Ayaz Mütəllibovdan heç kimin gözləmədiyi müsahibə: “Məscidə gedən ilk dövlət rəhbəriyəm…”

“Guya məşədi olmağımı Moskvaya çatdırmışdılar”

Modern.az saytının “Siyasətçi və din” rubrikasının budəfəki müsahibi Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovdur. Onunla müsahibəni təqdim edirik:

-Ayaz müəllim, sovet dövrünün təhsil sistemindən çıxmısınız. Bilirik ki, o zaman elmi ateizm kommunizm ideologiyasının başlıca xətlərindən birini təşkil edirdi. Siz heç ateist olmuşdunuzmu? Çünki ən azından dövlət rəhbərliyində işləmisiniz.

-Heç vaxt ateist olmamışam və bu mənim dövlət vəzifəsi tutmağıma mane olmayıb.

–Ümumiyyətlə ateistlərə qarşı heç də yaxşı münasibət yoxdur. Siz də pis münasibət bəsləyənlərdənsiniz?

-Bu düzgün fikir deyil. İslam dininə heç kimi vadar etmək olmaz. Bunu, bizə Quran öyrədir. Hər insan öz seçimini edir. Bu demokratik ölkənin prinsipləridir. Azərbaycanı dünyaya məşhur edən onun dini tolerantlığıdır. O dövrdə mən bunu qoruyub saxlayırdım. Heç kimi əqidəsinə görə təqib etməyə qoymurdum.

–Ailəniz dindar olubmu?

-Dindar olmaq ancaq din xadimlərinə aiddir. Dinə inanmaq isə insanların öz seçimidir. Mənim ailəm həmişə İslam dininə inanıb və bu əqidədə olublar

-SSRİ kimi nəhəng bir imperiya dağıldı və ictimai-siyasi formasiya dəyişdi, din cəmiyyət həyatının bütün sahələrinə daxil olmağa başladı. Bununla paralel olaraq radikal təhlükələr də artdı. Bu təhlükədən necə qorunmalıyıq?

– Bu təhlükələrdən qorunmağın bir yolu var- dinimizi yaxşı bilmək. Əgər müsəlman öz dinini bilsə, heç vaxt ekstremist olmaz. Din siyasətdən kənar olmalıdır və xalqı mənəviyyata çağırmalıdır. Dini dəyərlər insanı müəyyən mənəviyyat çərçivəsində saxlayır və onu düzgün yol tutmağa çağırır..

–Ayaz müəllim, Quran, İncil, Tövrat arasında oxşarlıqlar olsa da, prinsipial fərqlər də mövcuddur. Bu fərqlər niyə intellektual müzakirələrə yox, insidentə gətirib çıxarıb?

-Çünki dindən siyasi məqsədlərlə istifadə edirlər. İslam dini bəşəriyyətin sonuncu və kamil dinidir. Ən maraqlısı odur ki, İslam dinlər arasında körpü yaradan dindir. Dini tolerantlığı təbliğ edir və insanlar arasında əmin-amanlığı təmin edir. İslam dinindən radikal məqsədlərlə istifadə edənlərin arxasında böyük dövlətlərin xüsusi xidmət orqanları durur. İndiki şəraitdə də bu, belədir. İslamı gözdən salmaq və başqa dindən olanları İslamla qorxudanlar da elə onlardır.

–Ayaz müəllim, Sizi Allaha, dinə bağlayan nədir?

-Allahın ədalətli olmasına, hər şeyi düzgün idarə etməsinə və yerinə qoymasına inam. Odur ki, hər işi başlamazdan əvvəl bütün müsəlmanların işlətdiyi bir cümləni işlədirəm: Allah qoysa!

–Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sizin hakimiyyət dövründə də fəaliyyət göstərib. Bu idarə və onun sədri Hacı Allahüşükür Paşazadənin ictimai fəaliyyətini necə qiymətləndirirsiniz?

