AXCP-nin üzvü saxlanma şəraitindən narazı deyil

Vəkil Elton Quliyev Bakı İstintaq Təcridxanasında “Azadlıq” qəzetinin şöbə müdiri, “Azərbaycan saatı” proqramının aparıcısı Seymur Həzi ilə görüşüb.

 

Vəkil “Azadlıq” qəzetinə bildirib ki, Seymur Həzi kameraya köçürülüb: “Hər şey normaldır, saxlanma şəraitindən narazılıq etmədi. Əhval-ruhiyyəsi yüksəkdir”.

 

Avqustun 29-da Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Seymur Həzinin Bakı şəhər sakini Məhərrəm Həsənovla davası düşüb.

 

Abşeron Rayon Polis Şöbəsi və rayon prokurorluğunun birgə məlumatına görə, Seymur Həzi Məhərrəm Həsənovun başına şüşə butulka ilə zərbə endirib, yumruq və təpiklə sifət nahiyəsinə vuraraq ona bədən xəsarətləri yetirib.

 

Abşeron Rayon Polis Şöbəsinin istintaq bölməsində Seymur Həziyə Cinayət Məcəlləsinin 221.3-cü (Silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Avqustun 30-da Seymur Həzi barəsində həbs qətimkan tədbiri seçilib.

 

32 yaşlı Seymur Həzi BDU-nun şərqşünaslıq fakültəsini bitirib, AMEA-nın Fəlsəfə İnstitutunun aspiranturasında təhsil alıb. 2000-ci ildən AXCP-nin üzvüdür.

COMMENTS