AŞ-da ilk azərbaycanlı prezident seçildi

Dekabrın 4-də Strasburqda Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) ali idarəetmə orqanı olan Bürosu, o cümlədən prezident vəzifəsinə seçkilər keçirilib.

Dosye.org  Avropa Şurasına istinadən xəbər verir ki, bu seçkilər Avropa Şurasının 47 üzv dövlətinin nümayəndəsi tərəfindən gizli səsvermə yolu ilə aparılıb. Avropa Şurasının Katibliyinin nümayəndələri tərəfindən monitorinq olunan bu seçki prosesi tam şəffaflıq və demokratik şəraitdə həyata keçirilib.

Avropa Şurasının rəsmi saytındakı məlumatlara görə, yarandığı gündən bu qurumun rəhbərləri adətən Qərbi Avropa ölkələri (Almaniya, İtaliya, İngiltərə, Avstriya) nümayəndələri olublar.

Avropa Şurasının tarixində ilk dəfə olaraq Azərbaycan təmsilçisi hakim Ramin Qurbanov Avropa Şurasının ədliyyə və insan hüquqları sahəsində ən mötəbər qurumunun yüksək vəzifəsinə seçilib.

Plenar iclasda, həmçinin, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının vitse-prezidenti və Bürosunun iki üzvü vəzifələrinə Fransadan xanım Laetitia Brunin və Maltadan Françesko Depaskuel seçiliblər.

Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) məhkəmə sistemi, ədliyyə və prokurorluq orqanları, habelə vəkillik institutu sahəsində Avropa Şurasının ixtisaslaşan qurumu kimi yaradılıb və Avropa Şurasının mötəbər qurumlarından olaraq Avropa dövlətlərinə ədalət mühakiməsinin həyata keçirilməsinin səmərəliliyinin artırılması, habelə bu sistemlərin Avropa Şurasının norma və standartları səviyyəsinə gətirilməsi sahəsində kömək edir.

Dosye.org 

COMMENTS