Onların fəaliyyətinin qarşısını almaq üçün ən optimal üsul ayrıca qanun layihəsinin qəbul olunmasıdır.
Gürcüstanda “Xarici agentlər haqqında” qanun layihəsinin müzakirələri növbəti qalmaqala səbəb olub. Qanun birinci oxunuşda qəbul edilsə də, etirazlardan sonra geri oxunub. Amma gürcü hökuməti layihənin qəbulunda israrlı görünür. Rusiya və Ukraynadan sonra Qırğızıstan da oxşar qanunu qəbul edib. Aprelin 2-də Qırğızıstan Prezidenti Sadır Japarov “Xarici agentlər haqqında” qanun imzalayıb. Qanuna görə, xarici dövlətlərin hökumətlərindən, siyasi liderlərindən, partiyalarından və fondlarından maliyyə yardımı alan və onların maraqlarına xidmət göstərən şəxslər “xarici agent” sayılır. Sözügedən qanunun Rusiyanın “Xarici agentlər haqqında” qanunu əsasında hazırlandığı bildirilir. Qırğızıstan Prezidenti Sadır Japarovun sözlərinə görə, yerli qeyri-hökumət təşkilatları (QHT) və onların xarici tərəfdaşları “xarici dövlətin agenti kimi” təqib olunmaqdan qorxub ondan bu qanunu imzalamamağı xahiş ediblər. O bildirib ki, bu, yalandır və qanunun qəbulu aşkarlığın artırılması üçün lazımdır:
“Dövlət başçısı kimi təqiblərin olmayacağına zəmanət verirəm. Biz nüvə ölkəsi deyilik. Biz hələ kosmosa uçmaq fikrində deyilik. Dövlətimizin sizdən və donorlarınızdan gizlədilməli heç bir sirri yoxdur”. Sənədə əsasən, xaricdən maliyyələşən və siyasi fəaliyyətlə məşğul olan QHT “xarici nümayəndə” elan edilərək xüsusi reyestrə salınacaq. Belə QHT-dən Qırğızıstan hökumətinə əlavə hesabatlar vermələri tələb olunacaq, onlar plandankənar yoxlamalara məruz qala biləcəklər. Bundan əlavə, “xarici nümayəndələr” öz nəşrlərini Rusiyadakına oxşar işarə ilə müşayiət etməli olacaqlar. Qanunun zərurətini əsaslandıran onun əsas dəstəkçisi deputat Nadira Narmatova bildirib ki, QHT hər il layihələri üçün qrant alırlar, lakin onları nəyə xərclədikləri barədə hesabat vermirlər. Gürcüstan parlamentinə isə “xarici agentlər” barədə “Xarici təsirin şəffaflığı” və “Xarici agentlərin qeydiyyata alınması” barədə qanun layihələri təqdim edilib. Birinci layihə Rusiyada qüvvədə olan qanun layihəsinə bənzədilir. Qanuna əsasən, qeyri-kommersiya hüquqi şəxsləri və KİV-in gəlirlərinin 20 faizindən çoxu xaricdən gələrsə, onlar “xarici təsirli agent” statusu alacaqlar. Bu şəxslərdən qeydiyyatdan keçmələri tələb olunur, əks halda isə onları cərimə gözləyəcək. Bununla yanaşı, Ədliyyə Nazirliyi həmin şəxslərlə bağlı araşdırma başlada bilər. Politoloqların fikrincə, belə bir təşəbbüsün qəbul edilməsi Gürcüstanın Avropa İttifaqına daxil edilməsi prosesini əhəmiyyətli dərəcədə çətinləşdirəcək. İkinci qanun layihəsi isə şərti olaraq “ABŞ variantı” adlandırılır. Bu layihə Amerikada 1938-ci ildə qəbul edilən “Xarici agentlərin qeydiyyata alınması barədə qanun”la oxşardır. Qanuna əsasən, “xarici agent” statusu nəinki KİV və qeyri-hökumət təşkilatları, eləcə də digər hüquqi və fiziki şəxslər üçün də nəzərdə tutulub. Bənzər qanun 2012-ci ildə Rusiyada da qəbul olunub. 2014-cü ildə Ukraynada da xarici agentlərin fəaliyyətini tənzimləyən qanunlar qəbul edilib. Son günlər Azərbaycanda da “Xarici agentlər haqqında” qanun layihəsinin qəbulunu tələb edənlər var. Qeyd edək ki, 2014-cü ildən etibarən ölkəmizdə “Qeyri-hökumət təşkilatları haqqında” və “Qrantlar haqqında” qanunlara əlavə və dəyişikliklər qüvvədədir. QHT-nin xarici maliyyə mənbələri hesabına həyata keçirdikləri işlər və göstərdikləri xidmətlər Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilən müqavilələr əsasında həyata keçirilməlidir. Müqavilələri qeydiyyatdan keçirmədən iş görən və xidmət göstərən QHT inzibati məsuliyyət daşıyır. Lakin Azərbaycanda son həbslər bu qanunun vacibliyinin yenidən gündəmə gəlməsinə səbəb olub. Bir qisim hesab edir ki, Azərbaycanda ən müxtəlif dövlətlərin “5-ci kolon”ları mövcuddur və onların fəaliyyətinin qarşısını almaq üçün ən optimal üsul ayrıca qanun layihəsinin qəbul olunmasıdır.
Müzakirə olunan məsələni “Sherg.az”a dəyərləndirən millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da düşünür ki, Azərbaycanda belə bir qanunun qəbul olunması mümkündür. Deputatın sözlərinə görə, hətta müəyyən məqamları nəzərə alsaq, belə bir qanunun qəbul edilməsi zəruridir:
“Kimlərinsə hansısa dövlətin maraqlarını ölkəmizdə təmsil etməsinə nə qədər dözməliyik? Kənar dövlətin maliyyə və başqa dəstəyindən istifadə edərək Azərbaycana qarşı fəaliyyət göstərənlər var. Bu məsələ bizi də narahat etməlidir. Bununla bağlı addımlarımızı atmalıyıq. Başa düşürük, əvvəllər hansısa xüsusi xidmət orqanları, xarici kəşfiyyatla əməkdaşlıq etmiş insanların müəyyən dərəcədə bəhanəsi var idi ki, sovet dövrü olub, onlar məcbur qalıblar, hansısa şəkildə əməkdaşlığa cəlb ounublar və s. Onların ifşa olunması məsələsi o vaxt çoxları tərəfindən aktual sayılmadı. Halbuki onların ifşa edilməsində qorxulu heç nə yox idi və həmin şəxslərin bilinməsi cəmiyyət üçün də faydalı olardı. Bu adamların fəaliyyəti bir çox hallarda Vətənə bağlı, ona sadiq insanların ləkələnməsinə, onların müəyyən dərəcədə haqqının çeynənməsinə gətirib çıxarır. Ancaq dövlət təhlükəsizliyi baxımından vacibdir ki, hansısa xarici peyklərin, dövlətimiz əleyhinə işləyən qüvvələrin ifşa olunması bizim də marağımıza uyğun olmalıdır. Hər halda belə bir qanun düşünülə bilər. Mən bunun əleyhinə deyiləm. Hesab edirəm ki, ayrıca qanunun qəbul olunması insanları bu cür fəaliyyətlərdən çəkindirə bilər”.
COMMENTS