaların aparılmasının xüsusilə aktual olduğunu vurğulayıb. Qeyd edib ki, ölkəmiz dünyanın nadir regionlarından biridir ki, burada uzunömürlülük populyasiya səviyyəsində müşahidə olunur. Yaşı 120 və daha artıq olan insanlar məhz burada qeydə alınıb. Bu kimi insan resurslarının mövcudlugu Azərbaycanda müasir beynəlxalq praktikaya əsaslanan herontoloji tədqiqatların aparılmasına geniş imkanlar açır. Bunu nəzərə alaraq, biz bu ildən başlayaraq bu istiqaməti elmimizin prioritetlərindən biri elan etmişik.
Bizim tapşırığımızla Akademiyanın Qarayev adına Fiziologiya İnstitutu qocalmanın və uzunömürlüyün fiziloji və genetik-molekulyar əsaslarının araşdırılmasına dair multidissiplinar xarakterli elmi-tədqiqat layihəsi işləyib hazırlanıb. Yüksək uzunömürlülük indeksi ilə fərqlənən rayonlarda tibbi-bioloji tədqiqatlarin aparılması, insanda qocalma prosesini izləməyə imkan verən biomarkerlərin müəyyən edilməsi və tədqiqi, erkən və patoloji qocalmaya səbəb olan fizioloji pozuntuların korreksiya yollarının araşdırılması layinənin əsas tədqiqat hədəfləri kimi müəyyən edilib.
Əvvəllər aparılmış tədqiqatların nəticələrinə görə, Naxçıvan Muxtar Respublikası yüksək uzunömürlülük indeksi ilə fərqlənən regionlar arasındadır. Rəsmi statistik məlumatlar göstərir ki, burada yaşı 100-ü ötənlərin sayı 53 nəfərdir. Bunu nəzərə alaraq, AMEA-nın Naxçıvan Bölməsində herontoloji tədqiqatlara diqqətin artırılması məqsədəuygun olardı.
Sonra AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “AMEA-nın Naxçıvan Bölməsinin elmi prioritetləri və vəzifələri” adlı məruzə ilə çıxış edib. Məruzədə bildirilib ki, AMEA-nın Naxçıvan Bölməsi Azərbaycan Respublikasının Prezidenti, ulu öndər Heydər Əliyevin 7 avqust 2002-ci il tarxli Sərəncamı ilə yaradılıb. Sərəncamda da göstərildiyi kimi, Naxçıvan Bölməsinin tərkibində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu, həmçinin Əlyazmalar Fondu və Batabat Astrofizika Rəsədxanası yaradılıb.
Akademik İsmayıl Hacıyev qeyd edib ki, Prezident Heydər Əliyevin müvafiq Sərəncamının reallaşması və Naxçıvan Bölməsinin fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti və AMEA Rəyasət Heyəti tərəfindən müvafiq qərarlar verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun göstərişi ilə 2003-cü ilin avqustunda Əsas bina, 2004 və 2005-ci illərdə isə Təbii Ehtiyatlar İnstitutunun, Əlyazmalar Fondunun, Batabat Astrofizika Rəsədxanasının şəhər mərkəzinin, Elmi kitabxananın, Nəşriyyatın, Seysmologiya mərkəzinin və Bioresurslar İnstitutunun binaları istifadəyə verilib. Növbəti mərhələdə isə Nəbatat bağı və Batabat Astrofizika Rəsədxanası üçün inzibati binalar tikilib, laboratoriyalar üçün cihaz və avadanlıqlar alınıb.
İ.Hacıyev əlavə edib ki, Naxçıvan Bölməsinin əsas prioritet istiqamətlərindən biri elmi istiqamətlərin və mövzuların müəyyən edilməsi idi. Bu istiqamətdə müəyyən işlər aparıldı, Naxçıvan tarixi, arxeologiyası, etnoqrafiyası, ictimai-siyasi, sosial-iqtisadi və mədəniyyət tarixi, təbii sərvətləri, biomüxtəlifliyi, maddi və mənəvi mühiti, qədim kitabların və əlyazmaların toplanması, katoloqlaşdırılması və tədqiqi müəyyənləşdirildi.
