“Azərkabel” “Nikoil Bank”ın girovuna çevrilib

Götürdüyü krediti qaytara bilməyən müəssisənin əmlakını notarius satıb Zavoda gedən səhmdarlar gördükləri mənzərədən dəhşətə gəliblər
Mingəçevirdəki “Azərkabel” Açıq Səhmdar Cəmiyyətinin (ASC) təyin olunan yığıncağı baş tutmayıb. Bu barədə cəmiyyətin payçıları “Bizim Yol” qəzetinin əməkdaşına bildiriblər.
ASC-nin 87.58 faizlə səhm-nəzarət paketini aralarında paylaşan “Azərkabel” MMC-nin nümayəndələri iclasa gəlməyiblər. Yalnız cəmiyyətin müşahidə şurasının sədri Elşən Babayev iştirak etsə də, onun təmsil etdiyi şəxsin səsi kvorum üçün yetərli olmayıb. Minoritar səhmdarlar isə Bakıdan Mingəçevirə qədər gediblər, amma 60 faiz səs toplanmadığından iclasın bu şəkildə baş tutmasına imkan verməyiblər. Getmişkən müəssisə haqqında xeyli sürpriz xəbərlər eşidiblər. Qeyd edək ki, “Azərkabel” ASC hələ Fərhad Əliyevin zamanında özəlləşdirməyə çıxarılan nəhəng müəssisələrdəndir. O vaxt 87.5 faiz səhmin 30 faizi simvolik olaraq çox müəssisələrdə olduğu kimi, bir nəfərin adına “atılıb”, iri səhmdarlar arasında Rusiya vətəndaşları da olub. Sonradan qanunsuz keçirildiyi əsas gətirilərək özəlləşdirmənin nəticələri ləğv edilib, minoritarların payı isə yerində qalıb. Yenidən 87.5 faiz üçün investisiya müsabiqəsi keçirilib və bu dəfə səhmləri “Azərkabel” MMC alıb. Məlumatlara görə, MMC-nin yaranmasında da məqsəd həmin dövrdə ASC-nin səhm paketinə sahib çıxmaq olub, dolayısıyla sahibi “Nikoil Bank”dır. Paket sahiblərinin bu və digər şəkildə bankla əlaqələri var, MMC-nin iki təsisçisinin orada çalışanların qohumu olduğu bildirilir. Qohumların payı üst-üstə 52.50%-dir, daha 3 nəfərin də iştirakçı olduğu deyilir. İnvestisiya öhdəliyi kimi paket sahibi ilk növbədə müəssisənin kreditor borclarını bağlamağı, bir il ərzində 400 min manat sərmayə qoymağı, 100-ə yaxın adamı işlə təmin etməyi də üzərinə götürüb. Qeyd edək ki, bankın rəsmi web-saytında təsisçiləri və paylarının hər il dəyişdiyi müşahidə olunur. 30 iyun 2014-cü il tarixə “Nikoil Bank”da təsisçilərin səhm payları aşağıdakı qaydadadır: “Topaz İnvestments” QSC – 56.4%, “NİKOYL” QSC – 42.6%, “İSR Holding” MMC – 1%. Başlanğıcda “İSR Holding”in payı 20% olub. “Lukoyl Azərbaycan”ın payı isə 19% təşkil edib.

