“Azərbaycan hərbi əməliyyatları davam etdirməlidir”-MÜSAHİBƏ

“Azərbaycan hərbi əməliyyatları davam etdirməlidir”-MÜSAHİBƏ

Qarabağda vəziyyət gərgin olaraq qalır. Azərbaycan ordusu düşmənin bütün təxribatlarına adekvat cavab verərək əks hücuma davam edir. Tarix elmləri doktoru, Geopolitik Tədqiqatlar İnstitutunun direktoru, Abay adına Qazaxıstan Milli Pedaqoji Universitetin (KazNPU) professoru, Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin Tarix və Etnologiya İnstitutunun baş elmi tədqiqatçısı Asılbəy İzbairov Media.Az-a verdiyi müsahibədə Ermənistanın nəyə nail olmaq istədiyini və münaqişənin necə sona çatacağı barədə danışıb.

– Dağlıq Qarabağda döyüşlər davam edir. Azərbaycan öz sərhədlərindən kənara çıxmadan öz ərazisində azadlıq müharibəsi aparır…

– Siz tamamilə haqlısınız. Azərbaycan ərazi bütövlüyünü təmin etmək üçün öz ərazisində hərbi əməliyyat aparır. BMT Təhlükəsizlik Şurasının işğalçı qoşunların Azərbaycan Respublikası ərazisindən dərhal çıxarılmasını tələb edən dörd qətnaməsi var. Ancaq buna baxmayaraq, Ermənistan işğalçı bir ölkə olaraq beynəlxalq hüquqa məhəl qoymamağa davam edir.

Unutmayın ki, bütövlükdə Qafqaz dünyanın vacib geosiyasi bölgələrindən biridir. Buna görə, bu münaqişə, digərləri kimi, üçüncü tərəfləri də cəlb edir. Burada Rusiya və Türkiyə, eləcə də Türkiyə və İran qarşıdurması kimi vacib məqamları nəzərə almaq lazımdır. Qeyd etmək lazımdır ki, bu gün Rusiya Ermənistanı dəstəkləmək üçün xüsusi səy göstərmir. Bəlkə də bu, indiki baş nazirin Qərb şüarları fonunda müxalifət dalğası ilə hakimiyyətə gəlməsi ilə əlaqədardır.

Rusiyanın xüsusi təyyarələrinin bir neçə gün əvvəl İrəvana enməsini təsadüfi hesab etmirəm. Kimsə bunun hərbi, kimsə humanitar yardım olduğunu yazır, bəziləri də Ermənistana gələnlərin konfransın iştirakçıları olduğuna deyir. Hər halda, genişmiqyaslı müharibə zamanı bu həqiqət müəyyən düşüncələrə işarə edir.

– Ermənistan tərəfin öz hərəkətləri ilə Qazaxıstanın da daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) köməyini cəlb etmək üçün Azərbaycanı təhrik etməyə çalışdığını necə şərh edərdiniz…

– Düzdür. Onların Azərbaycanın guya Ermənistanı atəşə tutduğu barədə şayiələr səsləndirmələri əbəs yerə deyildi, lakin heç bir fakt olmadı. Onlar Azərbaycanı hər şəkildə təhrik etməyə çalışırlar və çalışacaqlar. Ancaq bu məsələdə çox şey Rusiya Federasiyasının mövqeyindən asılıdır. İndi heç kim Azərbaycana qarşı çıxmağa hazır deyil və bunu istəməz. Azərbaycanın öz ərazisində müharibə apardığı müddətdə, KTMT çərçivəsində Ermənistana yardım göstərmək öhdəliklərindən istifadə edilə bilməz. Qazaxıstana gəldikdə, sözsüz ki, Azərbaycan bizim üçün qardaş ölkədir.

– Ermənistanın münaqişəni xristian və müsəlman dünyası arasında bir növ dini qarşıdurma kimi təqdim etməsinə münasibətiniz necədir?