Bölmənin kadr potensialının artırılmasına yetirilən diqqətdən danışan akademik 2006-cı ildən Naxçıvan Bölməsinin özündə 3 ixtisas üzrə Dissertasiya Şurası yaradıldığını, Naxçıvan Bölməsində işləyən elmi kadrların içərisində elmi dərəcələrin artdığını, nəticədə isə 15-dən çox elmlər doktoru, 50-dən çox fəlsəfə doktoru, professor və dosentlərin hazırlandığını diqqətə çatdırıb. Həmçinin 2003, 2007 və 2014-cü illərdə AMEA-ya keçirilən seçkilərdə Naxçıvan Bölməsindən 3 nəfər akademik, 12 nəfər isə müxbir üzv seçilib.
Bölməsi əməkdaşlarının elmi nəşrlərlə bağlı statistik göstəriciləri də səsləndirib. Bildirib ki, 12 il ərzində (2003-2014-cü illər) əməkdaşların 5600-ə yaxın elmi əsərləri nəşr olunub ki, bunun da 100-ü monoqrafiya, 133-ü kitab, 4073-ü elmi məqalə, qalanları isə tezis və başqa çap məhsullarıdır.
Eyni zamanda, Naxçıvan Bölməsinin prioritet istiqamətlərindən biri əməkdaşların patent, müəlliflik şəhadətnaməsi almaları, beynəlxalq və respublika səviyyəli qrand layihələrində iştirak etmələridir. Bölmənin 14 nəfər əməkdaşı 21 patent almış, 12 layihə üzrə 31 nəfər beynəlxalq və respublika səviyyəli qrant layihəsində qalib gəlib.
Ötən dövr ərzində Naxçıvan Bölməsinin beynəlxalq əlaqələri genişlənib, ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Türkiyə, İtaliya, Macarıstan, Yeni Zelandiya, Polşa və b. ölkələrin elmi müəssisələri ilə əlaqəli fəaliyyəti genişlənib, müştərək kitab və monoqrafiyalar, elmi məqalələr yazılıb və nəşr olunub.
Məruzə dinlənildikdən sonra bəyənilib, həmçinin Rəyasət Heyəti AMEA Naxçıvan Bölməsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, laboratoriyaların müasir cihaz və avadanlıqlarla təmin edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilməsi, elmin istehsalatla əlaqəsini artırmaqla aparılan tədqiqatların nəticəli olması, həmçinin təsərrüfat hesablı tədqiqatların aparılması istiqamətində fəaliyyətin gücləndirilməsi, eləcədə bölmənin beynəlxalq elmi əlaqələrinin gücləndirilməsi və AMEA-nın Coğrafiya İnstitutu ilə birlikdə “Naxçıvan coğrafiyası” (iki cilddə) əsərinin hazırlanması və nəşr edilməsi haqqında qərar qəbul edib.
Daha sonra “Naxçıvanın dərman bitkiləri” adlı məruzə ilə çıxış edən AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov bildirib ki, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında aparılmış son floristik tədqiqatlar sistemli şəkildə tədqiq edilib.
Nəticədə müəyyənləşdirilib ki, muxtar respublika flora biomüxtəlifliyinə daxil olan 1200-dən çox faydalı bitki, o cümlədən 750- 800 növə yaxın dərman bitkisi vardır ki, onlardan da 48 fəsilə və 105 cinsə mənsub olan 132 növü yüz illərdir müasir tibb aləmində istifadə edilən rəsmi(ofisinal) dərman bitkisidir. Onlar keçmiş SSRİ-nin I-XII cild Farmakopeya nəşrləri və Beynəlxalq Farmakopeyalara daxil edilib.
Akademik Tariyel Talıbov qeyd edib ki, yabanı rəsmi dərman bitkiləri olan 88 növdən 30 növünün təbii ehtiyatının bol olduğu təcrübi yolla dəqiqləşdirilib. Təbii ehtiyatı bol olan 30 növün eyni zamanda ərazidəki mövcud yayılma zonaları, təbii ehtiyatı və mümkün istismar imkanları öyrənilməklə, xəritələrdə göstərilib.
Yabanı rəsmi dərman bitkilərinin 11 növü nadir bitki kimi Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitabına daxil edilib. Həmçinin, region florasında olan ali bitki növləri 27 faydalı bitki qrupları əmələ gətirib ki, bura da efiryağlı, dərman, flavonoidli, aşı maddəli, boyaq əhəmiyyətli, lifli, kitrəli, qlükozidli, bəzək-bağçılıq və digər faydalı xüsusiyyətli qruplar daxildir. Onların arasında müxtəlif həyat formalı, özünəməxsus yaşama mühitinə, ekoloji şəraitə uyğunlaşmış endemik və relikt bitkilər də az deyildir.