“Azərkabel” ASC-nin səhmlərinin sayı 434452 ədəd, hər səhmin nominal dəyəri 2 manat olmaqla nizamnamə kapitalı 868904 manat təşkil edir. Yarandığında müəssisənin istifadəsində 16.5 ha-dan çox ərazi olub, sonradan torpaq ASC-nin özəl mülkiyyətinə çevrilib. Lakin cəmiyyətin müşahidə şurasının qapalı keçirdiyi 27 mart 2013-cü il tarixli iclasının qərarına əsasən “Azərkabel” ASC-nin xüsusi mülkiyyətində olan torpaq sahəsində 16778 kv.m. saxlanılmaqla qalan sahə, onun üzərindəki tikili və qurğuların satılması qərara alınıb. Müəssisənin baş direktoruna da tapşırılıb ki, alqı-satqı əməliyyatları ilə bağlı müvafiq sənədlərin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax ərazi idarəsinə təqdim edilməsini təmin etsin. Ümumilikdə 14.5 ha torpaq üzərindəki daşınar-daşınmaz əmlakla birlikdə 410 min manata satılıb – kv.m.-i 2.83 manatdan. 380 nəfərin mülkiyyət hüququ olan torpağın alqı-satqısı hərrac yolu ilə keçirilməyib, onu Mingəçevir notariusu gerçəkləşdirib. Adətən biz bu qiymətə kirayə haqlarının real olmadığını deyir, dövlət qurumlarının diqqətini problemin üzərinə çəkirik. Burada isə 3 manat icarə yox, satış qiymətidir.
Zavodu son iclasda görən payçıları dəhşətə gəliblər, deyirlər, elə bil burada 3-cü dünya müharibəsi gedib. 4-cü sex istisna olmaqla qalanlar yoxa çıxıb, 4 anbar da yerlə yeksan olunub. Köməkçi sexlər, iki böyük isitmə sexi, iki teplovoz, 7 irihəcmli kran, 12-yə yaxın transformator, min tonlarla qara və əlvan metal satılıb. Şəhərin mərkəzində yerləşən zavodda vaxtilə 50-dən çox növdə kabel məhsulları istehsal edilib. SSRİ dövründə kabel sənayesində “bərkgedən” müəssisələrdən olan kabel zavodunun 600-ə yaxın işçisi olub, hazırda demək olar böyrü üstədir. Təkcə satılmayan 4-cü sex işləyir, təxminən 1.5 ha ərazini əhatə edir. İndi zavoddan yerdə cəmi 20 faiz qalır. Satılan daşınar əmlakın hesabına müəssisənin işçilərinə olan əməkhaqqı borcunun ödənildiyi bildirilib.

Məlumatlara görə, cəmiyyətin yeni idarə heyəti sədri də “Nikoil Bank”ın nümayəndəsidir. Bankdan zavoda 3 milyon manat civarında kredit götürülüb, lakin kredit vaxtında qaytarılmadığından ASC-nin girovda olan ərazisi bankın nəzarətinə keçib. İlkin qiymətləndirmədə müəssisənin bütövlükdə əmlakı 3 milyon 820 min manat qiymətləndirilib. Üstündən 1 il keçəndən sonra ortaya 74 adda avadanlıq və daşınmaz əmlakın qiymətinin 281427 manat müəyyən edildiyi barədə sənəd çıxıb. Səhmdarlara görə torpağın qiymətini təzədən ona görə fantastik fərqlə endiriblər ki, yerdə qalanını da girov götürsünlər. Payçılar onlara məxsus əmlakın əllərindən çıxdığını düşünürlər. Adətən banklar əmlakın likvid dəyərini əsas götürərək hesablanan vəsaitin ən yaxşı halda 50 faizi qədər kredit verirlər. Burada ilkin qiymətləndirmə 3.8 milyon manat, verilən kredit isə 3 milyon manat olub. Bank müəssisənin dəyərindən 20 faiz az kredit verib. Sonra nə fikirləşiblərsə dəyərləndirməni yenidən hesablayıb ortaya cüzi bir məbləğ çıxarıblar ki, həmin əmlaka da 3 milyon manatı heç bir bank verməz. Görünür, yeni qiymətləndirmə əmlakın 80 faizi satılandan sonra baş verib. Minoritarlar məqsədin 13 faiz səhm sahibi olan səhmdarları mülkiyyət hüququndan məhrum etmək olduğu düşüncəsindədirlər. Hesab edirlər ki, hazırda səhmdarları ilə aralarında məhkəmə çəkişməsi olan ASC payçıları kredit götürəndə bu addımı digər səhmdarlarla da razılaşdırmalıydılar. Bank da kredit verərkən bu nüansları nəzərə almalıydı. Azərbaycan Beynəlxalq Bankında da uzun illər belə proseslər gedib, iri səhmdar cəmiyyətlər böyük məbləğlərlə yüklü edilib, vəsaitləri qaytara bilmədiklərindən bankın əsirinə çevriliblər. Aqibətləri göz önündədir.

