Azərbaycanlılar Rusiyadan geri dönür

Qərbin ağır sanksiyaları ilə üzləşən Rusiya hökuməti 2014-cü il ərzində rublun məzənnəsini qorumaq üçün 70 milyard dollar xərclədikdən sonra Mərkəzi Bank milli valyutanın kursunu sərbəst buraxmağa məcbur oldu.

 

Hazırda valyuta birjalarında 1 dollar 47 rubla dəyişdirilir. Proqnozlara görə sanksiyaların davam edəcəyi şəraitdə rus pulu dəyərini böyük ölçüdə itirəcək. Bu mənfi tendensiya Şimal ölkədə işləyən yüz minlərlə azərbaycanlıların, onların Azərbaycanda təmin etdikləri ailələrinin sosial vəziyyətini pisləşdirir.

Qeyri-rəsmi məlumatlara görə, Rusiyanın müxtəlif şəhərlərində 2 milyona yaxın soydaşımız yaşayır və işləyir. Onların böyük əksəriyyəti əmək miqrantlarıdır, qazandıqları vəsaitin əhəmiyyətli hissəsini Azərbaycana göndərirlər. Bəzi mənbələr il ərzində azərbaycanlıların göndərdiyi vəsaitin 5 milyard dollar civarında olduğunu bildirirlər ki, bu da ölkəmizdə ümumi pul dövriyyəsində kifayət qədər yer tutur.

Rusiyada çalışan həmyerlimiz İsmayıl Əsgərov Bizimyol.info-ya üzləşdikləri durumu təfsilatı ilə izah edib. O bildirib ki, bu ölkəyə tətbiq olunan sanksiyalar ticarəti iflic duruma salıb. Həmsöhbətimizin verdiyi məlumata görə, Rusiya hökuməti Qərb ölkələrindən mal idxalına qadağa qoymaqla sanksiyaların təsirini daha da artırmış olub. “Bu qadağa ilk növbədə ölkədə ərzaq mallarının, meyvə tərəvəzin qiymətini bahalaşdırıb. Çünki, iş adamları Almaniyadan, İspaniyadan, Fransadan və s. sankiyalardan iştirak edən ölkələrdən malları alıb Serbiyaya və Xorvatiyaya gətirirlər. Burada yenidən qablaşdırılır və həmin ölkələrin adı ilə Rusiyaya idxal olunur. Eyni ticarət Belarus üzərindən də həyata keçrilir və proses nəqliyyat və s. xərcləri kifayət qədər artırır. Ona görə Rusiyaya gəlib çatan məhsulların qiyməti kifayət qədər yüksək olur”.

İsmayıl Əsgərov deyir ki, rublun dəyərdən düşməsi ticarətdə nağd hesablaşmaya gətirib çıxarıb: “Əvvəllər topdansatış mərkəzləri, emal müəssisələri pərakəndə satış mərkəzlərinə nisyə mal paylayırdı. Onlar da satıb borclarını qaytarır, özləri də qazanırdı, bütün bazarlarda ticarət bu prinsiplə qurulmuşdu. Amma indi heç kim nisəyə mal vermir, çünki pulun dəyəri hər gün ölür. Xüsusən dollarla ticarətdən hamı imtina edib. Beş dollara aldığın malın dəyərini ödəmək üçün gün keçdikcə daha artıq məhsulu rubla satmalısan. Beləliklə, bütün ticarət çöküb, dövriyyədə pul yoxdur, hamı başını birtəhər dollandırıb vəziyyətin düzələcəyini gözləyir. Amma ümidlər hər gün azalır”.

Həmsöhbətimiz bildirib ki, sanksiya qoyulmayan ticarət sahələrində vəziyyət daha pisdir. “Rusiya Avropa ölkələrindən məişət avadanlıqları, geyim məhsulları idxal edir. Təsəvvür edin, topdansatış mərkəzləri firmalara ödəniş etmək üçün gətirdikləri malları yarı ziyanına belə təklif edirlər. Amma satış yoxdur, əhali ərzaqdan başqa heç nəyə pul xərcləmək istəmir. Hər gün iri dükanların, topdansatış mərkəzlərinin bağlandığını görürük. İşsizlik və əhalinin hakimiyyətə qarşı narazılığı sürətlə artır”.

İ.Əsgərov azərbaycanlıların yanvar ayından başlayaraq ölkəyə qayıdacaqlarına əmin olduğunu deyir: “Qazanc yoxdursa, kimin nə işi var burada, hamı yükünü yığıb geri dönəcək. İndi hələ də ümid edənlər var ki, vəziyyət düzələcək, ona görə canlarını dişinə tutub dözürlər. Hələ ki Azərbaycandan mal gətirənlər az da olsa qazana bilirlər. Rubl öldükcə onların qazancı da yoxa çıxacaq. Bundan sonraısı Allahın ümidinə qalıb…”.

Qaynar.info

COMMENTS