Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli Milli Məclisin deputatları Anar İsgəndərov və Rasim Musabəyovu “İctimai” Televiziyanın efirində Başkəndlə bağlı söylədikləri fikirlərə görə tənqid edib.
O, “Facebook” hesabında qeyd edib ki, azərbaycanlı deputat Paşinyanı sevindirən çıxış edib, Başkəndi ermənilərə verməyi təklif edib: “İTV-nin “Azərbaycanın dörd eksklav kəndi mübadilə edilə bilər?” – materialında şərh verən tarixçi-alim, deputat Anar İsgəndərov Başkəndin Qazax ərazisində olduğunu bildirir (tarixçinin tarixdən məlumatlılıq dərəcəsi), digər deputat Rasim Musabəyov isə Başkəndin heç bir “strateji əhəmiyyəti” olmadığını bildirir və gələcəkdə “mübadilə üçün” öz aləmində “əsas yaratmağa” cəhd edir. Musabəyov tarixi yaxşı bilməli idi axı ki, Başkəndin erməni işğalında qalması Şınıx zonasının 28 kəndi ilə yanaşı, bütünlüklə Gədəbəy, Şəmkir, Tovuz (dolayısı ilə Gəncəyə qədər) ərazisinin təhlükə altına düşməsi deməkdir”.
Ə.Əlibəyli iddia edib ki, hər iki deputat efirdə ağıllarına gələni danışıblar: “Burada televiziya maraqlanmalı idi ki, ekspert adı ilə danışan şəxslərin ağıllarına gələn sözləri işlətməsini vermək olarmı? İkincisi, bu şəxslərin səthi məlumatlılıq səviyyəsi ölkə rəhbərliyinin sözügedən istiqamətdə apardığı siyasətə nə dərəcədə adekvatdır və onun, komandasının baxışlarına zərbə vuraraq, niyə Ermənistan baş nazirinin istinad əlini gücləndirməyə xidmət etməlidir? Nəhayət, bu iki şəxslə bağlı yalnız təəssüf edirəm və bildirirəm ki, Azərbaycan torpağı sizin şəxsi məqsədlərinizdən istifadə üçün nəzərdə tutulmayıb ki, onu kimə gəldi bəxş edəsiniz. Bu torpaq üzərində minlərlə şəhidin haqqı və qanı var”.
Ünvanına səsləndirilən ittihamlarla bağlı Medianews.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, tarix elmləri doktoru, professor Anar İsgəndərov bildirib ki, Azərbaycanın Başkənd yaşayış məntəqəsi ilə bağlı dediyi sözlərə görə məsuliyyət daşıyır.
Millət vəkilinin sözlərinə görə, dilə gətirdiyi fikirlər ilk növbədə tarixdir, sonra isə siyasi məsələdir.
Tarixçi-alim qeyd edib ki, tarixçi olmayanlar tarixlə bağlı boş-boş fikirlər söyləyirlər: “Mən Başkəndin Qazaxa aid olduğunu bildirməmişəm. Hər bir Azərbaycan ziyalısına hörmətlə yanaşıram. Amma ondan qabaq tarixə hörmətlə yanaşıram. Qazax-Şəmşəddil və Qazax tamamilə ayrı-ayrı məfhumlardır. Qazax-Şəmşəddil bu gün o Başkəndin də daxil olduğu ərazidir. Yəni, Qazax, Ağstafa, Şəmkir ərazisidir. Bu, Qazax-Şəmşəddildir və 1783-cü ildə gürcü əraziləri ilə bərabər, Qazax-Şəmşəddil də ruslar tərəfindən işğal olunub. Kimsə tarixçi olmaya-olmaya tarixlə bağlı boş-boş fikirlər söyləyə bilər. Lakin tarixçi o zaman tarixçi adlanır ki, o hadisəni bilir, sənədə əsaslanır, hətta ehtiyac varsa mənbəni göstərir”.
Tarixçi-alim beynəlxalq məsələlər üzrə ekspertə səslənərək, ona tarixi öyrənməyi tövsiyə edib. Bildirib ki, əgər bu məsələdə ona yardımçı ola bilər: “Bir daha təkrar edirəm ki, Başkəndlə bağlı nə demişəmsə, onların hamısı tarixçi ifadəsi və cümləsidir. Kiminsə beynəlxalq münasibətlər, yaxud kənar peşələr üzrə ixtisasa sahib olması, bu kontekstdən fikir bildirməsi mənim üçün önəmli deyil. Tarix elmləri doktoru, professor kimi 40 ildir auditoriyada tələbələrə dərs deyirəm və mənim üçün önəmli olan Azərbaycanın tarixinin haradan başlayıb, haraya qədər davam etməsidir. Bunu mən çox yaxşı bilirəm. Əgər bir adam Qazax-Şəmşəddilin hara olduğunu bilmirsə, onun mənim söylədiklərimə böhtançı fikir bildirməyə haqqı yoxdur. Otursun tarix öyrənsin! Əgər ona tarix öyrədəcək kimsə yoxdursa, Anar İsgəndərov olaraq, bir müəllim kimi hər an ona tarix öyrətməyə hazıram!”
Ərtürk İSMAYIL
COMMENTS