Azərbaycanın mövqeyi bəllidir: artıq Zəngəzur dəhlizi… – Müsahibə

Azərbaycanın mövqeyi bəllidir: artıq Zəngəzur dəhlizi… – Müsahibə

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

– Musa müəllim, Soçi və Brüssel görüşləri istənilən nəticələri verdimi?

– Prezident İlham Əliyevin Brüssel səfəri, orada keçirdiyi görüşlər o cümlədən İspaniya qəzetinə vermiş oduğu müsahibə ümumilikdə Avropa və bütün dünyanın Azərbaycanın qələbəsini tanıdığını, onu qalib dövlət kimi qəbul etdiyini birmənalı şəkildə təsdiq etdi. Bütün bunlar onu göstərir ki, Avropa artıq Azərbaycanın haqq işini dəstəkləyir. İndi ölkəmizə qarşı əvvəlki münasibət yoxdur. Bir neçə il öncəyə qədər ölkəmizə qarşı müəyyən davranışlar və münasibətlər vardı. Elə Avropa İttifaqının özünün yanaşmalarında da bu münasibətlər sezilirdi. Çünki işğala məruz qalan ölkə Azərbaycanın əvəzinə Ermənistanı dəstəkləyən müəyyən münasibətlər mövcud idi. Brüssel görüşündə isə bu tendensiyalar müşahidə edilmədi. Əksinə Azərbaycanla əməkdaşlıq istəyi ilə bağlı mövqe ifadə edildi. Bu istək də kifayət qədər səmimidir.

– Azərbaycanın təşəbbüslərinə Avropanın, dünya birliyinin yanaşmaları necə idi?

– Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüs, göstərdiyi məsələlər bütövlükdə dünya xalqlarının, bəşəriyyətin maraqlarına xidmət edir. Ölkə başçısı bölgədə davamlı və daimi sülhün yaranması üçüm mühüm addımlar atır. Ona görə də ilk növbədə Ermənistan və Azərbaycanın qarşılıqlı olaraq ərazi bütövlüyünü tanıması çox vacib şərt kimi qəbul edilir. Azərbaycan rəhbəri Avropa İttifaqında keçirilən görüşlərdə vermiş olduğu müsahibədə də məhz bu amilləri önə çəkib. Vurğulandı ki, iki dövlət yəni, Azərbaycan və Ermənistan ərazi bütövlüyü məsələsində razılığa gələ bilməyəcəksə, əməkdaşlıq məsələləri də gündəmdən düşəcək.

– Kommunikasiyaların açılması ilə bağlı Avropa İttifaqının mövqeyi nə dərəcədə təsirli ola bilər?

– Bunun üçün ədalətli mövqe və şərtlərin irəli sürülməsi başlıca şərtdir. Azərbaycan Prezidenti bununla bağlı öz mövqeyini açıq şəkildə ifadə etdi. Vurğulandı ki, Azərbaycan öz ərazisində ermənilərin rahat istifadəsi üçün Laçın koridorundan maneəsiz hərəkətə razılıq verirsə, Ermənistan da analoji imkanları yaratmalıdır. Azərbaycanın Naxçıvanla əlaqəsinin quru yolu ilə qurulması üçün Ermənistan da öz ərazisində maneəsiz hərəkətə imkan yaratmalıdır. Burada dəmir yolu ilə yanaşı avtomobil yolunun açılması məsələsi də gündəmdədir. Çünki Laçın dəhlizi hansı şərtlərlə işləyirsə, Zəngəzur dəhlizi də eyni qaydada işləyəcək. Dəhlizlərin birinə hansısa bir nəzarət mexanizminin olması digəri üçün də analoji vəziyyət yaratmış olacaq. Bu ancaq qarşılıqlı şəkildə həll olunmalıdır.

– Avropadan Azərbaycanın qalib imicinə olan yanaşmaları necə şərh etmək olar?

– Biz Avropada qalib Azərbaycanla olan davranışların yeni bir formasını da müşahidə etdik. İspan qəzetinin əməkdaşının Prezident İlham Əliyevə vermiş olduğu sual da təsadüfdən yaranmamışdı. Ölkə başçısına sual ünvanlanırdı ki, “Siz müharibədən sonrakı dövrdə artıq müdafiə sənayenizi inkişaf etdirirsiniz. Hətta dronların istehsalı və satışına başlayacaqsınız?”. Əslində bu sıradan verilmiş sual deyildi. Bu Azərbaycan artıq müdafiə sənayesi sahəsində də öz sözünü demiş dövlət kimi qəbul edildiyini göstərən bir hal idi. Ölkə başçısı da çox açıq şəkildə söylədi ki, biz öz müdafiə qüdrətimizi artıqmaqdan ötrü Türkiyə, Rusiya, İsrail və başqa dövlətlərlə də hərbi sənaye sahəsində münasibətlər qurmuşuq. Hazırda bu münasibətlər davam edir. Azərbaycan özü də müəyyən silahları istehsal edir. XXI əsrdə də ilk dəfə olaraq dronlarla müharibə taktikasını da Azərbaycan tətbiq etdi. İndi də, Azərbaycanın bu təcrübəsi öyrənilir. Bu artıq Azərbaycanın gücünün etirafı idi.

