“Rusiyadan gələn Ebola xəbəri təşvişə səbəb olmamalıdır. Bütün poliklinika və xəstəxanlarada həkimlər məlumatlandırılıb. Yüksək hərarət və virusun əlamətləri müşahidə edilən xəstə dərhal nəzarətə götürülür”.
Bunu virtualaz.org saytına Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib.
A.Qədirlinin sözlərinə görə, Ebola ilə mübarizəyə peşəkar həkimlər cəlb edilib, xəstəxanalar hazır vəziyyətə gətirilib: “Rusiyaya gələn xəstə dərhal xəstəxanaya yerləşdirilib. Onun yoluxdurma ehtimalı yoxdur. Azərbaycanın sərhəd-keçid məntəqələrində isə nəzarət var. Ona görə də virusun Azərbaycana keçmə ehtimalı yoxdur”.
A.Qədirli dedi ki, bu virusdan şübhələnənlər üçün 30-32-13 nömrəli “qaynar xətt” də yaradılıb. Həmin xətt 24 saat ərzində vətəndaşlara xidmət edir. Hərarəti yüksək olan, Ebola virusundan şübhələnən və bundan narahatlıq keçirənlər “qaynar xətt”ə müraciət edə bilərlər: “Ötən ilin sonlarında hərarəti yüksəldiyi üçün təşvişə düşərək zəng vuranlar oldu. Lakin son günlər heç kim müraciət etməyib”.
Qeyd edək ki, öldürücü virus 2014-cü ilin fevral ayında Qərbi Afrika ölkələrində aşkarlanıb. Xəstəliyə yoluxanların demək olar ki, 90 faizi dünyasını dəyişib. Xəstəlik təkcə yoluxmuş heyvanlar vasitəsilə deyil, insandan insana da yoluxa bilir.
Xatırladaq ki, Rusiyada Ebolaya yoluxan şəxs Beynəlxalq Qırmızı Xaç Komitəsinin bir müddət Seneqal və Qvineyada işləmiş əməkdaşıdır.
COMMENTS