-Hələ o dövrdə QMİ-nin fəaliyyətinə yüksək qiymət verirdim. SSRİ dövründə Azərbaycanın ilk prezidenti olaraq, mən Təzəpir məscidini ziyarət etmişdim. Bu, Azərbaycanın tarixində ilk hadisə idi ki, Azərbaycan rəhbəri açıq şəkildə ibadətə gəlirdi. Mən məscid və mədrəsələrin açılması barədə bir çox problemləri müzakirə edirdim, Azərbaycanda dini təhsilin artması üçün hər bir şərait yaradırdım. Anlayırdım ki, xalqımızın dindar hissəsini televiziyalar əhatə edə bilmir. Göstəriş verdim ki, dini təbliğ etmək üçün AzTV-də verilişlər təşkili olunsun. Həftədə iki dəfə bu verilişlər efirə gedirdi. Sovet dövründə bunu etmək Azərbaycan rəhbərliyi üçün heç də asan məsələ deyildi, çünki mən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi idim. Əlbəttə ki, Moskvanın kommunist ideologiyasına zidd hərəkət edirdim. Bir şeyi vurğulamaq istərdim. Mən xalqı bir yumruq kimi birləşdirib, ancaq Qarabağ probleminin həllinə yönəltmək istəyirdim.  Mənin rəqiblərim əksinə, xalqı regionlara bölüb parçalayırdılar ki, hakimiyyətə gəlsinlər. Heç də Qarabağın azad edilməsi onların siyasi marağında deyildi. Bu sahədə ciddi çalışmağıma baxmayaraq, səylərimi heç etmək üçün Bakıdan bədxahlarımız Moskvaya minlərlə teleqramlar vururdular və Azərbaycanda aparmaq istədiyim dini islahatlara maneə yaratmaq istəyirdilər. Qeyd edirdilər ki, Ayaz Niyazi oğlu Mütəllibov respublikanı dini ekstremizmə aparır. Hətta mənim guya məşədi olmağımı da Moskvaya çatdırmışdılar. Bu çox ağır dövr idi. Buna baxmayaraq hələ Azərbaycanın birinci katibi olarkən, respublikamızı İslam Konfransı Təşkilatına (indiki Əməkdaşlıq Təşkilatı –A.K) İslam İnkişaf Bankına qəbul etdirmişdim. Həmin dövrdə Allahşükür Paşazadənin fəaliyyəti də təqdirəlayiq idi. Onun iştirakı ilə ölkəmizdə dinin inkişafı ilə bağlı qarşımıza qoyduğumuz məqsədlərə nail olurduq. İndiki, dövrdə də QMİ-nin olması və aktiv fəaliyyəti xalqımıza çox lazımdır.

–Bu gün insanlar İŞİD kimi radikal təşkilatlara qoşulur, müsəlman və qeyri-müsəlmanlara divan tutur. Onları belə radikal ideologiyaya cəlb edən nədir? Heç şübhəsiz ki, təkcə, maddi maraq deyil.

-Əlbəttə ki, “maddi maraq deyil” demək düzgün deyil. Çünki bu terror təşkilatlarına qoşulanlar başqa ölkələrin əlində din adıyla ortaya atılmış ekstremist dəstələrdir. Onların İslamla heç bir əlaqəsi yoxdur. İslam dini sülh və əmin-amanlıq dinidir və dini tolerantlığı yüksək tutur. İslamda məcburiyyət yoxdur. İslamı qəbul edənlər Allahı tanıyıb, özləri ora gəlməlidirlər. Yeganə dindir ki, insana seçim etmək üçün şərait yaradır.

–Ayaz müəllim, dinlə bağlı bəs qəbul etmədiyiniz nələrdir? Məsələn, xurafat, cəhalət və s kimi.

-Quranı diqqətlə oxusanız görərsiniz ki, İslam dini insanlara cəhalətdən uzaq qaçmağı, elm tərəqqi yolunu tutmağı təbliğ edir. Odur ki, İslamın ilk illərindən başlayaraq bu dini qəbul etmiş ölkələrin elmi-texniki səviyyəsi Avropadan qat-qat üstün idi. O dövrdə Avropa Şərqdən öyrənirdi. Sonralar dini xurafat elmin inkişafına, bununla da Şərqin geriyə düşməsinə gətirib çıxartdı. İndi Azərbaycanda dini qəbul edənlər və buna inanların əsas inancı ölkənin elmi əsaslarla inkişafı olmalıdır. İslam ölkələri arasında mən Malayziyanı nümunə götürərəm.

P.S Ayaz Mütəllibova özünün ibadət edib-etməməsi və digər dini motivli suallar ünvanlasaq da, bunları cavablandırmaqdan imtina etdi.

COMMENTS