Top.Mail.Ru

“AQSİA-nın fəaliyyətinə ciddi töhfələr verə bilərik”

“AQSİA-nın fəaliyyətinə ciddi töhfələr verə bilərik”

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) üzvü, “Ömür” klinikasının direktoru, həkim-ginekoloq Tansu Məmmədzadə ilə müsahibə

Tansu Məmmədzadə 2019-cu ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib. Almaniyanın Köln şəhərində ginekoloq-cərrah kimi çalışıb. Bir müddət öncə isə Azərbaycana qayıdıb və hazırda ölkəmizin ilk özəl tibb ocaqlarından biri olan – “Ömür” klinikasının direktorudur. Bu klinikanın yaranması anasının adı ilə bağlıdır. Ötən ilin dekabrında koronavirus səbəbindən dünyasını dəyişən məşhur mama-ginekoloq və səhiyyə təşkilatçısı, tanınmış alim və ictimai xadim Gülnarə Sultanqızının övladıdır.

– Ənənəvi sualdan başlayaq Tansu xanım. Seçdiyiniz peşə şəxsi təşəbbüsünüz idi, yoxsa valideynlərin istəyi?

– Əslinə qalsa əvvəllər həkim olmaq arzum olmayıb. Bu sahəyə gəlişimdə anamın rolu böyükdür. Düzdür, o bizə ixtisas seçimində sərbəstlik verib və övladlarına mane olmağı heç sevməzdi. Lakin anamda olan məxsusi keyfiyyətlər, apardığım müşahidələr, onun pasiyentlərlə özünəməxsus işləmə üslubu zamanla məndə də bu sahəyə marağın yaranmasına səbəb oldu. Azərbaycan Dövlət Tibb Universitetini bitirdikdən sonra Almaniyaya yola düşdüm. Köln şəhərində yerləşən “ST Elizabet” klinikasında ginekoloq kimi fəaliyyətə başladım. Baxmayaraq ki, mən bu qədim Avropa şəhərində uzun müddət deyildi ki, yaşayır və çalışırdım, dünyanı cənginə alan koronavirus pandemiyası səbəbindən Azərbaycana qayıtmalı oldum. Qərara gəldim ki, fəaliyyətimi “Ömür” klinikasında davam etdirim. Anamın vəfatından sonra isə klinika fəaliyyətinə davam etməli idi. Və direktor kimi klinikamızı qorumaq, inkişaf etdirmək artıq mənim üzərimə düşən bir vəzifə oldu. Bilirsiniz ki, “Ömür” klinikası Azərbaycanda ilk özəl tibb mərkəzlərindəndir. İkin olaraq ixtisaslaşdırılmış mamalıq və ginekologiya mərkəzi kimi işə başlasaq da, hazırda fəaliyyət sferamız daha genişdir. Gərgin rəqabət şəraitində klinikamız öz nüfuzunu qoruyub saxlayır. Təsadüfi deyil ki, bu gün öz sağlamlığını məhz “Ömür” klinikasına etibar edən insanlar var, artıq müəyyən kontingent formalaşıb. İllərin sınağından çıxan bu münasibətlər bu gün də davam edir. Tibb sahəsində baş verən yenilikləri, XXI əsrin qızıl standartı – Avropa protokollarını tətbiq edərək, kifayət qədər uğurlu nəticələrə nail oluruq.

– “Ömür” klinikasından söz düşmüşkən, bir gənc olaraq Azərbaycanın ilk səhiyyə ocaqlarından birinə rəhbərlik etmək çətin deyil ki?

– Bilirsiniz ki, “Ömür” klinikasını mərhum anam, tibb üzrə fəlsəfə doktoru, tanınmış mama-ginekoloq Gülnarə Sultanqızı ərsəyə gətirib. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, Gülnarə xanım sözün əsl mənasında səhiyyə təşkilatçısı idi və mən həm övladı, həm bir ginekoloq olaraq ondan çox şeylər əzx etmişəm. Onun təşkilatçılıq qabiliyyəti, xəstələrlə fərqli işləmə üslubu mənə çox şey öyrədib. Baxmayaraq ki, gəncəm və gediləsi hələ uzun yol var, artıq müəyyən zəruri vərdişləri formalaşdırmışam. “Ömür” klinikası Gülnarə Sultanqızının şah əsəridir və uzun illərin təcrübəsinə əsaslanaraq söyləmək olar ki, klinikada sistemli idarəetmə mexanizmi formalaşıb. Sözsüz ki, klinikanın reputasiyasını qorumaq, inkişaf etdirmək, irəliyə aparmaq bizim üçün həm də mənəvi məsuliyyətdir və bu istiqamətdə ardıcıl səylərimizi davam etdiririk.

– Almaniyada çalışmaq qərarı hansı zərurətdən yarandı? Azərbaycanda perspektiv görmədiniz, yoxsa özünüzü daha da inkişaf etdirmək üçün bu addımı atdınız?

– Bu məqamda qeyd edim ki, Azərbaycanla Almaniya arasında tibbi əməkdaşlıq səviyyəsi çox yüksəkdir. Təsadüfi deyil ki, ölkəmizdə fəaliyyət göstərən müasir tibb müəssisələrinin bəziləri, o cümlədən “Ömür” klinikası Almaniya istehsalı olan tibbi avadanlıq və cihazlarla təhciz edilib. Eyni zamanda təcrübə mübadiləsi baxımından da hər iki ölkə arasında strateji münasibətlər mövcuddur. Hələ tələbə olduğum dövrdə Almaniyada Yay Tərübəsində iştirak etmişdim. Sözsüz, bu təcrübə proqamı mənim böyük marağıma səbəb oldu. Təcrübə dövründə Almaniyada çalışmaq qərarı verdim və bu istiqamətdə hazırlıqlara başladım. Müvafiq imtahanlardan sonra bu istəyimi gerçəyə çevirdim. Köln şəhərində yerləşən “ST Elizabet” klinikasında ginekoloji onkologiya istiqamətində fəaliyyət göstərdim.

