“Özümü çox şanslı sayıram. Ayaq üstəyəm, kimsəyə möhtac deyiləm”.
Ailem.az-ın xəbərinə görə, bunu Lent.az-a müsahibəsində tanınmış aparıcı Rövşanə Bektaşi deyib.
O bildirib ki, ehtiyac üzündən bir çox şeyə dözən qadınlar var, o da onlardan biri ola bilərdi: “Necə ailə faciələri yaşanır. Əri döyən, alçalan qadınlar var. Onlardan biri də ola bilərdim. Şanslıyam ki, elə bir həyat yaşamamışam. Heç vaxt əziyyət görməmişəm bu mənada. Valideynlərim həmişə dayağım olub”.
Yaxşı ailədə böyüdüyünü bildirən aparıcı atasını itirməyindən danışıb: “Atamı itirəndən sonra mənim elə bil dağım yıxıldı. Hər mənada köməyim, dostum olub. Atamı itirəndən sonra əməlli-başlı böyüdüm. Ona qədər özümü uşaq bilirdim. Həyat dəyişdi, tam başqa rəng aldı. Biz çox bənzəyirdik. Anam həmişə deyir bunu, elə bil atanı itələyib yerində durmusan. Çılğınlıqdan tutmuş, dediyin tələskənliyə qədər bütünlüklə atama oxşayıram. Mən atalı bəxtəvər olmuşam. Bu, hər adama nəsib olmur. Özümə necə şanssız deyə bilərəm? Hər kəsə elə dayaq, dəstək, elə anlayış nəsib olmur. Onun sevgisini duymuşam. Güclü kişi təkcə ər, sevgili deyil. Güclü kişi nə deməkdi, bunu hiss etmişəm, yaşamışam. Ondan sonra bütün itkiləri, acıları artıq başqa cür duyuram. Bir az daşlaşdım, həyatı öncəki kimi ciddiyə almıram. İndi kim nə deyəcək, nə olacaq, nə itirəcəm fikirləşmirəm. Mən ən böyük insanımı itirdim. Ən böyük itkimi verdim. Atamın ölüm xəbərini anam gecə saat üçdə zəng edib deyib. Onda qırx il qocaldım. Vəssalam, həyat dondu. O vaxtdan mən hər zəngə dik atılıram”.
COMMENTS