Top.Mail.Ru

Azərbaycanlı həkimdən ilginc təklif: “Koronavirusa inanmayanları xəstəxanalarda işlədin”

Azərbaycanlı həkimdən ilginc təklif: “Koronavirusa inanmayanları xəstəxanalarda işlədin”

“Əhalinin koronavirusa inanmayan, karantin qaydalarını dəfələrlə pozan hissəsini bu virusa inandırmaq üçün  onları 30-100 saat xüsusi rejimli koronavirus xəstəxanalarında sanitar, texniki işçi kimi çalışdırmaq lazımdır”.

Musavat.com bildirir ki, bu sözləri Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti, koronaviruslu xəstələrin müalicəsində iştirak edən həkim Ədalət Rüstəm sosial şəbəkədə qeyd edib. Həkim qeyd edib ki, bu günə qədər həm dünyada, həm də ölkədə kifayət qədər insanın koronavirusa yoluxması və virusdan ölməsi faktları olsa da, hələ də bu məsələyə inanmayanlar var:

“İnsanlarımızın bir hissəsini bu təhlükəli infeksiyanın və onun törətdiyi ağır xəstəliyin mövcudluğuna inandıra bilmədik. Biz həkimlər də, ziyalılar da, alimlər də, hökumət də bu işi bacarmadıq”.

Ədalət Rüstəm qeyd edib ki, virusa inanmayanlar daxili yoluxma hadisələrinin əksəriyyətinin birbaşa baiskari və səbəbkarlarıdırlar:

“Onların müəyyən hissəsi yoluxdu və ətrafdakıları da yoluxdurdular, hazırda da yoluxdurmaqda davam edirlər. Bu günə qədər hər 5 ölümdən 4-ü bu insanların cahilliyinin, nadanlığının qurbanları olublar. Onların ölümü bu tiplərin vicdanına yazılıb.

İnanmayanların bir qismi savadsızlıq, cahillik və nadanlıq ucbatından inanmırlar. Digərlərini isə karantin rejiminin dərhal aradan qaldırılmasını istəyən və əks qüvvələr təşkil edir. Bu qüvvələrə çox milyonluq qazanclarını itirən oliqarxlar, restoran-şadlıq evləri sahibləri, toy müğənniləri və digərləri aiddirlər. Sonuncular insanların cahil hissəsi üzərində məharətlə manipulyasiya edir, olmazın şayiələr, böhtanlar yayırlar. Bu tip insanlar və onların başında duran əks-qüvvələr, onların təmsilçiləri, karantin rejimini qəsdən, bilərəkdən pozanlar, polisə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına tabe olmayanlar, onlara müqavimət göstərənlər sərt cəzalandırılmasalar yaxşı bir şey gözləməyə dəyməz”.

DOSYE.ORG

COMMENTS