Azərbaycanın mina problemi Meksika mətbuatında

Azərbaycanın mina problemi Meksika mətbuatında

Meksikanın geniş oxucu kütləsinə malik “El Universal” qəzetində ölkənin aparıcı ali təhsil müəssisələrindən olan UNAM-ın (Universidad Nacional Autónoma de México) professoru Talya İşcanın müəllifliyi ilə ölkəmizdə mövcud mina problemindən bəhs edən “Minalar, hələ də can alan bəla” (Minas terrestres: un flagelo que aún cobra vidas) başlıqlı geniş məqalə dərc olunub.

DOSYE.ORG xəbər verir ki, bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.

Azərbaycan və onun reallıqları barədə bir çox məqalələrin müəllifi olan T.İşcan bu gün münaqişələrin təlatümə saldığı dünyanın qaçqın böhranı, miqrasiya kimi müxtəlif təhlükəsizlik və humanitar məsələlərlə yanaşı, mina məsələsi ilə də üzləşdiyini, bu xüsusda beynəlxalq statistikaya nəzər saldıqda, xüsusilə Qafqazda minalarla çirklənmə səviyyəsinin narahatedici olduğuna diqqət çəkib.

Məqaləsində ölkəmizin ərazilərinin erməni işğalından azad edilməsindən sonra bu problemin daha da aktuallaşdığını bildirən müəllif bu gün Azərbaycanın sözügedən ərazilərinin Ermənistan tərəfindən istər müharibədən öncə, istərsə də sonra basdırılmış çoxsaylı mina nəticəsində dünyanın ən çirklənmiş əraziləri sırasında yer aldığını, ümumilikdə 1,5 milyondan çox mina və partlayıcı qurğunun olduğunu diqqətə çatdırıb.

Ermənistanın Azərbaycana təqdim etdiyi mina xəritələrinin yalnız 25%-nin dəqiq olduğunu, BMT-nin hesablamalarına görə, ərazinin minalardan təmizlənməsi prosesinə Azərbaycana 30 il və 25 milyard ABŞ dolları lazım olduğunu bildirib. Bu xüsusda, bu gün 30 il öncə ermənilər tərəfindən qovulan qaçqınların həmin torpaqlara qayıtması nöqteyi-nəzərindən minaların təmizlənməsi məsələsinin daha da aktuallaşdığını qeyd edib.

Məqalədə, həmçinin, minatəmizləmə prosesinin Azərbaycan tərəfindən həyata keçirildiyi diqqətə çatdırılıb. Azərbaycan Prezidentinə istinadən bu sahə üzrə müstəqil şirkət və agentliklərin qiymətlərinin çox yüksək olması ilə yanaşı, Qarabağ bölgəsinin dağlıq relyefinin də prosesi çətinləşdirdiyi bildirilib.

Habelə, Vətən müharibəsindən bu günə kimi 400-ə yaxın azərbaycanlının mina qurbanına çevrildiyi oxucuların diqqətinə çatdırılıb.

Məqalədə müəllif Azərbaycanın Qarabağ bölgəsində məsələnin çoxölçülü olmasına, təhlükəsizliyə və insan həyatına təhlükə olmasına baxmayaraq, problemə beynəlxalq ictimaiyyət tərəfindən istər texnoloji, istərsə də maliyyə aspektindən kifayət qədər sərmayə qoyulmadığının narahatverici fakt olduğuna diqqət çəkib. Bu xüsusda, bu gün dünyanın bir çox ölkələrinin minalardan əziyyət çəkdiyini, BMT tərəfindən maarifləndirmə, minalardan təmizləmə və qurbanlara yardım kimi dəstək gördüyünü xatırladan müəllif Azərbaycanın bu problemlə mübarizədə kifayət qədər hərtərəfli yardım almamasnın təəccüblü olduğunu diqqətə çatdırıb.

Sonda müəllif mina təhlükəsinə məruz qalan ölkələrə münasibətdə siyasi dəstək, təcrübə mübadiləsi, iqtisadi və maliyyə dəstəyi kimi təsirli və nəticəyönümlü tədbirlərin görülməsinin əhəmiyyətindən söz açaraq bu kimi tədbirlərin 30 illik münaqişədən sonra indi davamlı sülhə, eləcə də həmin regionun yenidən qurulmasına, canlanmasına və normal vəziyyətə qayıtmasına ümid verən Qarabağ kimi bölgələrdə xüsusilə vacib olduğunu vurğulayıb.

COMMENTS