Azərbaycanda zəlzələ ilə bağlı SON DƏQİQƏ

Azərbaycanda zəlzələ ilə bağlı SON DƏQİQƏ

Təxminən 1 ay öncə Türkiyəni silkələyən zəlzələ Azərbaycanda da narahatlığa səbəb olub. Bu müddət ərzində “Ölkəmizdə də güclü zəlzələ ola bilərmi” sualı gündəmi zəbt edib.

Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycanda hazırda seysmiklik fon səviyyəsindədir, narahatlığa əsas yoxdur.

WhatsApp Image 2023-03-02 at 14.48.05.jpeg (124 KB)

Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, bizim ərazimiz seysmik baxımdan aktiv bölgədə yerləşdiyinə görə vaxtaşırı burada hiss olunan, olunmayan, xırda təkanlar baş verir:

“Biz maqnitudası üçdən yuxarı olan məlumatları saytımız vasitəsilə ictimaiyyətə çatdırırıq. Yerdə təbii proseslər həmişə gedir. Hər gün olduqca kiçik, yer səthinə gəlib çatmayan zəlzələlər qeydə alınır. Hansı ki, bu xırda təkanları heç vaxt insanlar hiss edə bilməzlər və o təkanların gəlib yer səthinə çatması da mümkün deyil. Xırda təkanların baş verməsi bir növ ərazinin aktivləşməməsi baxımından yaxşıdır ki, həmin yerdə enerji toplanmasının qarşısını alır. Xırda təkanlar güclü zəlzələlərin qarşısını alır. Dəfələrlə bizim Mərkəz rəhbərliyi tərəfindən də deyilib ki, yaxın vaxtlar üçün Azərbaycanda dağıdıcı zəlzələ ehtimalı yoxdur”.

“2000-ci ildə Bakıda baş verən 6,8 ballıq zəlzələ yenidən təkrarlana bilərmi” sualına Vüsalə Rafiqqızı belə cavab verib:

“2000-ci ildə baş verən zəlzələnin episentri Xəzərdə idi. Bakı həmin zəlzələnin təsirindən silkələnmişdi. Xəzər dənizi seysmik baxımdan aktiv bölgələrdən biridir. Orada da vaxtaşırı xırda təkanlar – maqnitudası 3 və üçdən yuxarı olan zəlzələlər baş verir. Bildiyiniz kimi, zəlzələlərin dəqiq proznozu yoxdur. Ona görə də hər hansı bir ərazidə zəlzələ olacaq, yaxud olmayacaq kimi fikir söyləmək olmaz”.

Mərkəzin sözçüsü vurğulayıb ki, əhali arasında panikaya səbəb üçün əsas yoxdur:

“Sadəcə olaraq Türkiyədə baş verən dağıdıcı zəlzələlərdən insanlarımız narahatlıq keçirdi. İtkilərin çox olması insanlara psixoloji baxımdan təsir etdi.

6c41189d-30d2-3bc5-8aa2-dd15068dffa3_850.jpg (198 KB)

Amma nəzərə almaq lazımdır ki, bütün dünya üzrə yaşayış məskunlaşmasının 90 faizi seysmoaktiv bölgələrdə yerləşir. Bu bölgələr üçün vaxtaşırı hiss olunan, hiss olunmayan xırda təkanlar olur.

Fevralın 6-da Türkiyədə baş verən zəlzələlərdən sonra Mərkəzin baş direktoru Qurban Yetirmişli geniş mətbuat konfransı keçirdi. Biz orada da fikirlərimizi bildirdik. Azərbaycanın seysmik durumunu açıqladıq. Bildirdik ki, insanlarımız narahat olmasınlar. Həmin gündən indiyə qədər bizim ərazimizdə hiss olunan, güclü zəlzələ baş verməyib”.

c539ceef-dbdd-369e-b41f-5a3c5c9a3c9c_850.jpg (67 KB)

“Xəzərdə baş verən zəlzələlər quru ərazilərə hansı halda və neçə bal gücündə təsir göstərə bilər?” sualına Vüsalə Rafiqqızının cavabı belə olub:

“Azərbaycan Alp-Himalay qırışıqlıq zonasında yerləşir. Xəzər dənizi də həmin zonaya daxildir. Orada çoxlu zəlzələ ocaqları var. Ümumiyyətlə, aktivləşmə zəlzələ ocaqları olan ərazilərdə baş verir. Xəzər dənizi aktiv bölgələrdən biridir. Amma yenə də təkrar edirəm ki, aktiv bölgələrdə hansısa vaxtda hansısa gücdə zəlzələ olacaq, ya olmayacaq, bu barədə birmənalı olaraq proqnoz vermək mümkün deyil. Xəzər dənizində bildiyiniz kimi, vaxtaşırı maqnitudası 3 və üçdən yuxarı olan zəlzələlər olur, biz bu məlumatları saytımızda yerləşdiririk.

7cd2e92f-1113-37f9-b421-39fe6321578d_850.jpg (147 KB)

Xəzərdə baş verən zəlzələlərin sahilyanı ərazilərə təsirinə gəlincə isə onu deyə bilərəm ki, son illər dənizdə baş verən zəlzələlər sahildən uzaqdır və onların sahilyanı ərazilərə hər hansı təsiri olmur”.

Son 3 gündə Bakıda dumanlı hava müşahidə edildi. Bunu zəlzələ öncəsi durum kimi qiymətləndirənlər də var. Bəs bu fikir nə dərəcədə əsaslıdır? 

“Dumanın zəlzələ ilə heç bir əlaqəsi yoxdur. Məncə, belə fikirləri yayanlar elmdən uzaq şəxslərdir. Sosial şəbəkələrdə yazılanlara fikir vermək lazım deyil. Duman atmosferdə gedən proseslərlə bağlıdır. Havada  yaranır, zəlzələ ocaqları isə litosferin dərin qatlarında yerləşir. Sadəcə vətəndaşlarımızdan xahişimiz budur ki, belə məsələlərlə bağlı rəsmi qurumların məlumatlarını oxusunlar. Seysmologiya elmindən kənar olan, bu işlə praktiki olaraq məşğul olmayan insanların söylədiklərinin heç bir elmi əsası yoxdur”, – sözçü cavab verib.

COMMENTS