Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağ danışıqları ilə bağlı apardığı sülh danışıqlarının intensivləşməsi problemin həllinə olan ümidləri artırır.
Avqust ayında Rusiyanın təşəbbüsü ilə Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan rəhbəri Serj Sərkisyanla Soçi görüşü, bunun ardından isə ABŞ-ın səyi ilə dövlət başçılarının Uelsdə müzakirələri davam etdirməsi Dağlıq Qarabağ probleminin sülh yolu ilə tənzimlənməsində yeni mərhələnin başlanğıcı idi.
Son üç ay ərzində ATƏT-in Minsk qrupunun 3 həmsədr ölkəsindən 2-si Azərbaycan və Ermənistan rəhbərlərini bir araya gətirdi. İndi isə növbə Minsk qrupunun digər həmsədr dövləti Fransanındır.
Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə İlham Əliyev və Serj Sərkisyanın oktyabr ayının 27-də Parisdə gözlənilən görüşü də ölkə mətbuatının əsas gündəm mövzularından biridir.
Dağlıq Qarabağ danışıqlarının intensivləşməsini Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov müsbətə doğru addım kimi dəyərləndirir. Sabiq prezident Modern.az saytına açıqlamasında bildirib ki, danışıqların aparılması sülhlə bağlı vacib amillərdən biridir.
Ayaz Mütəllibov belə düşünür ki, danışıqların sürətləndirilməsi pozitiv olsa da, onun perspektivi haqqında qəti fikir söyləmək düzgün olmaz.
Eks-prezident Qarabağla bağlı məsələdə Azərbaycanın güzəştə gedəcəyi heç bir şeyin olmadığını vurğulayıb. “Azərbaycandan hər hansı bir kompromis gözləmək əbəsdir. Güzəştə gedəsi bir ölkə varsa, o da Ermənistandır”.
Ayaz Mütəllibov Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulacağı təqdirdə, Qarabağ problemində ədalətli dönüş yaranacağı barədə bəyanatları da şərh edib.
Onun sözlərinə görə, Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzv olmasa da, Rusiya ilə münasibətlərə xüsusi önəm verməlidir. “Azərbaycanın Rusiya ilə münasibətlərini yaxşılaşdırması Qarabağ məsələsinin həllinə xeyir verə bilər. Rusiyadan çox şey asılıdır. Vaxtilə Azərbaycan siyasətindəki bəzi adamlar üzünü Qərbə tutmuşdu. Onlar elə bilirdilər ki, Qərb Qarabağ probleminə çarə tapacaq. Lakin bilmirdilər ki, bu regionda Rusiya əhəmiyyətli rola malik bir dövlətdir. Bu baxımdan, gərək Azərbaycan Rusiya ilə əməkdaşlığını yüksək səviyyəyə qaldırsın”.
COMMENTS