Azərbaycan qərarını ELAN ETDİ – Ermənistan edamına BAİS OLACAQ?

Azərbaycan qərarını ELAN ETDİ – Ermənistan edamına BAİS OLACAQ?

Ermənistanın başına sığal çəkənlər Azərbaycanın gözündən pərdə asmaq üçün növbəyə dayanıblar.

Öncə ABŞ dövlət katibi Entoni Blinken prezident İlham Əliyevə zəng edib. ABŞ kimi dövlətin dövlət katibi (Baydenin mövcud durumunda dövləti o idarə edir) Prezident İlham Əliyevə zəng edərək mövqelərini izah etməyə çalışması, Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin qlobal müstəvidə nüfuzunun və çəkisinin göstəricisidir. Bu fakt bir daha deməyə əsas verir ki, artıq dünyanın “super” gücləri belə regional məsələlərdə xüsusilə Azərbaycanla hesablaşmağın önəmini dərk edirlər.

Blinken bu telefon söhbətində dövlət başçısını inandırmağa çalışıb ki, aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla görüş Azərbaycan əleyhinə deyil. Blinken görüşün əsas mahiyyətinin Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini bildirib. ABŞ Dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə 5 apreldə Brüsseldə keçiriləcək görüşlə bağlı zəngini başqa cür “izahat”, “hesabat”, “Azərbaycanın qəti addımlarının qarşısını almaq cəhdi” kimi də şərh etmək olar.

ABŞ dövlət katibindən bir gün sonra Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen də Azərbaycan Prezidenti İlham Əliyevə zəng etdi. Beləliklə, Ermənistanın baş naziri Nikol Paşinyanla bu gün Brüsseldə görüşəcək və Ermənistana dəstək planını açıqlayacaq hər iki rəsmi şəxs – Blinken və Fon der Lyayen dövlət başçısı İlham Əliyevi məlumatlandırmağı lazım bildi.

Fon der Lyayen bu telefon danışığında əvvəlcə Avropa İttifaqı ilə Azərbaycan arasında müxtəlif sahələrdə artan əməkdaşlıqdan danışaraq sonda Brüssel görüşü barədə də fikirlərini səsləndirib. Prezident İlham Əliyev Azərbaycanın həm ABŞ, həm də Avropa İttifaqı ilə əməkdaşlığa sadiq qaldığını söyləməklə yanaşı Brüssel görüşü barədə tənqidi fikirlərini də sözlərinə əlavə edərək, bunun gərginliyə səbəb olacağını xatırladıb.

Ard-arda Bakıya olan bu telefon zəngləri bir daha təsdiq edir ki, həm Vaşinqton, həm də Brüssel Bakının narahatlığı barədə məlumatlıdırlar. Əgər Brüsseldə söhbət Ermənistana iqtisadi dəstəkdən gedəcəksə, bunun Azərbaycana dəxli olmayacaq, yox əgər Ermənistana təhlükəsizlik təminatı və hərbi yardım vədləri veriləcəksə, bu, bölgədəki vəziyyətə mənfi təsir edəcək. Seçim Vaşinqtonla Brüsselindir. Hər ikisi Fransanın səhvini təkrarlamamalıdır. Ən azından İtaliya nümunəsi var.

Lakin Azərbaycan-Ermənistan şərti sərhəddində qarşı tərəfin bu görüş öncəsi hərəkətliliyi narahatedici suallar ortalığa çıxarır:

– Ermənistan Ordusunun məhz bu görüş ərəfəsində fəallığının səbəbi nədir?

– Əgər rəsmi İrəvan Brüssel və Vaşinqtondan təhlükəsizliyi ilə bağlı hər hansı bir zəmanət almayacaqsa, o zaman Ermən9stan vəziyyəti gərginləşdirəcək bu kimi addımının arxasında hansı səbəb dayanır? Nəzərə alaq ki, Rusiya ilə Ermənistan arasındakı diplomatik gərginlik Moskvanın İrəvana hərbi dəstək verəcəyi məsələsini deaktivləşdirib.

Reallıq isə ondan ibarətdir ki, Ermənistan 30 il ərzində regionda Rusiyanın platsdarmı olubsa, indi artıq Fransa başda olmaqla, Qərbin hərbi platsdarmına çevrilmək istiqamətdə canfəşanlıq edir. Burada ən diqqətçəkən məqam isə İran sanki sərhədlərində ABŞ və Aİ-nin hərbi bazasının qurulması istiqamətində davam edən prosesləri rəsmi Tehran görməzdən gəlir.

Şübhəsiz ki, bu oyunun əsas hədəfi Rusiyanı regionda tamamilə zərəsizləşdirmək, Ermənistanı onun orbitindən xilas etmək dayanır. Amma belə görünür ki, Qərb bunu məhz regionda yeni savaç ocağı hesabına etməyi planlaşdırır. Yenə də baş rolda Ermənistan…

Ermənistan Azərbaycanla şərti sərhəddə hücum xarakterli dayaq məntəqələri qurması, hərbi texnika və canlı qüvvə sayını həmin istiqamətlərdə artırmaq üçün gördüyü fəaliyyət yaxın vədədə eskalasiya baş verəcəyini iddialarını xeyli gücləndirir. Azərbaycanla sülh sazişi imzalamaq əvəzinə Fransa başda olmaqla Qərbin şirin vədlərinə aldanaraq, yenidən sükutu pozmaq üçün əlindən gələni edən bu dəfəki proseslərin özü üçün daha qorxulu olacağını yəqin ki, təxmin etməkdə çətinlik çəkir.

Amma təəssüf ki, Cənubi Qafqaz regionunda cərəyan edən geosiyasi oyunlar sanki III Dünya müharibəsinin və dünyanın yenidən bölünməsi ssenarisinin tərkib hissəsi kimi görünür. Prezident İlham Əliyevin regionda yaratdığı yeni reallıq və status-kvo məlum Qərb dairələrini ciddi narahat edir. Sülh prosesinin uzadılması, regionda vəziyyətin gərginləşdirilməsinə hesablanmış hərbi hərəkətlilik Qərb və Ermənistanın havadarlarının bu vəziyyətlə barışmaq istəmədiklərini göstərir.

Qərb Rusiyaya Cənubi Qafqazda “kontrol atışı” edərək vəziyyəti ələ alacağı qənaətindədir. Amma həmin dairələr Azərbaycan amilini də hesaba qatmalı, regional məsələlərdə rəsmi Bakı ilə sona qədər ortaq xətt tapmağa nail olmalıdır. Əks halda Azərbaycan onun ərazi bütövlüyünüə səbəb olacaq təhdidləri anında məhv edəcək. Çünki Azərbaycan heç bir halda Ermənistanın yenidən qalxmasına və regionda yeni münaqişə ocağının yaranmasına yol verməyəcək.

Telefon danışığında Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulasa da, Prezident İlham Əliyev dəmiri isti-isti döydü. Dövlət başçısının sözlərindəki qərarlılıq və prinsipiallıq vəziyyətin ciddiliyindən xəbər verir. Rəsmi Bakı növbəti dəfə açıq şəkildə bəyan etdi ki, Ermənistanın silahlandırılması davam edərsə, təxribatlar baş verə bilər və bu zaman Azərbaycan tərəfinin cavabı sərt olacaq.

Trend İnformasiya Agentliyi

Təhməz Əsədo

COMMENTS