Azərbaycanda havanın temperaturu 1961-1990-cı illərə nisbətən 1992-2014-cü illərdə 0,3 – 1,4 dərəcə arasında yüksəlib.
Oxu.Az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov APA-ya bildirib ki, ən çox istiləşmə Böyük və Kiçik Qafqazın dağətəyi və orta dağlıq hissələrində qeydə alınıb, müvafiq olaraq 0,9-1,1 və 1-1,4 dərəcə təşkil edib.
Onun sözlərinə görə, ən az artım isə Naxçıvan Muxtar Respublikasında, Lənkəran – Astara bölgəsində 0,3-0,6 dərəcə qeydə alınıb.
M.Həsənov vurğulayıb ki, bu nəticələr AMEA-nın Coğrafiya İnstitutunun iqlim və aqroiqlimşünaslıq şöbəsində 2011-2016-cı illər ərzində “İqlim dəyişmələrinin Azərbaycanın təbiətinə və təsərrüfat komplekslərinə gözlənilən təsirlərin qiymətləndirilməsi” mövzunda aparılan tədqiqat işləri nəticəsində məlum olub:
“Bu tədqiqat çərçivəsində 2014-2016-cı illəri əhatə edən iqlim dəyişmələrinin bitkiçiliyə təsiri və adaptasiya tədbirlərinin işlənilməsi işi aparılıb. 2016-cı ilin sonlarında tam başa çatıb və 2017-ci ilin əvvəllərində institutun elmi şurası tərəfindən yerinə yetirilmiş iş kimi qəbul edilib. Tədqiqatlar zamanı iqlimdə baş verən dəyişikliklər, qlobal iqlim dəyişmələri, Azərbaycanda baş verən dəyişikliklərin təsərrüfata təsiri öyrənilib. Bu məqsədlə 1960-cı ilə qədər, 1990-cı illərə qədər və 1994-2014-cü illərə aid olan bütün iqlim məlumatları respublikada daha uzun fəaliyyət göstərən 32 meteoroloji stansiyanın məlumatları əsasında yenidən hesablanıb”.
Dosye.az
COMMENTS