Natiq Cəfərli: “Azərbaycanda problem ondan ibarətdir ki, cəlb olunan kreditlərin böyük əksəriyyəti infrastruktur layihələrinə yönəldilir və bu layihələr əlavə dəyər yaratmır”
Hər bir azərbaycanlının xaricə 675 dollar borcu var. Bu barədə Maliyyə Nazirliyi tərəfindən Azərbaycanın xarici borcları haqqında yayılan məlumatda bildirilir.
Nazirlikdən verilən məlumata görə, bu ilin yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 6 milyard 478,2 milyon ABŞ dolları (5 milyard 081,5 mln. manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 8,6 faiz təşkil edir.
Borc vəsaitlərinin 7,3 faizi 10 ilə qədər, 60,2 faizi 10 ildən 20 ilə qədər, 32,5 faizi isə 20 ildən artıq olan müddətə cəlb olunub.
Azərbaycan əhalisini sayının 9 milyon 593 min nəfər olduğunu nəzərə alsaq, 6 mlrd. 478,2 mln. dollar məbləğində olan xarici borcdan adambaşına 675 dollar düşür.
Bəs görəsən, adambaşına düşən 675 dollar vəsait nəyi ifadə edir? Xarici borclar sadə vətəndaşın büdcəsinə necə təsir edə bilər? Dövlətlərin xaricdən borc alması hansı hallarda faydalı və ya ziyanlı ola bilər?
Musavat.com-un suallarını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycanın xarici borcu elə də böyük məbləğ olmasa da, gələcəkdə bu borcların ödənilməsi ilə bağlı çətinliklər yarana bilər: “Əslində xaricə olan borcların məbləğini vətəndaşların sayına bölərək, adambaşına düşən məbləğin müəyyənləşdirilməsi problemin sadə insanlar tərəfindən anlaşılması üçün atılan bir addımdır. Dünyanın bir çox ölkələrində bu üsuldan istifadə edərək, insanları bilgiləndirirlər. Təbii ki, borcu dövlət götürür və dövlət də qaytarır. Amma borcun qaytarılmasında əhalinin iştirakı da vergi yığımları yolu ilə təmin olunur. Əhali dövlətə verdiyi vergi ilə büdcəni formalaşdırır və bu halda, xarici borclar dolayısı ilə əhalinin də üzərinə düşür. Bu baxımdan, Azərbaycanın 6 milyard dollardan artıq xarici borcunun olması insanlar üçün düşünməyə əsas yaradır. Ancaq borcun miqdarı həddindən artıq çox deyil. Çünki Ümumi Daxili Məhsulun təqribən 8,5 faizi civarındadır və bu, o qədər də böyük rəqəm sayılmır. Qonşu ölkələrdə bu rəqəm dəfələrə çoxdur”.
Natiq Cəfərli xaricdən alınan kreditlərin hansı sahəyə yönəldilməsinin də önəmli olduğunu bildirdi: “Ancaq Azərbaycanda ən böyük problem ondan ibarətdir ki, xaricdən alınan bütün kreditlər dövlət zəmanəti ilədir. Hətta dövlətin nəzarətində olan kommersiya müəssisələrinin, SOCAR, “Azərenerji”, “Azərsu” və digər bu kimi şirkətlərin aldığı borclar da dövlət zəmanəti ilə verilir. Çünki sadəcə, bu şirkətlərin zəmanəti keçərli sayılmır. Beləliklə, təbii inhisarçı şirkətlərin borcları da gələcəkdə dövlətin ödəyəcəyi borclara daxildir. Bu baxımdan, SOCAR-ın borcları həddindən artıq çoxdur və SOCAR-ın xarici borcları sürətlə artır. Daha bir problemli məsələ ondan ibarətdir ki, Azərbaycanın aldığı borcların 70-80 faizinin qaytarılması qrafiki müqaviləyə əsasən 2020-ci ildən sonrakı dövrə düşür. Bu da o deməkdir ki, Azərbaycanda köklü struktur islahatları aparılmasa və ölkə iqtisadiyyatının neftdən asılılığı azalmasa, borcların ödənilməsi ilə bağlı problemlər yarana bilər. Çünki neftin qiyməti artsa belə, Azərbaycanda neft hasilatı azaldığı üçün gəlirlər də kəskin şəkildə azalacaq. Bu baxımdan, yaranmış vəziyyət hökuməti düşündürməlidir. Bütün ölkələrin xarici borcları var. Dünyada nadir ölkə tapılar ki, xarici borcu olmasın. Dövlətin borc alması normal bir haldır. Ancaq bu borcların həcmi və haraya xərclənməsi daha önəmlidir. Əgər alınan borclar ölkə ərazisində əlavə dəyərin yaranmasına, yeni iş yerlərinin, istehsal sahələrinin açılmasına səbəb olursa, bu cür borcların cəlb olunması normaldır və iqtisadi canlanma ilə nəticələnir. Azərbaycanda problem ondan ibarətdir ki, cəlb olunan kreditlərin böyük əksəriyyəti infrastruktur layihələrinə cəlb olunur və bu layihələr əlavə dəyər yaratmır”.