– Nəticələri Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli hesab etmək olar?

– Brüssel görüşlərinin nəticələri Azərbaycanın gücünün etirafı idi. Eyni zamanda bu ədalətin təntənəsi oldu. Avropa Ittifaqı ilə əməkdaşlığın çərçivəsini TAP və TANAP layihələri də açıq şəkildə nümayiş etdirir. Avropanın qaz təchizatında Azərbaycanın da etibarlı bir tərəfdaş kimi münasibətlərdə daha səmimi, uzun müddətli əlaqələrin formalaşmasına sövq edir. Çünki Azərbaycan Ermənistan münasibətlərinin və Cənubi Qafqazda sülhün və əməkdaşlığın yaranmasında Rusiya Avropa İttifaqına rəqib kimi qiymətləndirilmir. Azərbaycan hər iki tərəflə də əməkdaşlıqda maraqlıdır. Avropanın qaz təchizatında da Azərbaycan Rusiyaya rəqib deyil. Bu ölkələrin özünün ayrı-ayrı bazarları və ixrac həcmləri mövcuddur. Ona görə də, ölkə başçısının Avropa İttifaqı formatında keçirdiyi görüşlər tam konstruktiuv əsasda keçib. Burada həmçinin qalib Azərbaycan Liderinə olan münasibət də açıq şəkildə özünü göstərirdi.

– Artıq Ermənistan ərazisindən keçəcək dəmir yolu xətti ilə bağlı razılıq var. Zəngəzur dəhlizi konsepsiyasında bu yolun əhəmiyyətini və perspektivini necə qiymətləndirirsiniz?

– Dəmir yolu xəttinin açılması ilk növbədə Qədim İpək yolunun ikinci bir şaxəsinin yaranması deməkdir. Burada sözsüz ki, alternativlər də müəyyənləşəcək. Alternativləri də Azərbaycan müəyyən edəcək. Vaxtilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti çəkilərkən də buna qarşı müəyyən qüvvələr narazılıq ifadə edirdi. Amma Azərbaycan öz iradəsini ortaya qoydu. Hətta o dövr Gürcüstanda demokratiyanı dəstəkləyən qüvvələr ona dəmir yolu çəkməyə kredit vermədilər. Məhz bu məsələdə də Azərbaycan qəti mövqe sərgilərdi. Zəngəzur dəhlizinin açılmasında da Azərbaycanın birmənalı mövqeyi ortadadır. Bu sona kimi də belə olacaq. Bu Cənubi Qafqazın dəmir yolu layihəsində özünü göstərəcək. Sözsüz ki, burada region dövlətlərinin özünün iqtisadi maraqları var. Gürcüstan bu prosesdə müəyyən tərəddüdlər etsə də, onun da burada iqtisadi maraqları təmin ediləcək. Rusiya, İran, Ermənistan da bu yolun qısa zamanda açılışında maraqlı olmalıdır. Çünki Azərbaycan elə bir alternativlər yaradıb ki, heç bir dövlət buna yox deyə bilməyəcək. Bu ilk növbədə əməkdaşlığa, davamlı sülhə xidmət edir.

– Bu yolun Şimal-Cənub dəmir yolu xəttinə inteqrasiyası necə həyata keçiriləcək?

– Şimal-Cənub dəhlizi Azərbaycan ərazisindən keçir. Fars körfəzini, Fin körfəzi ilə birləşdirən dəmir yolu layihəsi də Azərbaycanın təşəbbüsü ilə reallaşır. Artıq Azərbaycan Iran arasında olan Astara-Astara dəmir yolunun çəkilişi yekunlaşıb. Buradan Şərqdən-Qərbə gedəcək yüklər, Azərbaycan dəmir yolları qovşağı ilə Şimala və Cənuba doğru şaxələnə biləcək. Eyni zamanda əskinə daşınan yüklər də məhz bu marşurut üzərində həyata keçiriləcəkdir. Bütün bunlar onu deməyə əsas verir ki, siyasi münasibətlər, iqtisadi münasibətlərdən yaranır.

DOSYE.ORG

COMMENTS