“Hazırda Lamiyə Quliyeva və Vüqar Əliyevin məsələsi ilə bağlı ciddi araşdırma gedir. Hüquq-mühafizə orqanlarının Aslan Aslanovun həbsilə bağlı qərar verəcəyi gözləniləndir. Amma hələ ki bu işlə bağlı rəsmilərdən həbs olunan yoxdur”. Bunu Modern.az-a açıqlamasında Şəmkir rayon İcra Hakimiyyəti sabiq başçısı Aslan Aslanovun oğlunu öldürməkdə təqsirli bilinərək ömürlük həbs cəzası alan Vüqar Əliyevin vəkili Adəm Məmmədov bildirib.
Vəkil qeyd edib ki, Aslan Aslanovun Ədliyyə Nazirliyində çalışan oğlu Turqay Aslanovun yarım milyon manat dəyərində şəxsi maşını var: “Bir neçə gün əvvəl yarım milyonluq 10 DO 007 dövlət nömrə nişanlı “Bentley” markalı avtomobilində Dövlət Yol Polisi tərəfindən saxlanılıb. Onun maşını əlindən alınaraq cərimə meydançasına aparılıb. Ümumiyyətlə, hesab edirəm ki, məmur olan bir şəxsin bu qiymətdə avtomobil sürməsi maraqlı, həm də araşdırılası məqamdır. Onu da deyim ki, bu avtomobillə işə gəlib-gedirdi. Hesab edirəm ki, məsələ ciddi araşdırılacaq və hüquq müstəvisində qiymət veriləcək”.
“2003-cü ildə Lamiyə və Vüqara hökm oxuyan hakim cəzalandırıla bilərmi” sualına cavab olaraq vəkil deyib ki, hazırda iş o mərhələdə deyil:
“Yeni situasiya ortaya çıxarsa, məsələ gündəmə gələ bilər. Bu gün hələ ki ictimai qınaq üstünlük təşkil edir. Vüqar da hər dəfəsində qətiyyətlə bildirir ki, Ruslan Aslanova bir bıçaq zərbəsi belə, vurmayıb. Vursaydı belə, ona ömürlük həbs verilməsi də qətiyyən düzgün deyil”.
Adəm Məmmədov onu da bildirib ki, Vüqar Əliyevin əfv ərizəsi Əfv komissiyasına təqdim edilib. Onun Novruz bayramında gözlənilən əfvə düşməsi ehtimalına gəlincə, vəkil Novruz bayramında deyil, bayrama qədər Vüqarın azad olunacağına inandığını vurğulayıb.
“Lamiyə Quliyevanın Vüqar Əliyevə baş çəkməsi gözlənilirmi” sualına isə vəkil belə cavab verib: “Bu hər iki tərəf üçün yaxşı hal deyil. Çünki Vüqar ömürlük həbs cəzası almasına baxmayaraq, ailə qurub. Növbəti görüş isə yersiz və ciddi narazılıqlara gətirib çıxara bilər”.
Vüqar Əliyev Şəmkirin keçmiş icra başçısının oğlu Ruslan Aslanovu öldürməkdə təqsirli bilinərək 2003-cü ildə həbs edilib. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittiham üzrə ömürlük olaraq azadlıqdan məhrum edilib. Hazırda Qobustan qapalı həbsxanasında saxlanılır. Həbsxanada oldğu müddətdə ailə həyatı qurub.
COMMENTS