Bu yay bir az fərqlilik eləmək istəyib, ayrıca üst-üstə Antalya eyniliyindən də bezib İspaniyaya getmə qərarı verdik.
Dostumla. Açığı, maraqlı idi. Yeni insanlar, yeni mühit… Və təbii, orada da azərbaycançılığımıza salıb şəhər – filan gəzmədən özümüzü ilk olaraq dəniz kənarına verdik. Yəni, çimərliyə. Nə isə… təsəvvür elə “lejanka”da uzanmışıq, “zaqar” alırıq və… bu dəmdə yanımızdan tanış səs gəlir. Daha doğrusu tanış şivə. Çönüb eynəyimin altından adamlara yarım – maili baxıram. Bizimkilər! Vay bə. Gəlib bura da çıxıblar. Həri, həri özüdür ki var – azərbaycanlılar! Ər – arvaddı deyəsən. Nəsə maraqlı söhbət gedir. Yenə də duble – azərbaycançılığıma salıb, qulaqlarımı şəkləyib az qala söhbətin içinə girirəm. Kişi qadına əsəbləşib: “Ay qız sənə deyirəm soyun. Heç olmasa üstdəkini soyun. Offf, necə əsəbləşdirir e məni, deyirəm soyun da. Nədən utanırsan? Kim tanıyır səni burda? Bakıda az qala öldürürdün məni, filan şey geyinim – feşman şey geyinim. Nooldu indi? Utanası oldun? Bax, orda qoymurdum, amma burda sərbəstsən. Qədrini bil bu sərbəstliyin. Çünki, mühit məsələsi var. Bura sənin üçün nə Antalyadır, nə də Bakı. “Davay”, soyun, bir az müasir ol…”
Qadın əvvəl bir az naz elədi, Tağı müəllim demişkən burcutdu, amma sonucda soyundu. Oldu toples. Üstəgəl, ikisinin də damağında siqaret, püffə – püf tüstüldədirlər… Elə bu dəmdəcə yanımda oturan dostuma ucadan səsləndim: “Hə brat, bayaq da söhbətimiz yarımçıq qaldı, deməli qızı əmioğluna vermədilər hə?!”
Azərbaycanlı cütlüyün oradan hansı sürətlə qaçdığını, sadəcə görmək lazım idi. Vallah bunu təsvir eləmək mümkün deyil. Ələlxüsus da arvadının qabağını örtə-örtə qaçan “müasir” qaqaşı…
(Dostumun 2014 yay xatirələrindən)
***
Azərbaycan kişilərinin ən azı 80 faizinin geyimlə bağlı xanımlarına verdiyi tövsiyyə və kişi(?!) sözü var: “Burda olmaz. Amma xaricə gedəndə nə istəyirsən geyinərsən.”
Əcəb söhbətdir deyilmi?
Əvvəla, ondan başlayım ki, geyimi qeyrət, namus rəzmi kimi görməyin özü absurddur. Elə hər mənada. Niyə? Çünki, qadınların 90 faizi gözəl və cazibədar əlbisəni əksər hallarda hansısa kişi üçün deyil, hansısa qadın üçün geyinirlər. Məhz qadın üçün! Qəribə, maraqlı, paradoksal haldir. Raziyam. Amma belədir. Və ya bu dediyim sırf eqo təcəssümüdür. Ya da “bax – yan – şiş – partla”- xisləti. Ən yaxşı, ən kübar halda isə kimlər üçünsə həsəd obyekti olma arzusu, niyyəti… Ay yoxsa, hər yoldan keçən mənə baxsın, vurulsun, göz qoysun….- boş söhbətdi. Camaat özünü çöldə qoymayıb.
Amma, lap tutaq düşündük qeyrət rəmzidir… (yəni, həmin dar düşüncəlilərin prizmasından yanaşaraq) O zaman ortalığa – cavabını çox böyük məmnuniyyətlə gözləyən suallar çıxır: Xaricə gedəndə qeyrət deqrodasiyayamı uğrayır? Kişilik ayaq yolunamı gedir? Namus məzuniyyətəmi çıxır?
***
Azərbaycan dünyanın yeganə ölkəsidir ki, bu məmləkətdə siqaret çəkən xanıma yan gözlə baxılır, eyni adlı faktor əxlaq kodeksi, tərbiyə parametrləri ilə xırdalanır. Niyə? Kişiyə olar, qadına olmaz? Və ya qadın siqaret çəkəndə tüstü ağciyərə “çerez” Yasamal fırlanıb girir, kişidə isə “çerez” mədə? Nə məntiqdir bu? Nədir fərq? Nədir problem? Nədir ziddiyyət? Deyin, biz də bilək…
Hə, mən də razıyam – nəinki qadın, heç kişi də siqaret çəkməsə daha gözəl olar. Çünki, bu həm də övladlar üçün örnək məsələsidir, üstəgəl ziyandır, bütün hallarda gərəksiz bir şeydir. Amma, namussuzluq da deyil axı! Xəyanət də deyil axı! Bir insanı silib atmaq, ona vedrə bağlamaq üçün əsas da deyil axı! Bəlkə yalan deyirəm?
Və ya, bizdə belədir: Çarşaba bürünüb, ya da təzə gəlinlər kimi başını aşağı salıb dalanda hər gün 5 kişi yola salmaq, istədiyin oyundan çıxmaq, bir qadının edə biləcəyi ən axırıncı şeyləri etmək mümkündur. Həm də ayıb və günah olmadan. Namussuz və tərbiyəsiz kimi qələmə verilmədən. Fəqət, tək bir şərtlə: Gizlilik prinsipi qorunsun, kimsənin gözünə görünməyəsən, özünü ələ verməyəsən. Vəssalam. Qalan şeyləri boş ver. Həm, üzərində çarşab var axı. Başın aşağıdır axı. Ətəyin uzundur axı…
Əlqərəz, səni kompensasiya edən bu qədər “haqq-hesab” var axı…
Amma vay o günə, düşüb marketdən siqaret alasan – həəə, bax bu artıq dünyanın ən böyük tərbiyəsizliyidir. O qadın filan biqeyrətin arvadıdır, filan namussuzun qızıdır. Bəs necə? Öz də geyiminə bax. Eynən şəhərlilər kimi + siqaret… Məsələ tamamdır. Buna bir göz ya da söz tilovu ataq, görək noolur…
Niyə?!
Çünki, biz buyuq. Çünki, biz beləyik. Çünki, bizi görmədiyimiz, eşitmədiyimiz biqeyrətliklər daha az maraqlandırır, nəinki gördüyümüz və eşitdiyimiz adiliklər. Çünki, biz gizləndiyimiz zaman azad, açıqda isə əsir oluruq. Çünki, biz əhəmiyyətsiz insanların qınağını, təpkisini əhəmiyyətli proseslərin mahiyyətindən, dəyərindən daha tez qavrayırıq, daha ali formada içimizə isindiririk. Çünki, biz oyunbazıq, səhnədəyik, pərdə arxasında baş verənlər isə bizi heç ilgiləndirməz. Çünki, biz doğulduğumuz gündən özümüz üçün deyil, başqaları üçün yaşayırıq! Kiminsə xoşuna gəlmək üçün yaşayırıq! Görüntü üçün yaşayırıq!
Hətta nə qərib ki, öləndə də başqaları üçün ölürük….
COMMENTS