– Ginekoloji onkologiyadan danışmışkən, son dövrlər qadınlar arasında bu səbəbdən ölüm halları sürətlə artır…

– XXI əsrin sosial-psixoloji elementləri insanlarda, xüsusən də qadınlarda dərin izlər buraxıb. Məhz bunun nəticəsidir ki, xəstəlikdən sağalan qadınlar özünə inamsızlığın müxtəlif təzahürləri ilə üzləşir və bu da öz növbəsində xəstəliklərin çoxalmasına zəmin yaradır. Almaniya təcrübəsinə istinad edərək deyə bilərəm ki, avropalı qadınlar bu məsələdə fərqlidir və özünə inam səviyyələri daha yüksəkdir. Düzdür, irsiyyət, zərərli vərdişlər, xərçəng öncəsi müəyyən hallar, məsələn poliplər, xoş xassəli şişlər və s. bu xəstəliyin yaranmasına səbəb olan ciddi faktorlardır, lakin sosial-psixoloji problemlər də xərçəngin yaranmasında ciddi rol oynayır. Həmçinin, özünə inamzıslıq xəstəlikdən sağalmaq şanslarını əhəmiyyətli dərəcədə azaldır. Bu baxımdan Avropa səhiyyəsində, o cümlədən mənim çalışdığım Almaniyada bu məqama xüsusi önəm verirlər. Digər yandan qadınların vaxtlı-vaxtında müayinədən keçməməsi, sağlamlığına laqeyd münasibəti də bu kimi halların artmasına yol açır. Nəzərə alanda ki, bəzi bədxasəəli şişlər ilkin dövrlərdə heç bir əlamətlə özünü büruzə vermir və yalnız irəli mərhələlərdə şikayətlər müşahidə olunmağa başlayır, bu səbəbdən vaxtaşırı müayinələrdən keçmək mütləqdir. O cümlədən hamiləlik dövründə də qadınlar xüsusi həkim nəzarətində olmalıdır. İlk növbədə həkimlə pasiyent arasında sağlam dialoq platforması qurulmalı, doktor öz xəstəsinə doğma adamı kimi baxmalıdır. Hesab edirəm ki, artıq cəmiyyət müsbət mənada dəyişir və bu gələcəyə nikbin baxmaq üçün ciddi əsaslar yaradır.

– Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) üzvüsünüz. Sizcə, sahibkar xanımlarla bir arada olmaq nə vəd edir?

– Qeyd edim ki, mərhum anam Gülnarə Sultanqızı həm də fəal ictimaiyyətçi olaraq Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin üzvü idi. “Ömür” klinikasında olduğu kimi, AQSİA-da da onun yolunu davam etdirmək qərarına gəldim. Və bu düşüncə məni AQSİA-ya üzvlüyünə gətirdi. Hesab edirəm ki, Azərbaycanda qadınlara sosial-psixoloji dəstək göstərmək, məşğulluğu artırmaq, birgə əməkdaşlığa nail olmaq üçün AQSİA çox uğulu platformadır. Baxmayaraq ki, bu qurumda yeniyəm, amma inanıram ki, AQSİA-nın fəaliyyətinə ciddi töhfələr verəcəyəm. Bir gənc xanım olaraq gənc xanımların da bu platformaya qoşulacağına ümid edirəm. Bu gün Azərbaycanda qadınlara dəstək dövlət siyasətinin prioritet istiqamətidir. Məhz bunun nəticəsidir ki, xanımlarımız müxtəlif dövlət qurumlarında, özəl sektorda irəli çəkilir, sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Ölkə qadınları olaraq Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyini hər zaman öz üzərimizdə hiss edirik. Bu gün Azərbaycanda iş qurmaq üçün bütün şərait mövcuddur. Yetər ki, bunu istəyək və səylərimizi ortaya qoymağı bacaraq.

– Avropaya inteqrasiya nədən keçir? Avropada yaşayan və çalışan bir xanım olaraq bu barədə nə deyə bilərsiniz?

– Hesab edirəm ki, Avropa ilə müqayisədə Azərbaycan kifayət qədər gənc dövlətdir. Düzdür, bizim zəngin tariximiz var, lakin müstəqil dövlət kimi hələ gəncik. Bu baxımdan qarşımızda hələ gediləsi uzun yol var. Bunları nəzərə alsaq müqayisə qüsurlu sayıla bilər. Azərbaycan 30 illik müstəqillik dövründə çox böyük inkişaf yolu keçib və bunu hər birimiz öz gündəlik həyatımızda hiss etmişik. Müəyyən streotiplər hələ də qalır və zamanla bu problemlər də öz həllini tapacaq. Avropa təcrübəsinə gəldikdə isə orada daha çox təhsilə və peşəkarlığa önəm verilir. Yəni, uğur qazanmaq üçün mütəmadi olaraq öz üzərində işləməli, təhsilini artırmalı, peşəkarlıq səviyyəni yüksəltməlisən. Eyni zamanda Avropada cinsiyyət ayrıseçkiliyi yoxdur və hər kəsin öz seçimində sərbəstdir. Avropadan hansısa ziyanlı dəyərləri yox, mütərəqqi dəyərləri əxz edərək inkişaf etməliyik.

COMMENTS