Amerikada İŞİD bayrağı dalğalandı?

Avqustun 18-də “Amerikada İŞİD bayrağı?” başlığı ilə bir yazı vermişdik.

 

Amerikanın nüfuzlu saytlarından olan “New Jersey.com”a istinadən bildirmişdik ki, Marc Leyboits evinin qarşısında qara fonda, üzərində ərəb əlifbası ilə yazı verilmiş bayrağı İraq və Şam İslam Dövləti (İŞİD) bayrağı zənn edib və həmin evin şəklini çəkərək Twiter-də paylaşıb. Onun statusu ildırım sürəti ilə sosial şəbəkədə yayılıb.

 

600 dəfədən artıq həmin status yenidən paylaşılıb.

 

Nyu-Cersidə təlatüm yaşandığından xəbər tutan evin sahibi çox məyus olub. O, bildirb ki, evinin üzərindən asdığı bayraq onun müsəlman olmasının rəmzi sayılmalıdır. Və həmin bayrağın İŞİD bayrağı ilə hər hansı bağlılığı yoxdur.

 

Cənab Leyboits üzrxahlıq edərək demişdi ki, Əli Dunavayın şəxsi həyatına bilmədən müdaxilə etdiyinə görə məyusdur: “O, doğrudan da səmimi bir niyyətlə o bayrağı asıb. Mənsə bunu yanlış başa düşmüşəm. Biz bir-birimizlə telefonla danışdıq və anlaşmamızda heç bir problem olmadı“.

 

Göründüyü kimi, bu yazıda mömin bir insanın islamla bağlı bayraqdan istifadəsi yanlış anlaşılmışdı. Amma ev sahibi sosial şəbəkələrdəki təlatümdən xəbər tutuqdan sonra gözlənilən təhlükədən sığortalanmaq üçün 10 il evinin üstündən asdığı bayrağı çıxarmalı olmuşdu…

 

Bu dəfə isə söhbət Amerikada məhz İŞİD bayrağının dalğalanmasından gedir. Bu barədə “The Chicago Sun-Times” xəbər yayıb. Qəzet bildirir ki, Çikaqo sakini, 49 yaşlı Əhməd Qaraqrah öz maşınının pəncərəsindən İŞİD bayrağını asaraq şəhər küçələri ilə şütüyürmüş.

 

Bundan xəbər tutan polis onu saxlamağa müvəffəq olub.

Cənab Əhməd polisə bildirib ki, maşınına partlayıcı maddələr quraşdırıb. Maşın yoxlanılsa, hamı havaya sovrulacaq.

 

Təhlükəni real hesab edən polis FBİ-ya müraciət etməli olub. Ancaq maşın mütəxəssislər tərəfindən yoxlanılarkən, içəridə hər hansı təhlükə kəsb edən bir əşya tapılmayıb.

 

Qeyd olunur ki, Əhməd Qaraqrah İŞİD bayrağını dalğalandırmaqdan qürur duyduğunu deyirmiş. Hazırda cənab Əhməd həbsdə saxlanılır.

 

İŞİD bayrağına heyranlıq nümayiş etdirən Əhməd Qaraqrah 55 min dollar cərimə edilib və sentyabrın 3-ündə törətdiyi əmələ görə məhkəmə qarşısında dayanmalı olacaq.

COMMENTS