«Azərkontrakt»da qanunsuzluğu kim edir?

Miri Qəmbərovu ittiham edən baş direktor torpaq sahəsini kürəkəninin adına keçirmək istəyir

 

“Azkontrakt” ASC-nin tabeliyində olan “Azərmetal” Topdansatış Ticarət Birliyinin baş direktoru Şahin Abbasov qurumun prezidenti, sabiq deputat Miri Qəmbərovu ittiham etmişdi. Şahin Abbasovun iddialarına görə, Miri Qəmbərov “Azərkontrakt”ı fəaliyyətsiz duruma salıb. Bundan başqa guya sabiq deputat qurumun balansında olan torpaq sahələrini başqa şəxslərə satıb. Şahin Abbasov Miri Qəmbərovu ittiham edərkən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə Əmlak Məsəsləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun da adını hallandırmışdı. İddia etmişdi ki, guya Miri Qəmbərov bu şəxslərin adı ilə qanunsuz fəaliyyətlə məşğul olur. Görünür, baş direktor Miri Qəmbərovu yüksək vəzifəli məmurlarla üz-üzə qoymaqla öz maraqlarını təmin etməyə çalışıb. Bəs Şahin Abbasovun marağı nədir? Dosye.org-a daxil olan məlumata görə, əslində Şahin Abbasovun marağı qurumun balansında torpaq sahəsini kürəkənin adına keçirməkdir. Miri Qəmbərov isə bu qanunsuzluğa mane olur. Ona görə də Şahin Abbasov Miri Qəmbərovu mətbuatda ittiham edərək ona təzyiq göstərir. Yeri gəlmişkən, Miri Qəmbərov özü də mediaya açıqlamasında Şahin Abbasovun qeyd etdiyimiz qanunsuz əməlini açıqlayıb. Miri Qşmbərov bildirib: “Qətiyyətlə bildirirəm ki, şəxsən mənim ünvanıma yönəlmiş iddialar və ittihamlar çox böyük təəccüb doğurur, qərəzli xarakter daşıyır və heç bir real faktlara əsaslanmır.
Təəssüf hissi ilə bir daha adi elementar həqiqətləri bilməyənlərin nəzərinə çatdırıram ki, ölkəmizdə dövlət əmlakının özəlləşdirilməsi, digər qurumlara, fiziki şəxslərə icarəyə və yaxud istifadəyə verilməsi məsələlərini həyata keçirilməsi ilə dövlət başçısının fərmanı ilə yaradılmış Əmlak Məsələləri Dövlət Komitəsi birbaşa məşğul olur.

“Azərkontrakt” Səhmdar Cəmiyyəti qeyd olunan məsələlərdə “Azərmetal” Topdansatış Ticarət Birliyinin kollektivinin müraciətlərini və rəylərini nəzərə alaraq öz prinsipial mövqeyi ilə dəfələrlə çıxış edib. Bunu təsdiq edən xeyli miqdarda yuxarı instansiyalara və aidiyyəti qurumlara olan müraciətlər əyani sübutdur.

Qeyd etmək istərdim ki, Cəmiyyətin tabeliyində olan təşkilatlara “Azərmetal” birliyinin ərazisi hesabına torpaq sahələrinin verilməsi məhz birliyin rəhbərliyinin təşəbbüsü və razılığı əsasında həyata keçirilib. Adıçəkilən birliyin rəhbərliyinin müraciəti əsasında ümumi ərazisi – 9004 kv.m., faydalı sahəsi 2420,9 kv.m. olan bina və tikililər Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış müvafiq müqaviləyə uyğun olaraq fiziki şəxs kimi “Azərmetal” birliyinin işçisi Nuriyev Elçin Zeyvər oğluna (Abbasov Şahinin qızının həyat yoldaşı) icarəyə verilib.

Həmin müqavilə müddətli olduğu üçün Əmlak Məsələləri Dövlət Komitəsi razılaşdırılmış müddətin başa çatdığını səbəb gətirərək və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 689-cu maddəsinin 1-ci bəndinə əsaslanaraq birtərəfli qaydada icarə müqaviləsinə 31.01.2010-cu ildə xitam verib.

Bakıdakı quruculuq tədbirləri çərçivəsində dövlət rəhbərliyinin göstərişləri və tapşırıqları əsasında, Heydər Əliyev prospektində məqsədyönlü, müasir tələblərə cavab verən abadlıq işləri davam etdirilir. Həmin prospektdə şəhərsalma lahiyələrinə uyğun olaraq bəzi təşkilatların ərazilərində yeni obyektlər inşa olunur, abadlıq və yaşıllaşdırma işləri aparılır.

