“Arzuolunmaz namizədlər” nədən xəlbirlənmədi?

“Arzuolunmaz namizədlər” nədən xəlbirlənmədi?

Sonrası necə olacaq, gerçəkdən bilmirəm, amma builki parlament seçkilərinin bura qədərki mərhələsi fərqlidir – həm də yaxşılığa doğru.

Bu mərhələdə heç vaxt olmadığı qədər namizəd qeydə alınıb – siyasi mənsubiyyətindən asılı olmayaraq.

Bura qədər nəinki total, hətta adi qayda pozuntularına yol verilməyib. Bəzi dairələrdə neqativ hallar qeydə alınsa da, aydın olur ki, bu, MSK-nın iradəsi ilə deyil, yerli DSK-ların özbaşınalığı üzündən baş verib.

İndilikdə bu xüsusda gümanlar iki istiqamətdə gedir:

Proses elə bu cür də gedəcək, çox səs alan namizəd qalib elan ediləcək – siyasi mövqeyindən asılı olmadan.

Son anda sehrli çubuq yenə öz işini görəcək – siyasi mövqeləri nəzərə alaraq.

Güman gedəsi üçüncü istiqamət yoxdur. İkisinin biri olacaq.

Bəs iqtidar komandası belə bir riskə gedərmi? Prinsipcə, getməz. Çünki zatən bu komanda ötən ilin əvvəlindən ta son aylarına qədər bir neçə dəfə ciddi risklərə gedib.

Bu riskin ən ciddisi indiyədək ölkəni idarə edən, böyük maddi, geniş siyasi resurslara malik olan “köhnə qvardiya”nın hissə-hissə saraydışı edilməsidir.

Bu, böyük riskdir və bu dəyişikliyin təhlükəsi ən azı bir il öz aktuallığını qoruyacaq. Bunun üstünə seçkilərin Avropa standartlarına uyğun (qanuni, dürüst, şəffaf) keçirilməsi risk əmsalını artıran amildir.

Bununla belə, 9 fevral parlament seçkisinin ikinci mərhələsinin indiyədək olmadığı kimi, “arzuolunmaz namizədlərin bəri başdan xəlbirlənməsi” proseduruna məruz qoyulmadan aparılması yeni situasiya yaradıb.

İndi minlərlə (belə demək olar) namizəd var və prinsipcə, bunun cəmi 125-i “arzuolunan namizədlər”dir. Qalanı “arzuolunmaz”dır. Yeni Azərbaycan Partiyası parlamentdəki yerlərin ən azı 80-nə iddialıdır.

Namizədlərin çoxluğu isə hakim partiyanın öz məqsədinə çatması işini çətinləşdirir. Hər rəqib bir komandadır, bir qrup insanın səsidir. Onların içində sonradan neqativ hallardan danışanlar da əl-əlbət olacaq.

Elədirsə, hakimiyyət nədən YAP-ın işini asanlaşdırmadı, çətinə saldı? Həm də o halda ki, partiyanın yeni namizədlərinin çoxu xalq arasında populyar, tanınmış simalar deyil.

Ancaq belə anlaşılır ki, YAP-ın builki “növbədənkənar seçkilərdəki uğuru”nun sirri məhz namizədlərin çoxluğu faktında gizlənib.

Məsələ çox sadədir. Namizədlər nə qədər çox olarsa, YAP-a bir o qədər sərfəlidir. Çox namizəd səslərin çox porsiyaya bölünməsi deməkdir. YAP isə monolitdir. Onun üzvləri çoxdur, sıraları genişdir, büdcə təşkilatlarında işləyən insanlar və onların ailə üzvləri, qohumları YAP-ın əsas elektoratıdır.

Azərbaycan seçicilərinin ümumi sayını, nəzəri olaraq, 100 nəfər götürsək, onun 25-i faktiki (bir az da formal olaraq) YAP üzvləridir. Ortada isə deputatlığa 20 namizəd var və həmin 100 nəfərin 25-i YAP-ın namizədinə, yerdə qalanları da 3-3, 5-5 o biri namizədlərə səs versə, ən azı 40-ı da həmişəki kimi seçkilərə qatılmasa, sizcə, halal qələbəni kim qazanacaq?

Namizəd çoxluğunun əsas sirri budur.

Əvəzində startda bütün iddialılar məmnun edilir, peşəkar və sosial mediada tənqid seli kükrəmir, beynəlxalq təşkilatlar tərəfindən seçkinin bütün mərhələlərinin qanunlara və standartlara uyğun keçirilməsi faktı qeydə alınır, amma yekun nəticə də dəyişmir.

Göründüyü kimi, yaxşı düşünülüb.

Ancaq bu halda “arzuolunmaz namizədlər”in sırasından da öz gücünə seçilən namizədlər ola bilər. Hətta onların sayının YAP-ın düşündüyündən çox olması da mümkündür. Bu təqdirdə hakimiyyət onların mandatını tanıyarmı?

Əslində bu da mümkündür. Çünki həlledici çoxluğun YAP-a məxsus olması, üstəlik, MM-ə seçilən bitərəf deputatların da hakimiyyətdən yana olması müxalif deputatları onsuz da azlıqda qoyacaq. Bu baxımdan parlamentin yeni tərkibinin 2015-ci ildə seçilmiş müxalifətsiz tərkibdən fərqlənməsi gözləniləndir.

Bu, sonrakı mərhələdə iqtidarın işinə yaraya bilər. Çünki parlamentə seçilmiş müxalifətçilərlə seçkini boykot etmiş müxalifətçilərin bir araya gəlməsi, eyni blokda təmsil olunması yolunda psixoloji baryer əmələ gələcək.

İkincilər birinciləri “hakimiyyətə satılıb (yaxud ”işbirliyinə gedib”) mandat alan satqınlar” adlandıracaq, birincilər də hər halda ikincilərə demək üçün sanballı epitetlər tapacaqlar.

Belə görünür ki, 2020-ci il seçkiləri bura qədər özündən əvvəlkilərdən fərqləndiyi kimi, onun nəticələri də nisbətən fərqli olacaq. Bu, bir gümandır.

DOSYE.ORG

COMMENTS