“Azərkabel” ASC-nin 14.5 ha torpağı satılıb, səhmdarlar yerdə qalan 1.7 ha ərazinin də bankın girovluğunda olduğundan şübhələnirlər. Onlar hesab edirlər ki, əgər paket sahibi MMC-də digər 12.5 faizə malik səhmdarları nəzərə almadan torpağı tam satıbsa, burada cinayət tərkibi var. Bank da hüquqi şəxsin ASC olduğunu, digər iştirakçılarının mövcudluğunu nəzərə almalıydı. Sahibkar yalnız öz mülkiyyətini sata bilər və minoritar payçıların əmlakına bankın “əl qoymağa” səlahiyyəti yoxdur. Burada bank da məsuliyyətlidir. Səhmdarların məlumatına görə, torpaq 2013-cü ildə satılsa da, növbəti ildə daha bir iclas çağırılıb və həmin yığıncaqda ASC-nin torpağının satılıb borclarının ödənməsi məsələsi gündəliyə salınıb. Bəzi səhmdarlar razılıq veriblər, yığıncaq protokollaşdırılıb. Minoritarların fikrincə 5-6 adamın şifahi razılığı alınmaqla məsələ həll olunmur, bütün səhmdarların “həri”si alınmalı idi. Adətən iclaslarda 80-90 nəfər iştirak edir, burada səhmdarların heç 15 faizi də olmayıb. Problem bundadır ki, tək torpaq satılmayıb, üzərindəki mülkiyyət də onunla birgə verilib.
O da məlum olub ki, investisiya öhdəliyi olan kreditor borclar bağlanmadan, sərmayə qoyuluşu edilmədən təzədən müəssisə kredit götürüb və onun da 1.7 milyon manatı hesabına keçmiş borclar silinib. Yəni borc götürülüb, onunla başqa bir borc qapadılıb. İnvestisiya qoymaq əvəzinə müəssisəni borcla daha da yükləyiblər. Amma səhmdarların sorğusuna cavab olaraq götürülən kreditin qalan yarısının konkret hara xərcləndiyini demirlər. Bunun hesabını verməyə-verməyə də məhkəmələri qazanırlar. Yeri gəlmişkən, bu məsələ ilə bağlı ayrı-ayrı səhmdarlar məhkəmə və güc strukturlarına müraciət ediblər. Minoritarlar hesab edirlər ki, MMC-nin təsisçiləri “Azkabel”in mülkünü aralarında dağıdıblar. Səhmdarlar soruşurlar ki, “bizim MMC ilə nə əlaqəmiz? Adımıza səhm var, amma nə torpağımız, nə də mülkümüz qalır. Səhmin arxasında isə mülk durur, əgər onlar yoxdursa, deməli səhm də qiymətsiz kağız parçasıdır”.

Yığıncaqda 2014-cü ilin maliyyə-təsərrüfat fəaliyyətinin müzakirəsi, təsdiqi və digər məsələlər də durub. Lakin iclas baş tutmadığından müzakirələr də olmayıb. “Digər məsələlər”in tərkibində əsas payçılardan E.Babayevin təklifi ilə əmlakın satışının müzakirəyə çıxarılması nəzərdə tutulubmuş.Bu barədə o, özü səhmdarlara deyib. Pay sahibinin dediyinə görə, torpağın notariusda yox, hərrac qaydasında satışına imza atıb. Eyni zamanda satış qiymətindən də narazı olduğunu bildirib. Ortada müşahidə şurasının qərarı var. Həmin qərarda E.Babayev bildirib ki, “ASC-nin torpağı özəlləşdirilərkən dövlətə 235184 manat vəsait ödənib. Texniki pasportun işlənməsi və çıxarışın alınması üçün də 15100 manat xərclənib. Cəmiyyətin maliyyə vəziyyətinin çətin olması ilə bağlı qeyd olunan vəsait fiziki şəxsdən borc götürülüb və hazırda borcun qaytarılması zərurəti yaranıb”. Guya alınan torpağın pulunu ödəmək üçün indi də onu satıblar. Torpaq ASC-nin istifadəsində olduğundan dövlətdən güzəştli şərtlərlə alınıb. Əslində torpaq və üzərindəki əmlakın qiymətləndirilməsi də hərracda aparılmalıydı, notariusun satış məbləğini necə müəyyənləşdirdiyi müəmmalıdır. Səhmdarlar tam özəl torpağın bazar dəyərindən ucuz qiymətə satılmasında xeyli qaranlıq məqamların olduğu qənaətindədirlər.

COMMENTS