“ASAN xidmət”in rəhbəri sələfidir?

Hökumətin ən parlaq layihəsinə vəhhabi təhdidi var; ölkənin 3-cü böyük şəhərinin “ASAN”ının rəisinin sələfi olması haqda redaksiyaya sensasion məlumat daxil olub; Vüqar Cəfərovun yanına gələn sələfilərə xüsusi diqqət ayırdığı, müəssisədə dini təbliğat apardığı iddia olunur

 

“Sumqayıt şəhərində yerləşən ”ASAN xidmət” mərkəzinin rəhbəri Vüqar Cəfərov sələfidir və bu şəhərdəki həmfikirlərini açıq şəkildə dəstəkləyir”. Bu sensasion məlumatı “Yeni Müsavat” Sumqayıtdakı mənbələrdən alıb. Məlumatda iddia olunur ki, rəis açıq şəkildə yerli sələfiləri dəstəkləyir, hər gün “ASAN”a bu və ya digər məsələlərlə bağlı xidmətə gələn Sumqayıt və ətraf qəsəbələrdə yaşayan sələfilər birbaşa rəisin yanına keçir, onların işləri rahat şəkildə həll olunur. Hətta işçilərdən bəziləri etiraf edib ki, bu adamlara xüsusi diqqətin olmasını rəis tapşırıb.

Mənbə bildirir ki, “ASAN xidmət” rəhbəri müəssisədə dini təbliğat aparır, eyni zamanda vətəndaşlar arasında ayrı-seçkilik yaradaraq təriqətdaşlarına xüsusi şərait yaradır. Əlbəttə, hər bir vətəndaşın inancına müdaxilə etmək olmaz, ancaq dövlət qurumunda dini görüşlərinə görə ayrı-seçkilik narahatlıq doğurur və vətəndaşlar əslində bu faktdan şikayətçidirlər.
Qeyd edək ki, xidmətin saytında verilən məlumata görə, Cəfərov Vüqar Vaqif oğlu 12 aprel 1983-cü ildə Sumqayıt şəhərində anadan olub. O, Bakı Dövlət Universitetində politologiya ixtisası üzrə bakalavr, Qərb Universitetində isə magistr təhsili alıb. 2006-2010-cu illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sumqayıt şəhər, Sosial müavinətlər sektorunda baş məsləhətçi vəzifəsində çalışıb.

Son vaxtlar istər rəsmi qurumlarda, istərsə də özəl təşkilatlarda çalışan, hətta rəhbər vəzifə tutan bir neçə şəxsin sələfi təriqətinə bağlı olduğuna dair məlumatlar dolaşır. Məsələn, bu ilin iyul ayında hüquq-mühafizə orqanları tərəfindən qapadılan “Sevil” yaşayış massivinin müdiri Aynur Zeynalovun, “AAAF İnşaat” MMC-nin baş direktoru Tofiq Heydərovun sələfi olduqlarına dair mətbuatda xəbərlər yayıldı. Vergilər Nazirliyinin mühafizə idarəsinin rəhbərinin də sələfi olduğu barədə aylar öncə mediada informasiya verilmişdi. Hətta “Sevil” MMC-nin rəhbərinin vəhhabi olduğu üçün qapadıldığına dair iddialar var.

Dini təriqət üzvlərinin Prezident Administrasiyasına, Milli Məclisə qədər gedib çıxdığı da heç kimə sirr deyil. Bu ilin mart ayında PA-nın şöbə müdiri Elnur Aslanovun, ondan təxminən 1 ay sonra isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Elşad İsgəndərovun məhz nurçu təriqətinin Azərbaycandakı qoluna rəhbərlik etdikləri üçün işdən çıxarıldıqları deyilir. Bu, rəsmi şəkildə elan və etiraf olunmasa da hər halda bu iki gənc kadrın vəzifədən atılmalarında dini təriqət amilinin olduğu hər kəsə məlumdur.

COMMENTS