Bu bank pulu 2-4 faizlə alıb, 44 faizlə kredit verir

“AccessBank” xaricdən cəlb etdiyi kreditlər üzrə ödədiyi faizləri açıqlayıb. Bu məlumat, ekspertlərin bankların kreditləri həddindən artıq yüksək faizlə vermələri barədə iddialarını gücləndirir. “Marja” Bankın investorlar üçün hazırladığı təqdimata istinadən xəbər verir ki, 2014-cü ildə “AccessBank” xaricdən 150 milyon dollar və 25 milyon Avro kredit cəlb edib.

“Raiffeisen Bank International”dan 12 ay müddətinə 60 milyon ABŞ dolları 3.25%-lə, ECP-dən 12 ay müddətinə 50 milyon dollar kredit 3,40%-lə, EFSE-dən 60 aylıq müddətə 20 milyon dollar kredit 3.95%-lə, KfW-dən 36 aylıq müddətə 20 milyon dollar kredit 3.75%-lə, Avropa İnvestisiya Bankından (EIB) 60 ay müddətinə 25 milyon avroluq kredit 1,62%-lə cəlb edilib.

Təqdimatda qeyd olunur ki, Bankın 31 Dekabr 2014-cü il tarixinə xarici maliyyə təşkilatlarından aldığı borcun həcmi 629,991 milyon dollar, müştərilərindən aldığı borc isə (depozit portfeli) 432,416 milyon dollar təşkil edib. Bankın müştərilərə verdiyi kreditlər isə 1,045 milyard dolları ötüb. Ötən il “AccessBank” 55 milyon dollar xalis mənfəət əldə edib.

Qeyd edək ki, “AccessBank”ın verdiyi kreditlər üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 43,36%-ə qədər çıxır.

COMMENTS