Nəzərinizə çatdırıram ki, qeyd olunan tədbirlər çərçivəsində Heydər Əliyev prospektində “Azərkontrakt” Səhmdar Cəmiyyətinin tabeliyində olan “Azərmetal” TTB-yi ilə bərabər “Azərətsüd” Icarə Topdansatış Birliyinin də müəyyən ərazisi hesabına Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə dövlət qurumları üçün inzibati binalar tikilir. Görülmüş və görüləcək yenidənqurma tədbirləri nəticəsində, həmin prospekt paytaxtımızın gözəgəlimli guşələrindən birinə çevrilib.

“Azərmetal”ın baş direktoru Abbasov Şahinin şantaj xarakterli müsahibəsi ilə bağlı yalnız onu xatırlatmaq kifayətdir ki, birliyin fəaliyyətsizliyinə, düşdüyü böhran vəziyyətinə, işçilərin illərlə maaşlarının almamasına, professional mütəxəssislərin işdən getmələrinə görə, idarəetmə qanunvericiliyinə əsasən, birbaşa məsuliyyət tam təsərrüfat hesablı təşkilatların rəhbəri kimi şəxsən onun üzərinə düşür. Onun göstərdiyi cəfəngiyyat dəlillər, əsassız faktlar yalnız özünə bəraət qazandırmaq və birliyin düşdüyü vəziyyətə görə məsuliyyəti özündən uzaqlaşdırmaq məqsədi daşıyır.

Abbasov Şahin qeyd edib ki, guya “Azərkontrakt” ASC-nin sistemində “Azərmetal”-ı dövri vəsaitə malik yeganə təşkilatdır və misal kimi 10 milyarddan artıq mal qalıqalrının olmasını bildirib. Bildirmək istəyirəm ki, adıçəkilən birliyin baş direktorunun birbaşa məsuliyyətsizliyi və səhlənkarlığı nəticəsində anbarda illərlə səliqəsiz şəkildə qalmış material qalıqları fiziki və mənəvi cəhətdən yararsız hala düşmüş və onlara tələbat yoxdur. Birliyin işçilərinə məvacibləri məhz mal qalıqlarının hesabına verilməsi həqiqətən uyğun deyil. O ki, qaldı Səhmdar Cəmiyyətində səmərəli fəaliyyət göstərən təşkilatların olmasını təsdiq etmək üçün heç də uzağa getmək lazım deyil. “Azərmetal”la üzbəüz yerləşən “Azərətsüd”ün adının çəkilməsi kifayətdir.

Yaxşı olardı ki, Abbasov Şahin vaxtını cəfəngiyyat ittihamlara sərf etməkdənsə, işçi kollektivin necə qorunub saxlanması təcrübəsinə qonşu birlikdən yiyələnəydi. Rəhbərlik etdiyi kollekltivinin sayının minimun həddə çatmasının səbəbkarı məhz baş direktor səlahiyyətinə malik olmuş Abbasov Şahin özüdür, onun birliyin taleyinə biganə münasibətidir.

Çox acınacaqlı bir fakdır ki, Abbasov Şahin hələ də başa düşməyib ki, respublikamızın iqtisadi inkişafı iyirmi ildən artıq bir müddətdir ki, bazar iqtisadiyyatı istiqamətində inkişaf edir və mal-materialların gətirilməsi, kontraktların bağlanması, digər məsələlərin həll edilməsi təsərrüfat subyektlərinin özlərinin səmərəli faliyyəti ilə bağlıdır. Onu da bildirməyi zəruri hesab edirəm ki, “Azərmetal” birliyinin texniki və iqtisadi imkanları, kadr potensialı, ənənəvi işgüzar əlaqələri və digər imkanları vaxtı ilə birliyin rəhbərliyinə iqtisadi rəqabətdə çox əlverişli şərait yaratsa da bu imkanlardan bəhrələnməmək indiki acı nəticələrin əsas səbəbidir.

Onu da bildirmək istərdim ki, Güləddin Dadaşov respublikamızın mövcud qanunvericiliyinə tam uyğun olaraq, 2004-cü ildə “Azərkontrakt” ASC-nin sədr müavini vəzifəsinə təyinat almış və bu günə kimi də, cəmiyyətin kollektivinin bildiyi kimi, səmərəli fəaliyyətini davam etdirir. Çox təəccüb və təəssüf doğuran hal odur ki, bunu Abbasov Şahin yaxşı bilir və dəfələrlə bu haqda iclaslarda və tədbirlərdə bunu qeyd edib”.

 

COMMENTS