Ayaz Mütəllibov: “Burda siyasi amil var, kiminsə fitvasıdır”

“Hər halda öz torpaqlarını müdafiə etməyə Azərbaycanın tam haqqı var”. Bunu Modern.az saytına açıqlamasında Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov son günlər cəbhədə baş verən hadisələrə münasibət bildirərkən deyib.

 

“Neçə illərdir ki, siyasi yolla Dağlıq Qarabağ məsələsinin həll olunmasını səbirsizliklə gözləyirik. Ancaq bu siyasəti böyük dövlətlər öz maraqlarına görə aparırlar. Bu da həddi-hüdudunu keçib. Ona görə əsəblərimiz də tarıma çəkilib. Buna nə vaxta qədər dinc münasibət bəsləməliyik?! Biz heç vaxt müharibə, qırğın istəməmişik. Həmçinin, bu müharibəni də biz başlamamışıq. Bizə qarşı aparılıb. Bizim haqqımız var özümüzü və torpaqlarımızı müdafiə etməyə. Son günlər baş verənlər göstərdi ki, burda siyasi amil var. Kiminsə fitvası ucbatından bu vəziyyətdə nə qədər yaşamaq olar? Mən inanıram ki, Silahlı Qüvvələrimizdə xidmət edən zabit və əsgərlərimiz vətənpərvərlik hissinə qapılaraq, bütün çətinliklərin öhdəsindən gələ bilərlər. Bizim orduda qorxu yoxdur. Biz çox güclüyük”.

A.Mütəllibov üzünü şəhid ailələrinə tutaraq, “Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların valideynlərinə başsağlığı verirəm. Son itkilərimiz olsun. Çox ağırdır nəsə demək. Hər kəs üçün ailənin bir hər bir üzvünün itirilməsi böyük fəlakətdir. Bunu çox yaxşı başa düşürəm. Eyni zamanda, vətən vətəndir. Vətənimizi qorumalıyıq”, – deyə başsağlığı verib.

Qeyd edək ki, cəbhədə vəziyyət gərgin olaraq qalır. Dünən 8, avqustun 1-dən 2-nə keçən gecə isə daha 4 əsgərimiz şəhid olub.

COMMENTS