Top.Mail.Ru

“Azərbaycanda mövsüm ləğv olunmalı, komanda sayı 10-a çatdırılmalıdır”

“Azərbaycanda mövsüm ləğv olunmalı, komanda sayı 10-a çatdırılmalıdır”

“Qərarı mən versəydim, çempionatı vaxtından əvvəl başa çatdırardım. Çünki bu, daha məntiqli və məqsədəuyğundur. Belə də idmançıların və azarkeşlərin sağlamlığı qorunacaq”.

Bu fikirləri  Bakının “İnter” (hazırkı “Keşlə”) klubunun sabiq prezidenti Georgi Nikolov koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan Azərbaycan Premyer Liqasının aqibəti barədə danışarkən deyib. Bolqarıstanlı futbol funksioneri bildirib ki, bunu etmək elə də çətin deyil: “Qarabağ”, onsuz da, çempion olacaq. Burada hər hansı sual işarəsi yoxdur. UEFA milli federasiyalara belə bir hüquq verirsə, fərqli qərar vermək ehtimalı çox azdır”.

G.Nikolovun sözlərinə görə, bu, hazırda vəziyyətdən ən məntiqli çıxış yoludur: “Futbolçular oyun və fiziki kondisiyalarını çoxdan itiriblər. Hazırlıq üçün yəqin ki, 2 həftə lazım gələcək. Çempionat bu qədər qısa vaxtda başlasa, zədə və mikrozədə epidemiyası olacaq”.

Keçmiş klub prezidenti mövsüm ləğv olunacağı halda, avrokuboklara vəsiqələrin necə bölüşdürülməli olduğunu da açıqlayıb: “Aydın məsələdir ki, Çempionlar Liqasına “Qarabağ” gedəcək. “Neftçi” və “Keşlə” Avropa Liqasında oynamaq hüququ qazanacaq. Ölkə kubokunu başa çatdırmaq mümkün olmasa, 3-cü vəsiqə turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan komandaya verilməlidir”.

Çempionatın sonuna 8 tur qalmış lider “Qarabağ” ən yaxın izləyicisi “Neftçi”dən 8, flaqman isə paytaxtın digər komandası “Keşlə”dən 7 xal irəlidədir. 4-cü pillədə 23 xala malik “Sumqayıt” qərarlaşsa da, 5-ci yerdə gedən “Zirə”nin də eyni xalı var. G.Nikolov bu məqamın elə də önəmli olmadığını vurğulayıb: “Əlbəttə, 4-cü yerdə olan komanda idman nəticələrinə görə avrokuboklara getməlidir. Top fərqi və ya qələbə sayında “Zirə”dən üstünlüyü varsa, qitə miqyasına “Sumqayıt” çıxmalıdır. Əlbəttə, bu iki komanda arasında pley-off oyununun keçirilməsi də bir variantdır. Amma bu cür bitəcəksə, ən yaxşısı, çempionat elə birdəfəlik yekunlaşmalıdır. Bilirsiniz, məsələ avrokuboklarda deyil. 2020/2021 mövsümü, ümumiyyətlə, olmaya bilər. Belə təhlükə də mövcuddur. Sadəcə, çempionatı bitirməyin qanuni formasını tapmaq lazımdır. Bəzi ölkələrdə mövsüm ləğv olunub. Onlar qərara alıblar ki, insan kapitalı stadionlarda satılan biletlərdən dəyərlidir”.

G.Nikolov “Premyer Liqanı tərk edən komanda olmalıdırmı, yoxsa daha 2 klub cəlb etməklə 10 komandalı çempionat keçirmək də mümkündür” sualına belə cavab verib: “Çox güman ki, heç kim elitanı tərk etməyəcək. 10 komanda Azərbaycan Premyer Liqası üçün ən optimal variantdır. “İnter”də işləyəndə hər zaman bunu təbliğ edirdim. “Turan Tovuz” və “Zaqatala” klubunu da yuxarı dəstəyə qatmaq olar. Ümumiyyətlə, Zaqatala mənim ən sevimli şəhərimdir. Onlar Premyer Liqaya layiqdirlər”.

Bolqarıstanlı mütəxəssis FIFA-nın təklif etdiyi “yaz-payız” sxeminin Azərbaycan çempionatına uyğun olmadığını vurğulayıb: “Ali futbol qurumu bunu federasiyalara müvəqqəti keçid kimi təklif edib. Bu isə Premyer Liqaya uyğun gəlmir, iqlim baxımından da zəruri deyil. Düşünürəm ki, hazırkı sxem ən münasib variantdır. Ondan imtina etməyə dəyməz”.

Sonda Bolqarıstan çempionatının mümkün bərpası barədə də danışan G.Nikolov hələlik qeyri-müəyyənliyin hökm sürdüyünü bildirib: “Bizdə həmişəki kimi demokratik xaosdur. Hələlik heç bir qərar qəbul olunmayıb. Çox güman ki, çempionat vaxtından tez başa çatacaq. Çünki qarşıda hələ pley-off matçları və kubokun final oyunu var. Yəqin ki, “altılıq” olmayacaq. Əslində mövsümü ləğv etmək variantı var idi. Amma klublar razılaşmadılar. III divizionda isə çempionat məcburi yekunlaşdı və II liqaya çıxan komandalar müəyyənləşdi”.

Qeyd edək ki, Georgi Nikolov 2006 – 2015-ci illərdə “İnter” klubunun prezidenti olub. Onun dövrüdə paytaxt təmsilçisi iki dəfə (2007/2008, 2009/2010) Azərbaycan çempionu, gümüş (2008/2009) və bürünc (2012/2013) mükafatçı, eyni zamanda Birlik Kubokunun (2011) qalibi olub (Report).

DOSYE.ORG

COMMENTS