Azərbaycanda aşuranı qeyd etməyənlər

Bu gün Azərbaycanda Aşura qeyd edilir. Ancaq məsələyə baxış bütün bölgələrdə eyni deyil. Ölkəmizin elə bölgəsi var ki, bu mərasim az qala İrandakı kimi qeyd edilir, elə bölgə də var ki, insanlar bu məsələyə zərrəcə maraq göstəmirlər. Hətta bir sıra bölgədə Aşura qeyd edilmir.

 

“Bu gün Azərbaycanın istənilən bölgəsində Aşura qeyd olunur. Vurğulamaq istədiyim odur ki, Azərbaycan unikal bir ölkədir ki, burda məzhəbindən asılı olmayaraq, müsəlmanların hamısı həmin hadisəni bu və ya digər şəkildə qeyd edir. Xüsusilə də bu il Qafqaz Müsəlmanları İdarəsinin Məhərrəm ayı ilə bağlı verdiyi tövsiyədə vurğulandı ki, iki məzhəbin (sünni və şiə) ardıcılları birlikdə Aşura mərasimlərini qeyd etsinlər.

Elə bu səbəbədəndir ki, Şəki kimi əhalisinin əksəriyyəti sünni olan bölgədə də bu gün Aşura mərasimləri keçirilir”.

Bunu Modern.az-a açıqlamasında Məşədi Dadaş Məscidinin imam-camaatı Hacı Şahin Həsənli deyib.

O, bildirib ki, səhər saatlarından başlayaraq insanlar Məşədi Dadaş məscidinə gəlməyə başlayıb. “Bu il də insan axını çoxdur. Günorta saat 12:00-a qədər axın çoxalacaq.

Bu gün matəm günüdür, amma günlə bağlı islam dinində hər hansı vacib şəriət hökmü yoxdur. Yəni sabun əritmək, paltar yumaq, işə getmək olmaz kimi qadağalar mövcud deyil. Aşura günü kim nə edirsə, mənəvi borc olaraq yerinə yetirir, bütün şadlıqları özlərinə haram buyururlar.

Zəruri sahələr istisna olmaq şərtilə, bu gün qazanc dalınca getmək bəyənilməyən bir əməldir. Bu gün işləməmək tövsiyyə olunur. Eynilə yaxın bir kəs vəfat edən zaman işə gedilmir, bu gün də işləməmək daha yaxşı olar. Təbii zəruri sahələr istisna olmaqla və bir də işə getməmək insanın öz ixtiyarındadırsa”.

Qeyd edək ki, bu gün Hicri-Qəməri təqvimi ilə Məhərrəm ayının 10-cu günü – Aşuradır. Bu gün Məhəmməd Peyğəmbərin (s) nəvəsi İmam Hüseyn (ə) və tərəfdarları İraqın Kərbəla çölündə şəhid olub. Həmin dövrdən başalayaraq müsəlman aləmi bu günü matəm günü kimi qeyd edir.

COMMENTS