Azərbaycanda yaşayan vəhhabiləri nə gözləyir?

Din pərdəsi altında Azərbaycanda mövcud ictimai-siyasi sabitliyi pozmağa cəhd edənlər sərt şəkildə cəzalanacaq.

Axar.az xəbər verir ki, son zamanlarda ölkədə dini-radikalizmə qarşı aparılan mübarizə – “İslam xilafəti”nə qoşulan azərbaycanlı vəhhabilərin iqtisadi bazalarının məhvinə yönəlik bəyanatlar, ardınca keçirilən bir neçə uğurlu əməliyyat, mühüm həbslər porsesin hələ bitmədiyinə işarədir.

Bu gün dini radikalizmə qarşı mübarizənin kəskinləşdiyi bir vaxtda Suriya və İraqda terrorçulara qoşulmaq istəyən və ölkə daxilində çaxnaşma yaratmağa cəhd edənlərə daha bir xəbərdarlıq gəlib.

APA-ya açıqlama verən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı ölkədə radikal yönümlü dini qruplara qarşı mübarizənin bundan sonra da aparılacağını deyib: “Din pərdəsi altında kimsə siyasi məqsədlərinə çatmaq, kimlərsə özlərinin iqtisadi, merkantil maraqlarını ifadə etmək, kimlərsə bütövlükdə Azərbaycanda mövcud olan ictimai-siyasi sabitliyi pozmağa yönəlik hərəkətlər etmək istəsə, onların qarşısı bütün vasitələrlə alınacaq, alınmalıdır. Burada başqa bir variant, fikir yoxdur”.

Qurum rəhbəri Azərbaycanda radikal dini qrupların təbliğatına uyanların az olması, onların apardığı təbliğatın istənilən nəticə verməməsi, o cümlədən hüquq-mühafizə orqanlarının, yerlərdə İcra hakimiyyətlərinin nəzdində yaradılmış dini komissiyaların apardıqları işlərin bütövlükdə xeyli dəyişiklik yaratdığını desə də, verilən bəyanatlar onu göstərir ki, bu sahədə işlər hələ yekunlaşmayıb.

Axar.az-ın məlumatına görə, ilin müəyyən vaxtlarında (xüsusən ziyarət mövsümündə) vəhhabilərin ölkəyə giriş-çıxışının yoxlanılması, Suriya və İraqa gedən azərbaycanlıların əlaqədə olduğu şəxslərin daimi nəzarətdə saxlanılması və terrorçulara qoşulan azərbaycanlıların ölkə ilə əlaqəsini kəsmək kimi addımlar atıla bilər.

COMMENTS