“Mərkəzi Seçki Komissiyası seçkinin nəticələrini sadəcə elan edib. Əlimdə dairə seçki komissiyasının və məntəqələrin mənə verdiyi protokollar var. Bu protokollara görə, Araz Əlizadə böyük səs fərqi ilə seçkiyə uduzub”. Bunu ANS PRESS-ə açıqlamasında Ümid partiyasının sədri İqbal Ağazadə deyib.
O iddia edir ki, 35 saylı Xətai üçüncü seçki dairəsində Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə tərəfindən saxtakarlıq edilib. İ.Ağazadənin sözlərinə görə, sonradan rəsmi nəticələrdən kənar, ona verilən protokollardan xaric seçkinin nəticələri dəyişdirilib və rəqəmlər Mərkəzi Seçki Komissiyasının saytına yerləşdirilib.
“Rəqəmləri dairə seçki komissiyası dəyişdirib. Mənə rəsmi nəticələri veriblər. Çünki biz saxtalaşdırmaya, “karusel”ə imkan vermədik. Hüquqi prosedurların hamısını düzgün yerinə yetirdik. Hərbi hissələrdən Araz Əlizadəyə 1200 səsin yazıldığını da nəzərə alsaq o, bizim ərazidən cəmi 900 səs toplayıb. 41 min seçicidən cəmi 900 səs. Bu da məntəqələrin verdiyi protokollarda əks olunub. Mən isə 6700 səs toplamışam”, deyə İ.Ağazadə bildirdi.
Ən böyük saxtakarlığın 18 saylı seçki məntəqəsəində olduğunu bildirən İqbal Ağazadə dedi ki, açıqlanan nətiqəcələr çox gülməlidir: “Bu məntəqədən bizə protokol verməmişdilər. Ümumilikdə, 1380 seçici var və bunlardan 1290-ı Araz Əlizadəyə səs verib. Azərbaycanın 125 seçki dairəsinin heç birində bir məntəqədə bu qədər seçicinin iştirakı və bir adama bu qədər səs verməsi görünməyib.Bu çox gülməlidir”
İ.Ağazadə seçkinin nəticələri ilə bağlı şikayət ərizəsi yazdıqlarını da vurğuladı: “Əlimizdə olan protokollarla bağlı artıq hüquqşunaslar şikayət hazırlayıb. Qoy, izah etsinlər ki, bu protokollar nədir, Araz Əlizadənin topladığı səs nədir?”.
İqbal Ağazadənin ittihamlarına Araz Əlizadə cavab verdi. ASDP sədri ANS PRESS-ə bildirdi ki, Ağazadənin narazılığı varsa, apelyasiya məhkəməsinə, sonra da beynəlxalq insan haqları məhkəməsinə müraciət etsin: “Amma kişi kişi kimi udmağı və uduzmağı bacarmalıdır. Seçkinin nəticələrinin saxtalaşdırıldığını deyə İqbal Ağazadənin dediyindən belə çıxır ki, o özü saxtakardır. Çünki həmin dairə seçki komissiyası İqbal Ağazadəni 3 dəfə qalib elan edib. Buradan hansı nəticəyə gəlmək olar. İnsan söz deyəndə gərək fikirləşsin”.
Araz Əlizadənin sözlərinə görə, seçkinin nəticələrini İ.Ağazadə sadələşədirir. ASDP sədri dedi ki, bununla bağlı onun əlində kifayət qədər sübutlar var.
“Qoy, o, mənə qanun pozuntusunu göstərsin. Mən isə İqbal Ağazadə tərəfindən seçki kampaniyası zamanı qanun pozuntularını ona göstərim. Mənim əlimdə seçki günü onun adamları avtobusla, maşınlarla insanları seçki dairəsinə necə gətirmələrinə dair video var. Onlar bur seçki dairəsində “karusel” düzəltmişdilər. Necə olur ki, “karusel”i düzəldən o, seçkini saxtalaşdıran mən? Necə olur ki, evlərə qızların üstünə qoçu göndərən o, seçkini saxtalaşdıran mən.
Boşboğazlıqla məşğul olmasın. Mənim onunla konfliktim yoxdur, onun özü ilə problemi var. Deputat olduğu dövrdə o, həmin rayon ərazisində “Asfalt-beton” zavodu açıb və qardaşı İlqar Ağazadəni ora direktor təyin edib. Həmin dövrdə yerli icra strukturlarına təzyiq olunaraq məcbur edilib ki, beton sifarişləri bunun qardaşının zavodundan edilsin. Hələ bu harasıdır. İlqar Ağazadə zavodun bəzi işçilərini 26 yaşlı qızın üstünə göndərib ki, qardaşına səs versin. Bu hadisəni polis araşdırandan sonra həmin işçilər etiraf edibdilər. Bütün bunlardan sonra bu adam nə qədər həyasızdır ki, ağzını açıb danışır. Oğru elə qışqırır ki, doğrunun bağrı çatlayır”, deyə A.Əlizadə bildirdi.
İ.Ağazadənin dediyi protokollara gəlincə, ASDP sədri vurğuladı ki, Ağazadə həmin protokollara görə, Mərkəzi Seçki Komissiyasına, apellyasiya və insan haqları məhkəmələrinə şikayət edə bilər.
35 saylı Xətai 3-cü Seçki Dairəsində gərginlik yaşanıb. İlkin nəticələrdə ASDP sədri Araz Əlizadə qalib elan olunsa da, digər namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadənin Seçki Qərargahının məlumatına görə, protokollarda rəqəmlər İ.Ağazadənin xeyrinədir.
Rəsmi olaraq isə həmin dairədə mövcud olan 33 seçki məntəqəsindən 6 protokol açıqlanmışdı. Sonra isə bu rəqəmlər Mərkəzi Seçki Komissiyasının saytının “protokollar” bölməsində sıfırlanıb. Lider namizədlər bölməsində isə ümumiyyətlə 35 saylı Xətai Üçüncü Seçki Dairəsinin adı siyahıdan çıxarılıb. Son olaraq isə MSK sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında bildirib ki, bu dairədə qalib Araz Əlizadədir: “O, 8626 səs toplayaraq 47 faiz səslə qalib olub”.
COMMENTS