Hazırda Yaxın Şərqi təhdid edən IŞID təhlükəsinin Azərbaycanda da aktivləşə biləcəyi ilə bağlı dəfələrlə açıqlamalar verilib.
IŞID rəhbərliyi özü də bu istiqamətdə bəzi fikirlər səsləndirib. Iranın Azərbaycandakı səfiri Möhsün Pak-Ayın açıqlaması da bu qəbildən sayıla bilər. Iran səfiri bəyan edib ki, IŞID-in bu gün Qafqazda bir hədəfi də şiə ölkəsi olan Azərbaycandır və bunu dəfələrlə bəyan ediblər.
Ancaq bununla belə səfir onların Azərbaycanda uğur əldə edəcəklərinə inanmır: “Bunun səbəblərindən biri o qədər güclərinin olmamasıdır. Ikinci səbəb budur ki, Azərbaycan dövləti milli təhlükəsizlik məsələsi ilə çox ciddi məşğul olur, radikalizm meyllərinin ölkədə artmasının qarşısını alır”.
Səfir onu da deyib ki, “Islam dövləti” yaraqlı qrupu təbliğatda öz gücünü 5 qat şişirtməyə çalışsa da, zəifdir: “IŞID-ə çoxlu yardım göstərilməsinə baxmayaraq, Iraqda bu terror təşkilatı o qədər də güclü deyil və demək olar, zəifləyib. Suriyada da öz hədəflərinə çata bilməyib. Yəməndə bunlar ”əl-Qaidə” adı ilə fəaliyyət göstərirlər və burda da bir uğur əldə edə bilməyərək məğlubiyyətə düçar olublar”.
IŞID-in Azərbaycanı hədəf seçməsi müvafiq orqanların da diqqətindən yayınmamalıdır. Çünki Azərbaycan kimi ciddi münaqişəsi olan, sosial narazılığın pik həddə olduğu ölkələrdə stabilliyi pozmaq cəhdləri ola bilər. Qərbin Azərbaycanda maraqlarının olduğu da nəzərə alınarsa, IŞID-in ölkəmizi hədəf seçməsi təsadüfi deyil.
Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər də IŞID nümayəndələrinin Azərbaycan barədə söylədiklərinə diqqət çəkdi: “IŞID rəhbərləri dəfələrlə müxtəlif səviyyələrdə Azərbaycanla bağlı açıqlamalar veriblər. IŞID rəhbərlərinin dilindən Azərbaycan açıq formada hədələnib.
Eyni zamanda Azərbaycana xarici dövlətlərdən də IŞID təhlükəsi ilə bağlı xəbərdarlıqlar gəlib. Amma Azərbaycan tərəfi də bu istiqamətdə məlumatlıdır və ona görə müəyyən tədbirlər görür. Ona görə Irandan verilən bu açıqlama yenilik olmasa da, IŞID təhlükəsinin hansı səviyyəyə çatdığını göstərir”.
(İstiqlal.az)
COMMENTS