Məruzədə təbii ehtiyatı bol olan 30 növ rəsmi dərman bitkisinin biokimyəvi tərkibinin ədəbiyyat məlumatlarına əsasən əlavə edildiyi, bəzilərinin isə analizinin mövcud cihaz və avadanlıqlarla aparıldığı haqqında məlumat verilib. Qeyd olunub ki, təbii ehtiyatı bol olan rəsmi dərman bitkilərindən alınacaq mümkün təsiredici bioloji fəal maddələr müəyyənləşdirilərək, onlardan alına biləcək müxtəlif təyinatlı dərman preparatları, məlhəmlər, biokremlər və s. haqqında məlumat müvafiq qrumlara təqdim olunub. Eləcə də, regionun yabanı rəsmi dərman bitkilərindən 8 növü Farmakopeyanın bütün nəşrlərində saxlanılmaqla, 137 ildən artıq müddətdə tibbi müalicədə istifadəsinə icazə verilib.
Akademik Tarıyel Talıbov çıxışının sonunda bildirib ki, yabanı dərman bitkilərinin kütləvi toplanılması hələ də davam edir, ona görə də onların elmi surətdə toplanılmasının təşkili və eyni zamanda mühafizəsi üçün aparılan mübarizə tədbirlərini daha da gücləndirilməklə yanaşı, Naxçıvan Muxtar Respublikasının dərman bitkilərinin “Elektron Məlumat Bazası”nın yaradılması və onun AMEA-nın veb-portalında yerləşdirilməsi vacib işlərdən biridir.
Akademik artıq Naxçıvan şəhərində dərman bitkilərindən ilkin maddələrin istehsalı ilə məşğul olan müəssisənin yaradılması təşəbbüsü ilə çıxış edib, eyni zamanda Naxçıvan Muxtar Respublikasının tətbiq istiqamətli seçilmiş dərman bitkilərinin rayonlar üzrə elmi surətdə daha ətraflı öyrənilməsi və pasportlaşdırılması üçün stasionar ekspedisiyaların da davamlı aparılmasını məqsədəuyğun hesab edib.
Məruzə dinlənildikdən sonra Rəyasət Heyətinin qərarı ilə bəyənilib.
Sonra Naxçıvan Bölməsinin şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Naxşıvanın arxeoloji abidələrinin öyrənilməsi” adlı məruzəsi dinlənilib. Məruzədə bildirilib ki, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanda aparılmış son arxeoloji tədqiqatlar sistemli şəkildə təqdim edilir. Bölgədə müxtəlif illərdə fəaliyyət göstərmiş Gəmiqaya, Oğlanqala, Ovçulartəpəsi, Xaraba-Gilan, Ərəbyengicə, I Kültəpə, Maxta, II Kültəpə, Meydantəpə və digər arxeoloji ekspedisiyalarının apardığı tədqiqatlar sayəsində Naxçıvan tarixinin müxtəlif dövrlərinə aid onlarla arxeoloji abidələr öyrənilib və nəticədə əldə edilmiş çox qiymətli məlumatlar nəinki bölgənin, ümumilikdə Azərbaycanın qədim tarixinin tədqiqində mühüm mənbə rolunu oynayıb.
Məruzəçi qeyd edib ki, Naxçıvanın ərazisinin əlverişli təbii-coğrafi şəraiti burada insanların qədim dövrdən məskunlaşmasına imkan yaradıb. Həmçinin, Naxçıvanın qədim tarixinin tədqiqində arxeoloji abidələr mühüm yer tutur. Bu abidələr hələ XIX əsrin 70-ci illərindən tədqiqatçıların diqqətini cəlb edib. O dövrdən keçən müddət ərzində Naxçıvanda xeyli arxeoloji abidə aşkar olunub.
1991-ci ildə Аzərbаycаn Rеspublikаsı müstəqillik qаzаndıqdаn sоnrа Аzərbаycаn, о cümldən Nахçıvаn аbidələrinin öyrənilməsində yеni mərhələ bаşlаnıb, eləcə də ümummilli lidеr Hеydər Əliyеvin tövsiyəsi ilə Аzərbаycаn tаriхi milli kоnsеpsiyа əsаsındа yеnidən işlənib. Аzərbаycаn Rеspublikаsının Prеzidеnti cənаb İlhаm Əliyеv və Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məclisini Sədri, hörmətli Vаsif Tаlıbоvun аrхеоlоji аbidələrin öyrənilməsinə qаyğısı bu sаhədə mühüm işlərin görülməsinə səbəb оlub.