– Azərbaycan Prezidenti İlham Əliyev “TRT Haber” telekanalına müsahibəsində hazırda minlərlə erməninin Azərbaycanda yaşadığını, ölkənin vətəndaşı olduqlarını dedi. O, Azərbaycanın erməni xalqı ilə problemi olmadığını vurğuladı. Hamı başa düşür ki, bu, ermənilərin bunu təqdim etməyə çalışdıqları kimi xristian-müsəlman qarşıdurması deyil. Çünki, Ukrayna, Gürcüstan kimi xristianlığa itaət edən ölkələr Azərbaycanı, bəzi müsəlman ölkələri isə Ermənistanı birbaşa və ya dolayısı ilə dəstəkləyirlər. Burada dini deyil, geosiyasi cəhəti nəzərə almalıyıq. Ancaq ermənilər Qərbi öz tərəflərinə çəkmək üçün hər şeyə dini don geyindirirlər.

– Yeri gəlmişkən, Ermənistanda Suriyadan olan döyüşçülərin Qarabağda Azərbaycan tərəfində vuruşduqları barədə həyasızcasına yalan danışırlar…

– Yenə deyirəm, münaqişəyə dini məzmun verməkdən faydalanan üçüncü qüvvələr var. Söhbət ermənipərəst dövlətlərdən, onları fəal şəkildə dəstəkləyənlərdən gedir. Bu, Qafqazda böyük müharibə alovlandırmaq üçün edilir. Bu, Ermənistana sərf edir, axı bu halda onlar zərərçəkən tərəf olurlar. Ancaq Ermənistan başa düşmür ki, münaqişəyə dini məna verməklə yalnız ölkələrini deyil, bütün dünyanı qana sürükləyirlər. Bu ölkə qonşuları ilə sülh və razılıq şəraitində yaşamağı öyrənməlidir.

– Hələ ki, buna inanmaq çətindir, çünki Ermənistan sülh danışıqlarını dəfələrlə pozub. Münaqişənin mərhələli həllini nəzərdə tutan “Madrid prinsiplərini” xatırlamaq kifayətdir. Sizcə bu dəfə münaqişənin həllini sülh yoluna yönəltmək mümkün olacaqmı?

– Bəli, əgər Ermənistan ağlını başına yığsa və işğal olunmuş əraziləri geri qaytarsa. Ermənistanın sadəcə Azərbaycana müqavimət göstərməyə gücü yoxdur. Düşünürəm ki, bir çox Azərbaycan vətəndaşı könüllü olaraq cəbhəyə getməyə hazırdır, lakin onlar hərbi rəhbərlik tərəfindən saxlanılır. Ermənistan başa düşməlidir ki, idarə olunan münaqişə üçüncü qüvvələrin iştirakı ilə idarəolunmaz hala çevrilə bilər. İlham Əliyev təcrübəli bir lider olaraq başa düşür və geniş miqyaslı müharibəyə icazə vermək istəmir, çünki Ermənistanın nəhayət ağlını başına yığacağına ümid edir.

Ancaq münaqişə alovlanmağa davam edərkən, Ermənistan tərəfi dinc əhalini və mülki obyektləri atəşə tutur. Onların bölgədə ekoloji fəlakət yaratmağa cəhd edərək, böyük su anbarının yerləşdiyi Mingəçevir şəhərini atəşə tutmaları xüsusi narahatlıq doğurur. Ermənistanın mühüm strateji obyekt olan Bakı-Tbilisi-Ceyhan neft kəmərini raketlə vurma cəhdini də vurğulamaq istərdim.

Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə tam hüququ var, çünki sülh danışıqları otuz ildir nəticəsiz davam edir. İşğalçılar geri çəkilənə qədər heç bir nəticə olmayacaq və Azərbaycanın Ermənistanı sülhə məcbur etmək üçün əməliyyatları davam etdirməsi lazımdır.

DOSYE.ORG

COMMENTS