“The Guardian” yazır ki, Avropa İttifaqının yüksək vəzifəli hüquqşünasının fikrincə, Avropa boyunca şirkətlərə iş yerində müsəlman qadınların baş örtüyünü qadağan etmək sərbəstliyi verilməlidir.
Hüquqşünas əlavə edib ki, bu xüsusilə də şirkətlərin ümumi siyasətində dini və siyasi rəmzlərin nümayiş etdirilməsinin yasaqlandığı hallara aiddir. Avropa Məhkəməsinin baş vəkili Juliane Kokott deyib ki, müsəlman baş örtüyü ilə yəhudi araxçını, siqh əmmaməsi və ya xaça fərqli münasibət olmamalıdır.
Vəkil deyib ki, şirkətlərə öz işçilərinin dini, siyasi və fəlsəfi məna daşıyan geyim və bəzəklərini qadağan etməsinə imkan yaradılmalıdır. “The Guardian” yazır ki, Kokott-un qeydləri indi xüsusi məna yükü daşıyır, çünki bu il sözü gedən məsələ ilə bağlı Avropa İttifaqının Ali Məhkəməsi səviyyəsində müvafiq hökm verilməlidir.
Məqalədə bu da qeyd edilir ki, baş vəkilin dedikləri icbari xarakter daşımasa da, məhkəmə hakimləri bu cür tövsiyələrə adətən əməl edirlər.
Məsələn, belə bir işə Belçika məhkəməsində baxılmışdı.
Orada bir müsəlman qadın onu baş örtüyünə görə işdən qovmuş şirkəti məhkəməyə vermişdi.
“The Guardian” yazır ki, Samira Achbita adlı bu qadın G4S Britaniya şirkətinin Belçika filialında qəbul qeydiyyatçısı işləyirdi. Qadın bu şirkətdə üç il işlədikdən sonra qərara gəlmişdi ki, dini mülahizələrlə başını bağlamaq istəyir. O iş saatlarından kənarda başını bağlayırdı.
Lakin G4S Belçika bildirmişdi ki, baş örtüyü şirkətin daxili siyasətinə ziddir.
Achibita bu göstərişə əməl etmədiyinə görə 2006-cı ildə işdən çıxarılmışdı.
Onun işdən çıxarılmasının ertəsi günü G4S şirkəti özünün daxili davranış qaydalarına “gözlə görünən dini, siyasi və fəlsəfi rəmzləri” qadağan edən maddə əlavə etmişdi.
Bundan sonra gender bərabərliyi üzrə bir QHT-nin dəstəyi ilə Achbita Belçika məhkəmələrinə baş vurmuşdu. Onun iddiası aşağı instansiya və apellyasiya məhkəmələrində rədd edildikdən sonra iş Lüksemburqdakı Avropa Ədalət Məhkəməsinə göndərilmişdi.
Presedent hökm
Bu iş barəsində öz rəyini bildirən xanım Kokott deyib ki, G4S-in siyasəti tamamilə məqsədəuyğun və balanslı sayıla bilər, beləki bu təhlükəsizlik şirkətinin dini və ideoloji neytrallığı mühüm amildir.
“Əməkdaş öz cinsini, dəri rəngini, milliliyini, seksual oriyentasiyasını, yaşını və əlilliyini qapı arxasında qoyub işə gələ bilməsə də, ondan iş yerində öz dini inanclarını nümayiş etdirməsinin mötədilləşdirilməsi haqlı olaraq tələb edilə bilər” – deyib vəkil.
“The Guardian” yazır ki, Avropa Ədalət Məhkəməsi bu iş üzrə hökmünü 6 ay ərzində elan edəcək və bu qərar presedent xarakteri daşıyacaq. Bu isə o deməkdir ki, Avropa boyunca bütün məhkəmələr bu hökmə nümunə kimi baxacaqlar.
Məqalədə deyilir ki, bu, Avropa Ədalət Məhkəməsinin baş örtüyü kimi cəncəl məsələyə baş qoşduğu ilk proses olacaq.
Lakin dini rəmzlərlə bağlı başqa iddialara Avropanın başqa məhkəmələrində bundan əvvəl də baxılıb. Məsələn, rəsmən Avropa İttifaqının orqanı sayılmayan Avropa İnsan Haqları Məhkəməsi 2013-cü ildə xaç taxdığına görə işdən çıxarılmış British Airways əməkdaşının xeyrinə hökm vermişdi.
Baş örtüyü – başağrısı
“The Guardian” yazır ki, müsəlmanların baş örtüyü uzun müddətdir ki, Fransa və Belçikada ağrılı məsələyə çevrilib.
2004-cü ildə Fransa dövlət məktəblərində təhsil alan şagirdlərin baş örtüyündən, xaçdan və əmmamələrdən istifadə etməsini qadağan edib.
Fransa Avropada üzü tamamilə örtən rübəndi qadağan etmiş ilk ölkə olub.
Prezident Nicolas Sarkozy Fransada niqab adlandırılan üz örtüyünü 2011-ci ilə yasasqlayıb. Daha sonra buna bənzər qanun Belçikada qəbul olunub.
Müsəlman baş örtüyü Fransa və Belçikada ağrılı məsələyə çevrilib.
Southampton Universitetindən əmək qanunvericiliyi üzrə mühazirəçi Sara Benedi-Lahuerta “The Guardian” qəzetinə deyib ki, Avropa Ədalət Məhkəməsi vəkilinin dini ayrıca yox, siyasi rəmzlərin arasında sadalaması əhəmiyyətli məqamdır.
Bu, gələcək proseslərdə dini rəmzlərə görə işdən çıxarılmanın diskriminasiya əsasında baş verdiyinin əsas gətirilməsinin qarşısını alacaq.
Buna baxmayaraq, Sara Benedi-Lahuerta deyib ki, bu, çox əhəmiyyətli mülahizə olsa da, məhkəmələrin bu tövsiyəyə nə dərəcədə riayət edəcəklərini gözləmək lazımdır (BBC).
Dosye.org
COMMENTS