Azərbaycanda büdcə vəsaitlərinin qeyri-şəffaf xərclənməsini əsas gətirən ekspert xarici borcların xərclənməsində də eyni siyasətin izləndiyini bildirdi: “Məsələn, Dünya Bankı, Asiya Beynəlxalq İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə bağlanan müqavilələrin əksəriyyəti infrastruktur layihələrinə, yolların çəkilməsinə, kanalizasiya xətlərinin yenidən qurulmasına yönəldilir. Bu tipli layihələr əlavə dəyər yaratmır və bu pulların geri dönüşü çətinləşir. İkinci bir məsələ isə Azərbaycanda şəffaflığın olmamasıdır. Büdcə vəsaitləri nə dərəcədə qeyri-şəffaf xərclənirsə, kreditlərin xərclənməsi də bu cür həyata keçirilir. Azərbaycan üçün ən böyük problem bundan ibarətdir”.
Bu borcların vətəndaşlara təsirinə gəlincə, Natiq Cəfərli bildirdi ki, vətəndaşın çiyninə düşən yük ondan ibarətdir ki, gələcəkdə dövlət bu borcu qaytara bilməsə və ya çətinlik çəksə, bu borclar vergi vasitəsilə vətəndaşın cibindən çıxarılacaq: “Hazırda Yunanıstanda baş verən hadisələr də məhz bu ölkənin xarici borclarının çox olması səbəbindəndir. Yunanıstanda əhalinin sayının az olmasına baxmayaraq, ölkənin 120 milyard avroya yaxın borcu var. Yunanıstanda yaranan indiki böhran məhz həmin borcun qaytarılması ilə bağlıdır. Əhalinin vergi yükünü artırıblar, vətəndaşlar vergiləri verə bilmirlər, vəziyyətləri pisləşir. Digər tərəfdən şirkətlər müflisləşir, işsizlərin sayı artır.
Yəni istənilən halda, xarici borcların ağırlığı vətəndaşın üzərinə düşür. Düzdür, heç kim gəlib, sizdən 675 dollar istəməyəcək. Ancaq vergi və ödəmələrin artırılması yolu ilə o borcun qaytarılması gündəmə gələ bilər. Azərbaycanda indiki halda belə bir vəziyyət gözlənilmir, ölkənin yetərincə maddi resursları var. Ancaq 2020-ci ildən sonra ölkənin gəlirlərinin azalması əhalinin üzərinə düşən vergi yükünün artırılmasına səbəb ola bilər”.
Xatırladaq ki, adambaşına düşən dövlət borcunun həcminə görə aşağıdakı dövlətlər ilk beşlikdə qərarlaşıblar: Yaponiya – hər ölkə sakininə 111 min dollar dövlət borcu, Sinqapur – 56,8 min dollar, İrlandiya – 53,7 min dollar, ABŞ – 53,2 min dollar, Kanada – 44,7 min dollar…
COMMENTS