AMEA Naxçıvan Bölməsi əməkdaşlarının Naxçıvan Dövlət Universitetinin əməkdaşları ilə birlikdə apardığı məqsədyönlü tədqiqatlar nəticəsində muxtar respublika ərazisində 1200-dən artıq tarix və mədəniyyət abidəsi qeydə alınıb ki, onların da əksəriyyəti arxeoloji abidədir.
Arxeoloji abidələr Naxçıvanın qədim və Orta əsr tarixinin öyrənilməsi üçün dəyərli mənbədir. Bu abidələr Naxçıvanın qədim tarixini Daş dövründən başlayaraq izləməyə imkan verir. Tədqiqatların nəticələri ilə bağlı olaraq “Naxçıvan abidələri ensiklopediyası”, “Naxçıvanın tarixi atlası”, “Naxçıvanın arxeoloji abidələri”, “Naxçıvanda arxeoloji tədqiqatlar” və onlarla digər monoqrafiya və yüzlərlə məqalələr nəşr edilib, Naxçıvan abidələri ilə bağlı internet saytları yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun ayırdığı qrant əsasında I Kültəpə ətrafında 50-dən artıq abidənin qeydə alınaraq xəritələşdirildiyini diqqətə çatdıran V.Baxşəliyev onların 23-nün Neolit və Eneolit dövrünə aid olduğunu bildirib. Həmçinin, bildirb ki, 2013-cü ildən başlayaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin tövsiyəsi ilə AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası yaradılıb. 2006-cı ildən fəaliyyətə başlayan Azərbaycan-ABŞ və Azərbaycan-Fransa arxeoloji ekspedisiyası indi də Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərir.
Azərbaycan-ABŞ arxeoloji ekspedisiyasının Oğlanqalada apardığı araşdırmalar nəticəsində Şərur ərazisində Oğlanqala mərkəz olmaqla güclü şəhər-dövlətin mövcud olduğu və bu dövlətin Etiuni konfederasiyası ilə birlikdə Urartulara qarşı mübarizə apardığı müəyyən edilib. Tədqiqatın nəticələri ilə bağlı ABŞ-ın Pensilvaniya Universitetinin xüsusi internet saytı yaradılıb (www.oglanqala.net). Ekspedisiyanın üzvləri Naxçıvanın arxeoloji abidələrinin GPS-lə qeydiyyatına da başlayıb.
Azərbaycan-Fransa arxeoloji ekspedisiyasının fəaliyyəti nəticəsində isə Fələstindən Suriyayadək geniş bir ərazidə yayılan Kür-Araz mədəniyyətinin Naxçıvanda formalaşdığı, dünyada ən qədim duz mədəninin Naxçıvanda olduğu müəyyənləşdirilib. Tədqiqatların nəticələri ilə bağlı Fransanın 10-dan artıq informasiya vasitəsində məlumat yerləşdirilib. Eyni zamanda bu nəticələr “Naxçıvan tarixi” çoxcildliyinin I cildində əks olunub.
Məruzənin sonunda bildirilib ki, çoxsaylı arxeoloji materiallar yazılı mənbələrin Naxçıvan haqqında verdiyi məlumatları tamamlamağa və tariximizi bütövləşdirməyə imkan verib. Müstəqillik illərində abidələrimizin tədqiqi ilə yanaşı onların qorunması və bərpası ilə də bağlı xeyli işlər görülüb. Möminə Xatın, Yusif Küseyir oğlu, Qarabağlar türbələri, Şeyx Xorasan xanəgahı, Xan sarayı, Ordubad buzxanası, Naxçıvanqala və onlarla digər abidələrimizdə bərpa və təmir işləri aparılıb. 2014-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı ilə Naxçıvanın alınmazlıq simvolu olan Əlincəqalada da bərpa və təmir işlərinə başlanıb.
Sözügedən məruzə müzakirələrdən sonra Rəyasət Heyətinin qərarı ilə bəyənilib.
İclas müxtəlif sahələrdə aparılan tədqiqatlar və qarşıda duran vəzifələr haqqında çıxışlarla davam edib.
AMEA Rəyasət Heyətinin aparatı
İctimaiyyətlə əlaqələr və
elmin populyarlaşdırılması idarəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
COMMENTS