Qərb dövlətləri tərəfindən sanksiyalar tətbiq edilməsinə baxmayaraq, son bir ildə Rusiyada iqtisadi vəziyyət xeyli sabitləşib. Bu barədə Modern.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, sabitlik həm rublun məzənnəsinin stabilləşməsində, həm də iqtisadi artımda özünü biruzə verir:
“İqtisadi artım təqribən 1,8 faiz civarında oldu. İqtisadi canlanma baş verdi. Buna görə də 2015-2016-cı illərdə Rusiyadan təkcə azərbaycanlıların deyil, bir çox keçmiş postsovet ölkələrinin vətəndaşlarının öz ölkələrinə geridönmə prosesi başladı. Həm də Rusiyaya göndərilən vəsait xeyli azaldı. Rusiya Mərkəzi Bankının verdiyi məlumata görə, 2013-2014-cü ildə Azərbaycana 3-3,5 milyard dollar vəsait göndərilirdisə, 2016-cı ildə bu rəqəm 700 min dollara qədər düşmüşdü. Təqribən 4-5 dəfə azalma baş vermişdi”.
N.Cəfərli deyib ki, 2017-ci ildən etibarən azərbaycanlıların Rusiyaya axını yenidən başlayıb:
“Vətəndaşlar pul qazanmaq, bizneslə məşğul olmaq üçün oraya geri dönürlər. Demək olar ki, iki-üç il əvvəl ölkəyə qayıdanların bir qismi Rusiyaya dönüb və öz işlərilə məşğul olmağa davam edirlər. 2017-ci il üçün Rusiyadan Azərbaycana nə qədər vəsait göndərildiyi açıqlanmayıb. Amma rəqəmlərdə 2016-cı ilə nisbətən artım olacağı dəqiqdir. Bu ay Rusiya Mərkəzi Bankının rəsmi məlumatı açıqlayacağı gözlənilir”.
Ekspertin sözlərinə görə, azərbaycanlıların çoxu bazarlarda, tikinti sektorunda çalışanlardır:
“Şəxsi biznes quranlar da var. Amma sayları həddindən çox deyil. Bir şeyi də qeyd edim ki, Rusiyada ticarətlə məşğul olmaq o qədər asan deyil. Əslində bazarlarda ticarət aparmaq böyük zəhmət tələb edir. Səhər saat 5-6-da yuxudan durub, topdansatış məntəqələrindən mal alırlar. Aldıqları malları saat 8-də bazarlara gətirirlər. Xüsusilə qışda 15-20 dərəcə şaxtada bunları etmək çox çətin olur. Yəni azərbaycanlılar Rusiyada asan pul qazanmırlar. Oradakı yerli vətəndaşlar məhz bu çətinliklərə görə bazar işilə məşğul olmaq istəmirlər. 2016-cı ildə verilən qəribə qərarla azərbaycanlılar bazara buraxılmadı. Həmin vaxt Rusiya bazarlarında iki həftə müddətində xaos yaşandı. Mal satılması mümkün olmadı. Sonradan qərar dəyişdi.
Könül istərdi ki, həmvətənlərimiz daha intellektli sahələrdə-elmdə, hüquqda, dövlət idarəçiliyində və s. də çalışsınlar. Amma nəzərə alaq ki, bu sadaladıqlarım vəzifələrdə çalışan azərbaycanlılar var və onlar Rusiya vətəndaşlığını alıblar. Getdikcə isə onların da sayı artır”.
Dosye.org
COMMENTS