Ötən həftə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti vahid qurumun tərkibində birləşdirildi.
Xeyli müddətdir ki, ekspertlər iki qurumun paralel fəaliyyəti əsas götürülərək, onların birləşdirilməsilə bağlı təkliflər səsləndirirdilər. Bu baxımdan yeni qərar müsbət qarşılanmış və təqdir edilmişdi.
Ancaq məsələ bununla bitmir. İki qurumun yeni yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tərkibində birləşdirilməsi yeni suallar doğurub. “Azərsu” ilə Meliorasiya və Su Təsərrüfatı ASC-nin bundan sonra necə fəaliyyət göstərəcəkləri növbəti müzakirə mövzusuna çevrilib.
Sözügedən qurumlardan Globalinfo.az-a bildirilib ki, bu barədə danışmaq hələ tezdir. Hər iki qurum öz işlərinə əvvəlki qaydada davam edirlər. Prezident İlham Əliyevin fərmanına əsasən agentliyin ümumi fəaliyyəti və qurumların iş strategiyası 5 ay müddətdən sonra bəlli olacaq.
Azərbaycanda bundan öncə də bir sıra dövlət qurumları vahid mərkəzdə birləşdirilib. Onlardan bir neçəsini təqdim edirik:
Sabiq baş nazir Novruz Məmmədovun 2018-ci il tarixli qərarı ilə Azərbaycan Dövlət Din Tarixi Muzeyi Azərbaycan İstiqlal Muzeyinə birləşdirilib.
Prezident İlham Əliyevin 2017-ci ildə imzaladığı sərəncama əsasən Nəqliyyat Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il Fərmanına uyğun olaraq ölkəmizdə rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, əlaqələndirilməsi və həyata keçirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib. Nəticə olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində fəaliyyət göstərən Məlumat Hesablama Mərkəzi (MHM) nazirliyin digər qurumu “AzInTelecom” MMC-yə birləşdirilib.
2022-ci ildə Prezident İlham Əliyevin Fərmanı ilə Təhsil Nazirliyinin adı Elm və Təhsil Nazirliyi olaraq dəyişdirilib. Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra institutları yeni yaradılan nazirliyə birləşdirilib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanına əsasən Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb.
Ayşən Mustafa
COMMENTS