Avropa parlamentarları Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının durumunu da müzakirə edib
Bu gün Strasburqda Avropa Şurası Parlament Assabmleyasının yay sessiyası öz işinə başlayıb. Sessiyanı AŞPA sədri Ann Brasör açıb. Deputatları salamladıqdan sonra xanım Brasör nümayəndə heyətlərinin iştirakı, sessiyanın gündəliyindəki məsələlərlə bağlı sessiya iştirakçılara bilgi verib. Daha sonra iyunun 26-dək davam edəcək sessiyanın gündəliyinə təklif edilən məsələlər səsə qoyulub və təsdiq edilib.
Bundan sonra AŞPA Bürosunun Daimi Komitəsinin işi haqqında İtaliyadan olan deputat Adel Qambaronun hesabatı dinlənib. Hesabatda mart ayında keçirilən yaz sessiyasından sonra görülən işlər haqqında geniş informasiya toplanıb. Hesabat səs çoxluğu ilə qəbul edilib.
Niderlanddan olan deputat Tini Koks deputatlara AŞPA-nın Türkiyədə keçirilən 7 iyun parlament seçkisini izləyən müşahidə missiyasının yekun qiymətləndirməsini təqdim edib. Təqdimatda seçkinin azad və ədalətli, beynəlxalq hüquq normalarına uyğun keçirildiyi və Türkiyə vətəndaşlarının iradəsini ifadə etdiyi bildirilir. Səsvermədə deputatlar hesabatın lehinə səs verib.
Daha sonra Bosniya və Hersoqovinanın xarici işlər naziri İqor Karnadak Avropa Şurası Parlament Assambleyasının Nazirlər Komitəsinin sədri kimi deputatlara təqdim edilib. Qeyd edək ki, bu səlahiyyəti rotasiya üsülu ilə Avropa Şurasına bütün üzv ölkələri 6 ay müddətinə həyata keçirir. Azərbaycan ötən ilin yay sessiyasında Nazirlər Şurasına rəhbərliyi qəbul etmişdi.
Sessiyanın ikinci hissəsində isə sessiyada qonaq qismində iştirak edən Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun çıxış edib. Pan Gi Munun çıxışı Avropa məkanında və bütünlükdə dünyada baş verən konfliktlərin nizamlanmasına həsr olunub. BMT-nin baş katibi 21-ci əsrdə münaqişələrin hərbi deyil, dinc yolla nizamlanması üçün beynəlxalq səylərin artırılmasına çağırıb.
Daha sonra sessiyaya qonaq kimi dəvət olunan Malta prezidenti Mari-Luiz Koleyro Preka Bosniya və Hersoqovinanın rəhbəri Mladen İvaniç çıxış ediblər. Hər iki lider Avropa məkanında demokratiyanın dəstəklənməsi üzrə təşəbbüslər, Orta Doğu və Afrika qitəsindəki savaşlar və siyasi proseslər səbəbindən Avropaya miqrant axınına münasibətlərini açıqlayıblar.
İş gün 1 saatlıq debatlarla davam edib. Debatlarda deputatları səslənən hesabatlara münasibət bildirib, ölkələrin öhdəliklərini yerinə yetirmələri ilə bağlı məsələlərlə toxunublar. Bundan başqa, deputatlar Rusiya Federasiyası nümayəndə heyətinin səlahiyyətlərini dayandırılması, Azərbaycandakı demokratik institutlar, Macarıstandakı daxili durum, Ukrayna münaqişəsi zamanı itkin düşən şəxslərin axtarışı, Avropa ölkələrinin ciddi probleminə çevrilən miqrasiya axınının yaratdığı problemlərin çözüm yolları haqqında fikirlər səsləndirilib.
AŞPA-nın ilk sessiyası Avropa Şurasının baş katibi Torbörn Yaqlandın deputatların suallarına cavabları ilə tamamlanıb.(musavat.com)
COMMENTS