Arzu Səmədbəyli DSK və MSK-dan məhkəməyə şikayət etdi

Müsavatın namizədləri seçki qanunsuzluqları ilə üzləşir

1noyabr parlament seçkisində namizədlərin qeydə alınması üçün sənədlərin qəbulu oktyabrın 2-də başa çatır. Müxalifətçi namizədlərin bir qayda olaraq qeydə alınmaması, imza toplayan şəxslərə, hətta namizədlərin özlərinə açıq və gizli təzyiqlər haqda xəbərlərin isə ardı-arası kəsilmir.

Daha çox Müsavat Partiyasından olan namizədlərin qanunsuzluqlarla qarşılaşdıqları gələn xəbərlərdən aydın olur.

Gəncədə 38 saylı seçki dairəsindən Müsavatın namizədi olan Cahangir  Əmirxanlı onun namizədliyinin müdafiəsinə toplanan imza vərəqələrini və digər sənədləri DSK-ya təqdim edib. Təbii ki, imza vərəqələrinin və müvafiq sənədlərin təqdim olunduğu haqda arayış alıb. Sonradan DSK sədri Cahangir Əmirxanlıya zəng edərək, ondan DSK-ya gəlməsini xahiş edib, arayışın qeydiyyat nömrəsində problem olduğunu və bunu düzəltmək istədiyini deyib. Cahangir Əmirxanlı bildirib ki, o, DSK-ya əvvəlki arayışı qaytardıqdan sonra onun üçün yeni arayış yazıblar, lakin yeni arayışı verməli olan şəxs DSK sədrinin imzalaması üçün otaqdan çıxsa da, geri qayıtmayıb.

Cahangir Əmirxanlıya imza vərəqələrinin təhvil verilməsi haqda yeni arayışın verilib-verilməyəcəyini sabah öyrənib oxuculara məlumat verməyə çalışacayıq.

54 saylı Şabran Siyəzən seçki dairəsində isə Müsavatın deputatlığa namizədi Nadir Qafarzadənin imza vərəqələrini təhvil almaqdan imtina edirlər. Partiyanın səlahiyyətli nümayəndəsi Mərdan Mehdili bildirib ki, bu gün (dünən-red.) gün ərzində imza vərəqələrini və digər zəruri sənədləri DSK-ya təqdim edə bilməyiblər: “DSK-da deyirlər ki sədr burda yoxdur. Onlara dedim ki, sədr olmadıqda sənədləri DSK-nın başqa üzvü qəbul etməlidir. Deyirlər ki qəbul edə bilmərik. Hətta deyirlər ki, DSK sədri sabah da olmayacaq”.

85 saylı Şamaxı seçki dairəsindən Müsavat Partiyasının deputatlığa namizədi Yasəf Ağazadə isə görünməmiş cinayətlə üzləşib. Dediyinə görə, onu təqib edən insanlar onun imza vərəqələrini və digər sənədlərini zorakılıqla əlindən alıblar: “Bakıya, Müsavatın qərargahına gəlirdim. Namizədliyimin müdafiəsi üçün toplanılan 500 imzanı və DSK-ya təqdim edəcəyim digər sənədləri qərargahda yoxlatdırdıqdan sonra qayıdıb təhvil verməyi planlaşdırmışdım. Yolda təqib olunduğumu hiss elədim. Gəlib Bakıya çatan kimi məni təqib edən şəxsin hücumuna məruz qaldım. Onlar zorla əlimdəki qovluğu aldılar. Qovluqda bir-bir topladığımız seçici imzaları, evimin kupçası və DSK-ya verəcəyim digər seçki sənədləri vardı. Hadisə təxminən 13.00 radələrində Bakı şəhərinin ”Şamaxinka” deyilən ərazisində, dayanacaqda avtobus gözləyərkən baş verdi”.

Bununla bağlı dərhal polisə şikayət etdiyini bildirən Yasəf Ağazadə ona hücum edən şəxsin üzünü yadda saxladığını və tanıya biləcəyini qeyd edib.

Müsavatın seçki qərargahından bildirilib ki, hakimiyyət bu addımlarla Müsavatın seçkidə iştirakından ciddi narahat olduğunu sübut edir.

Müsavat Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülən sabiq millət vəkili Arzu Səmədbəyli isə 8 saylı Dairə Seçki Komissiyasının 23 sentyabr tarixli 18/3 saylı və Mərkəzi Seçki Komissiyasının 28 sentyabr tarixli 24/169 saylı qərarlarından Apelyasiya Məhkəməsinə şikayət ünvanlayıb. Bu barədə Müsavat Partiyasından məlumat verilib. Qeyd edək ki, 8 saylı DSK 23 sentyabrda Arzu Səmədbəylinin namizədliyinin qeydə alınmaması barədə qərar çıxarıb. Mərkəzi Seçki Komissiyası isə Arzu Səmədbəylinin bu qərarın ləğv edilməsi üçün rəsmi müraciətinə 28 sentyabrda baxaraq qərarı qüvvədə saxlayıb.

Arzu Səmədbəyli Apelyasiya Məhkəməsinə müraciətində DSK-nın çıxardığı qərarın heç bir sübut, qanuni əsas olmadan, ekspertlərdən ibarət işçi qrupu təşkil edilmədən əsassız olaraq çıxarıldığını, bu qərarın çıxarılması ilə onun seçilmək hüquqlarının pozulduğunu, Seçki Məcəlləsinin konkret maddələrinin pozulduğunu qeyd edib.

Xəbərdə deyilir ki, A.Səmədbəyli DSK-nın və MSK-nın qərarının ləğv olunması, hüquqlarının bərpa edilməsi üçün sonadək mübarizəni davam etdirəcək.

COMMENTS