Azərbaycan xalqının Qələbəsi dövlətimizin iqtisadi və siyasi gücünün artmasının məntiqi nəticəsidir

Azərbaycan xalqının Qələbəsi dövlətimizin iqtisadi və siyasi gücünün artmasının məntiqi nəticəsidir

Vətən müharibəsində möhtəşəm tarixi qələbə qazanaraq öz ərazi bütövlüyünü tam təmin edən qüdrətli Azərbaycan yeni reallıq yaratdı. Cənab Prezident İlham Əliyevin sözləri ilə qeyd etsək, “Biz qan tökərək, cəsarət göstərərək, düşməni qovaraq yeni reallıq yaratmışıq. Bu gün hər kəs bizimlə hesablaşmalıdır və hesablaşacaqdır”.

Azərbaycan yaratdığı yeni reallıqlarla həm də regionun tarixində yeni bir səhifə açdı. Artıq region ölklərinin və qonşu dövlətlərin qarşısında tamamilə yeni, daha perspektivli inkişaf istiqamətləri açılıb. Əlbəttə ki, bu imkanlardan yararlanmaq üçün beynəlxalq əməkdaşlığın qurulması lazımdır. Azərbaycan isə hər zaman konstruktiv əməkdaşlığın tərəfdarı olub. Aprelin 13-də ADA Universitetində keçirilmiş “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda səslənən fikirlər də bunu bir daha təsdiq etmiş oldu.

Azərbaycan xalqı öz Qələbəsini dövlətimizin iqtisadi və siyasi gücü, eləcə də beynəlxalq nüfuzunun xüsusilə son illər artması nəticəsində əldə etmişdir. Qarabağ mövzusu həmişə ölkənin bütün gündəliklərində olub. Bütün beynəlxalq tədbirlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyev Dağlıq Qarabağ məsələsini hər zaman prioritet edib və bütün bu illər ərzində dünyanın ən mötəbər kürsülərindən etdiyi bütün çıxışlarında dövlətimizin başçısı bu məsələni daima önə çəkib. Lakin rəsmi İrəvan bütün bu illər ərzində Azərbaycanın dəyişildiyini və gücləndiyini dərk edə bilmədi. Buna görə də indi Ermənistan məğlub və misgin bir ölkəyə çevrilmişdir. Azərbaycanın Qələbəsi isə həm ölkəmizin, həm də regionun inkişafında yeni bir mərhələ açıb.

Lakin möhtərəm Prezidentimizin də dediyi kimi, inkişafın əsası sabitlikdir. İnkişaf üçün Azərbaycan daxilində, eləcə də sərhədlərdən kənarda stabilliyə ehtiyac var. Təbii ki, Azərbaycan riskləri minimallaşdırmaq üçün müvafiq addımlar atacaq. Azərbaycanın Qoşulmama Hərəkatında götürdüyü öhdəliklər və bu əsasla regionda yaratdığı yeni əməkdaşlıqlar dövlətimizin böyük uğurudur. Buraya Türkiyə-İran, Gürcüstan-Türkiyə, Rusiya-İran üçtərəfli əməkdaşlığı daxildir və əməkdaşlıq formatları regional stabilliyə misilsiz töhfədir.

Azərbaycanın indiyədək bütün məsələlərdə konstruktiv mövqe sərgilədiyi və beynəlxalq hüququn tərəfdarı olduğu da konfrans iştirakçıları tərəfindən birmənalı qəbul edilib. Konfrans iştirakçıları da öz çıxışlarında qeyd etdilər ki, Azərbaycan innovasiya, texnologiya və taktika ilə yanaşı, misilsiz cəsarət nəticəsində həlledici Qələbə qazanmışdır. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təmkinli şəkildə müharibə apardı.

Müharibə zamanı vurğulanan hədəflər, əslində, illər boyu aparılmış danışıqların, ilkin razılaşmalarınbaza prinsipləri ilə uzlaşır. Həmçinin, İkinci Qarabağ müharibəsinin yenidən qabarıq formada üzə çıxardığı məqamlardan biri də Azərbaycanın həqiqətən tolerant və multikultural bir ölkə olmasıdır. Azərbaycan burada yaşayan bütün xalqların doğma Vətənidir və Azərbaycan çoxmillətli ölkədir. Vətən müharibəsi zamanı bütün etnik qruplardan olan insanlar son damla qanlarınadək tək düşmənə qarşı vuruşublar.

Prezident İlham Əliyevin tarixi həqiqətlərin təhrif olunmasının yolverilməzliyinə dair konfransda səsləndirdiyi fikirlər Ermənistanın bəzi revanşist əhval-ruhiyəli dairələrinə ünvanlanmış sərt xəbərdarlıq mesajı kimi qəbul olunmalıdır. Möhtərəm dövlət başçımızın öz çıxışında toxunduğu tarixin təhrif olunması məsələsi son dərəcə vacib məqamlardan biridir. Bu gün münaqişədən sonrakı mərhələ barədə danışıqlarda iştirak edəcək bütün tərəflər başa düşməlidirlər ki, məhz bizim ərazilərimiz 30 il işğal altında qalıb. Cənab Prezidentimizin də dediyi kimi, münaqişənin tarixi təhrif olunmadan xalqın yaddaşında qalmalıdır. Xüsusilə gənc nəsil tarixi həqiqətləri olduğu kimi bilməlidir. Gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olmasını bilməlidir.

Çox sevindirici haldır ki, dövlət başçsının rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımızda, Qarabağda əsas infrastruktur layihələrin üç il müddətində başa çatdırılması nəzərdə tutulur ki, bu da işğaldan azad edilmiş ərazilərin əsasən ölkə iqtisadiyyatında, qeyri-enerji sektorunda, o cümlədən nəqliyyat sektorunda vacib yerlərdən birini tutacaqdır. Türkiyə, İtaliya, Böyük Britaniya kimi ölkələrin bu işlərdə yer alması bir daha göstərdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda əməkdaşlıq yaradaraq, daha bir beynəlxalq uğura imza atdı.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan həmişə regionda sülhü ən çox arzu edən və əmin-amanlığın daim bərqərar olmasına çalışan dövlət olub, habelə, bölgədə söz sahibi olmaqla, qarşılıqlı əməkdaşlığa töhfə verib və verməkdədir.

 

 

Bayram Rəhimov,

Salyan rayon Təzəkənd kənd ümumi orta məktəbin müəllimi.

 

COMMENTS