“APOEL-in baş məşqçisi başa düşməlidir ki, sonda sevinən “Qarabağ” olacaq”

“APOEL-in baş məşqçisi başa düşməlidir ki, sonda sevinən “Qarabağ” olacaq”

“Bizim ölkə çempionumuz ayrı-ayrı orta səviyyəli Avropa ölkələrinin çempionlarını demək olar ki, dizüstə qoyur. Dünənki oyunda da nəticəyə baxmasaq, deyə bilərəm ki, “Qarabağ” APOEL-dən qat-qat üstün oyun sərgilədi. Hesab edirəm ki, hər birimiz “Qarabağ”ımızla qürur duymalıyıq. Yenə deyirəm, bəlkə də, hamımız fərqli bir nəticə gözləyirdik. Amma “Qarabağ”ın göstərdiyi oyun gələcəyə çox böyük ümidlə baxmağa imkan verir”.

Bu sözləri Qol.az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov “Qarabağ”ın Avroliqanın 3-cü turunda evdə APOEL-lə heç-heçə etdiyi oyun (2:2) barədə danışarkən deyib.

O, “Qarabağ”ın göstərdiyi oyuna görə qürur duyduğunu söyləyib: “Dünən Azərbaycan çempionu Kipr çempionunu dizüstə qoymuşdu. Sırf oyun üslubu, oyuna nəzarət, qol epizodları, istək, mübarizəyə görə “Qarabağ” üstün idi. Buraxdığı qolları bir kənara qoyaq. Rəqib hansısa standart vəziyyətdən və yaxud səhvdən istifadə edib iki qol vurdu. Ancaq “Qarabağ”ın göstərdiyi oyuna görə hər birimiz qürur duyuruq ki, bizim belə bir çempionumuz var. Qrupdan çıxmaq şanslarına gəldikdə isə Qurban Qurbanov hər zaman bir az ehtiyatlı danışır. Onu da başa düşmək olar. Bilirsiniz, artıq bir dəfə Çempionlar Liqasında APOEL-ə şans verdik. Hesab edirəm ki, 2-ci dəfə belə bir şans olmayacaq. Rəqib baş məşqçi oyundan öncə bildirirdi ki, sevinən tərəf biz olacağıq. Amma o, bir şeyi başa düşməldir ki, sonda sevinən tərəf “Qarabağ” olacaq”.

O, “Qarabağ”ın buraxdığı 2-ci qolda səhvi olan kapitan Rəşad Sadıqov barədə sosial şəbəkələrdə dolaşan fikirlərə də toxunub: “Bu söhbətləri bitirmək lazımdır. Futbol səhvlərlə dolu bir oyundur və heç kim bu səhvlərdən siğortalanmayıb. İkinci məsələ isə səhv təcrübəli, cavan seçmir. Buna görə mən hesab edirəm ki, ən vacibi bu idi ki, səhvi düzəltmək üçün çalışan “Qarabağ” komandası, onun mübarizə ruhu var idi. Elə ikinci hissədə də biz bunun şahidi olduq. Ən vacibi budur. Hər birimiz səhv etmişik. İkinci hissədə Rəşad başda olmaqla hər bir “Qarabağ” oyunçusu meydana bir məqsədlə çıxmışdı. İlk növbədə, bu səhvi unutdurmaq üçün rəqibi öz meydanında sıxaraq qol vurmaq və müsbət nəticə əldə etmək. Onlar da buna nail oldular. İkinci hissədə ümumiyyətlə, biz APOEL komandasını görmədik. Yenə deyirəm, hər birimizin dəstəyi ilə “Qarabağ” Kiprdən müsbət nəticə ilə dönəcək”.

DOSYE.ORG

COMMENTS