Ermənistandan sülh danışıqlarına daha bir zərbə

XİN Dağlıq Qarabağda keçirilməsi planlaşdırılan “seçkilər”in heç bir hüquqi qüvvəsi olmadığını bəyan etdi; Bəxtiyar Əliyev: “AŞ PA Ermənistanın üzvlük məsələsinə yenidən baxmalıdır”

Ermənistan mediası 3 may 2015-ci il tarixdə Azərbaycan Respublikasının işğal altında olan ərazisində – Dağlıq Qarabağ regionunda qondarma separatçı rejimin “parlamenti”nə “seçkilər”in keçirilməsinin planlaşdırılması barədə xəbər yayıb.

Nəzərə çatdıraq ki, beynəlxalq ictimaiyyətin sülh danışıqları istiqamətində səylərini artırmağa və bu istiqamətdə çağırışlar etdiyi bir vaxtda Ermənistan bütün səylərini təxribatlara yönəldib. Yanvar-fevral ayında cəbhə xəttində törədilən intensiv təxribatların ardınca mayın 3-nə Dağlıq Qarabağda “seçki” planlaşdırmaları ermənilərin mahiyyətini bir daha ortaya qoyur.

Bu, beynəlxalq aləmin nəticə çıxarmalı olduğu məsələdir. Eyni zamanda ermənilər bu davranışları ilə Azərbaycanı öz torpaqlarını hərbi yolla işğaldan azad etməyə vadar edir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat verib. XİN-in rəsmi səhifəsində yayımlanan bəyanatda deyilir ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan Respublikası tərəfindən yaradılmış separatçı rejimin təcavüz və irqi ayrı-seçkiliyin mütləq nəticəsi olduğunu bir daha vurğulayır: “Bu rejim Ermənistanın idarəçiliyi və nəzarəti altındadır.

Ermənistanın Azərbaycana qarşı müharibəyə başladığı və zordan istifadə edərək, Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla, Azərbaycan ərazisinin 20 faizini işğal etdiyi və bir milyondan artıq azərbaycanlını öz doğma torpaqlarından didərgin salaraq etnik təmizləmə həyata keçirdiyi və digər ağır cinayətlər törətdiyi hamıya yaxşı məlumdur. Beynəlxalq ictimaiyyət Azərbaycana qarşı zor tətbiq edilməsi və Azərbaycan ərazilərinin işğalını ardıcıl olaraq kəskin şəkildə tənqid edib. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən Azərbaycan ərazilərinin işğalını pisləyən və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörməti bir daha təsdiq edən 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələr qəbul edib.

Bu qətnamələrdə BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ regionunu Azərbaycanın tərkib hissəsi kimi tanıdığını təsdiq edir və işğalçı qoşunların Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Digər beynəlxalq təşkilatlar da bənzər mövqedən çıxış edib. Azərbaycan ərazilərinin hərbi işğalı və etnik təmizləmənin davam etdiyi zəmində qondarma separatçı rejimin strukturlarına ”seçkilər”in keçirilməsi Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır və buna görə də bu “seçkilər”in heç bir hüquqi qüvvəsi  ola bilməz. Ermənistan  işğal edilmiş Azərbaycan ərazilərini ilhaq etməyə müyəssər ola bilməz. Davamlı və uzunmüddətli nizamlanmaya nail olunmasının yeganə yolu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları üçün ayrılmaz hüquqlarının təmin edilməsi və bir-birinin suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin qurulmasıdır”.

Bəyanatda həmçinin qeyd edilir: “Azərbaycan Respublikası bir daha Ermənistan tərəfini əbəs yerə vaxt itirmək və öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq əvəzinə təcavüz və etnik təmizləmə siyasətinə son qoymağa və münaqişənin nizamlanması prosesinə konstruktiv şəkildə iştirak etməyə və beynəlxalq öhdəliklərinə əməl etməyə çağırır”.

“Avropa Şurası Parlament Assambleyası da Ermənistanın bu işğalçı siyasətinə qiymət verərək onun üzvlük məsələsinə yenidən baxmalıdır”. Bu barədə “Trend”ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev mayın 3-də Dağlıq Qarabağda keçiriləcək qondarma “parlament seçkisi”ni şərh edərkən deyib.

B.Əliyev də qeyd edib ki, bu qondarma “seçkilər”in heç bir hüquqi əsası yoxdur: “Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, ATƏT və Avropa Şurasının qətnamələri var və hesab edirik ki, işğal edilmış ərazilərdə hər hansı seçkinin keçirilməsi yolverilməzdir. Eyni zamanda Avropa Şurasının üzvü olan bir ölkənin digər ölkənin ərazisini işğal etməsi onun Avropa Şurasına üzv olmasını böyük sual altında qoyur”.

Deputat hesab edir ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda qondarma separatçı rejimin “parlamenti”nə qurama “seçkilər”in keçirilməsinin planlaşdırılması Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə sülh danışıqlarına böyük zərbədir.

O qeyd edib ki, əgər Ermənistanın işğal etdiyi Azərbaycan əraziləri ilə bağlı danışıqlar gedirsə və ATƏT-in Minsk Qrupunun həmsədrləri deyirsə ki, bu danışıqları davam etdirək, bu cür qondarma “seçkilər”in keçirilməsi danışıqlar prosesi üçün çox böyük əngəldir və çox böyük təəssüf doğurur ki, nə üçün həmsədrlər bununla bağlı ciddi bəyanat vermirlər, bunu qeyri-qanuni adlandırmırlar və Ermənistanı bu cür qeyri-qanuni hərəkətlərdən əl çəkməyə və danışıqlar prosesini pozmamağa məcbur etmirlər.

COMMENTS