«Azərbaycanı Liviyanın gününə salmaq istəyirsiz?!»

Avropa Şurasının qətnaməsi Bakıda və Strasburqda kəskin etirazlara səbəb oldu Səməd Seyidov: «Bu qətnamə boş bir kağız parçasına çevrilib»
İyunun 23-də Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Strasburqda keçirilən yay sessiyası zamanı Azərbaycanda demokratik institutların vəziyyətinə dair hesabat müzakirə olunub. AŞ PA məruzəçiləri Tadeuş İvinski və Pedro Arqamuntun hazırladığı hesabat səs çoxluğu ilə qəbul edilib. Müzakirələr zamanı Azərbaycanın ünvanına bəzi parlamentarilər tərəfindən haqsız tənqidlər də səsləndirilib.

Müzakirələrdə AŞ PA-nın Azərbaycan üzrə keçmiş həmməruzəçisi, səlahiyyətləri bu ilin yanvarında başa çatan maltalı Jozef Debano Qrex çıxış edib. O, Azərbaycanın insan haqlarına və demokratiyaya görə yenidən AŞ PA-da müzakirəyə çıxarılmasından narazılığını ifadə edib.

Debano Qrex deyib ki, İlham Əliyev hakimiyyətinə qarşı hücumları anlamır: “Çünki o hakimiyyətdə olmasa neft və qazla zəngin olan Azərbaycanı Liviya və ya İraqın aqibəti gözləyir”.
“Mən 9 ildir AŞ PA-nın üzvüyəm və müzakirə mövzusu həmişə Azərbaycan olur. Nə baş verirsə versin, ancaq Azərbaycan mövzusudur. Sovet İttifaqının tərkibində olan ölkələrin əksəriyyətinin adı burada çəkilmir, ancaq Azərbaycanın adını çəkirlər. Mən demirəm ki, Azərbaycan ideal ölkədir, əksəriyyətimizə də məlum olduğu kimi, bu ölkə mükəmməl deyil. Ancaq heç bir ölkə mükəmməl deyil, hətta burada, Qərbi Avropanın özündə belə”- deyə Debano Qrex qəzəbli çıxışında bildirib.
Keçmiş məruzəçi Ukraynanı, Liviyanı, İraqı misal göstərib: “Bizim Ukrayna ilə bağlı problemlərimiz var, orada xaos hökm sürür. Mən özüm Aralıq dənizi ölkəsindənəm və diktatorların tərəfində deyiləm. Hamı istəyirdi ki, Qəddafidən, Səddam Hüseyndən azad olsun. İndi Qəddafidən yaxa qurtardıq, Səddamdan yaxa qurtardıq. Əvəzində nə əldə etdik? Yalnız xaos!”

Nitqinə davam edən maltalı deputat daha sonra deyib: “Nədir, biz Azərbaycanda xaos istəyirik? İlk dəfə mən Azərbaycan üzrə məruzəçi təyin olunanda həmkarım cənab Aqramuntla ora getdim və müxalifətlə, QHT təmsilçiləri ilə görüşdüm. Onların istədiyi yeganə şey bu idi ki, biz hökuməti devirək. Mən dedim ki, biz bunu edə bilmərik; Avropa Şurası hökumətlərin devrilməsində iştirak etmir, bu, bizim işimiz deyil. Bizim işimiz bu ölkələrə daha demokratik olmaqda kömək etməkdir”.
Debano Qrex deyib ki, AŞ PA deputatları 20 il əvvəl müstəqil olan keçmiş sovet respublikasının demokratikləşmə məsələsində Qərblə bərabər olmasını gözləməli deyil.

“Avropa Şurası Parlament Assambleyasındakı müzakirələr göstərdi ki, bu təşkilatın daxilində kifayət qədər problemlər var. Bu problemlər Avropa Şurasının faktiki böhranı, onun təşkilat kimi mövcudluğunun böyük sual altına düşməsi deməkdir”. Bu sözləri isə APA-ya açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə və təşkilatın rəhbəri Ann Brassörün tənqidlərinə münasibət bildirərkən deyib. S.Seyidov bildirib ki, AŞPA həmişə Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını rəhbər tutaraq fəaliyyət göstərib, iyunun 23-də isə bu məhkəmənin qəbul etdiyi “Çıraqovların işi” ilə bağlı qərarı inkar edib: “Faktiki olaraq biz, Azərbaycan nümayəndə heyəti, dünən Avropa dəyərləri uğrunda, insan haqları uğrunda mübarizə aparırdıq, AŞPA və onlara havadarlıq edənlər, xüsusilə erməni lobbisi və assambleyanın rəhbəri isə Avropanın və Avropa İnsan Haqları Məhkəməsinin qərarları əleyhinə fəaliyyət göstərdi. Bu, paradoksdur və gülməlidir”.

Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, bütün bunlara baxmayaraq, aparılan müzakirələr və qəbul edilən sənəd Azərbaycana o qədər böyük mənfi təsir göstərməyəcək: “Dünən qəbul olunan sənəd boş və lazımsız kağız parçasına çevrildi. Bunu da edən AŞPA özü oldu. Həmin sənədlə bunlar Avropa İnsan Haqları Məhkəməsinin fəaliyyətini sual altında qoydular. Sabah artıq ölkələr də Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını icra etməkdən imtina edəcəklər. Məhkəmənin qərarları Avropa Şurasının özündə qəbul olunmursa, o zaman ölkələr bu qərarları niyə icra etməlidir? Görün erməni lobbisi, Azərbaycanı istəməyən qüvvələr hansı addımlara hazırdırlar. Onlar özləri özlərini ifşa etməyə, məhv etməyə hazırdır, təki Azərbaycanda gedən proseslər mənfi qiymətləndirilsin”. S.Seyidovun sözlərinə görə, sessiyada hazırda Ermənistanda faktiki olaraq vətəndaş müharibəsinin başlamasına toxunulmayıb: “Oradakı əhalinin polisin təzyiqləri altında məhv edilməsindən danışmadılar. Bir günün içində mitinqə çıxdığı üçün 300-ə qədər adamı həbs ediblər. Amma AŞPA-da bununla bağlı bir nəfər də məsələ qaldırmadı, Azərbaycanda nümayəndə heyətindən başqa. Bu da yuxarıda deyilənlərin daha bir sübutudur”.

S.Seyidovun fikrincə, qəbul olunan qətnamənin yeganə müsbət nəticəsi odur ki, onların iç üzü və ikili standartları artıq açıq şəkildə görünməyə başlayıb: “Mən də çıxışımda son olaraq dedim ki, artıq yetər! Bəsdir! Bu, kökündən qeyri-obyektivlikdir. Necə ola bilər ki, bəzi insanların hüquqlarını müdafiə edən şəxslər bizim Dağlıq Qarabağda saxlanılan girovlarımız barədə bir kəlmə də demirlər? Necə olur ki, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızda öldürülən, təcavüzə məruz qalan azərbaycanlılar barədə danışmırlar? Deməli, insan haqları və dəyərlər artıq bir alətə, Azərbaycana qarşı təzyiq vasitəsinə çevrilib. Qəbul etdikləri sənəd heç bir dəyərlərə sığmır. Bəlkə də gələcəkdə ağıllanacaqlar, amma hazırda atdıqları addım tamamilə bu dəyərlərə ziddir”.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafanın fikrincə, Avropa Şurası mühitini tanıyanlar bilir ki, bu ərəfədə belə bir hesabatın qəbulu səbəbsiz deyil: “Erməni deputatların, onlarla həmfikir olan fransalı və digər deputatların canfəşanlığı onu göstərir ki, məqsəd insan haqları məsələsi deyil. Azərbaycanda bu sahədə, təbii ki, müəyyən problemlər var. Qanunsuz məhkəmə hökmləri ilə bağlı cəmiyyətin öz içində də bəlli narazılıqlar var. Amma məsələyə məhz siyasiləşmiş formada münasibət bildirilməsi gözlənilən bir şey idi. Bu, Azərbaycanda insan haqlarının vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən addım da deyil”.
Deputat insan haqlarından danışarkən, sessiyada məhz Leyla və Arif Yunusun adının hallandırılmasını təsadüfi saymır:

“Niyə Avropa Şurasında daha çox qanunsuz həbs olunmuş Tofiq Yaqublunun yox, Leyla Yunusun adı gündəmə gətirilir? Deməli, hər bir qüvvə özünə bağlı insanları diqqət hədəfinə gətirməyə çalışır. Ona görə, bu məsələlər Azərbaycanda problemin həllinə yönəlik addımdan daha çox siyasi xarakterli təzyiq mahiyyəti daşıyır”.

“Ümid” Partiyasının sədri, parlamentin İnsan hüquqları komitəsinin üzvü İqbal Ağazadə hesabatı qərəzli saysa da, insan haqları ilə bağlı deyilənlərlə razılaşır: “İnsan haqları, məhkəmələr, icra strukturlarına nəzarətlə bağlı bütün bəndləri bölüşürəm. Amma Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı düzəlişi və Dağlıq Qarabağı, az qala, ayrıca subyekt kimi təqdim etmələrini qəti şəkildə qəbul etmirəm. Bunu qərəzli və obyektivlikdən olduqca uzaq sayıram”. İnsan haqları, məhkəmə sistemi, vətəndaş cəmiyyəti, ümumən demokratiya ilə bağlı deyilənləri obyektiv sayan İqbal Ağazadə onu da əlavə edir ki, bütün bunların ölkədə nəyisə dəyişəcəyinə inanmır. Deputat AŞPA-nın bir qurum kimi təsir mexanizmini çox zəif hesab edir.

İnsan hüquqları məsələləri üzrə birgə işçi qrupun üzvü Arzu Abdullayeva isə AŞPA-da müzakirələrin Azərbaycanda insan haqları ilə bağlı durumun yaxşılığa doğru dəyişməsinə, o cümlədən siyasi məhbusların azadlığa çıxmasına töhfə verəcəyinə inanır.
Hesabatı obyektiv sayan hüquq müdafiəçisi onun qəbulunun gözlənilən olduğunu da qeyd edir.

COMMENTS