“Azadlıq” qəzetinin əməkdaşı həbs olundu

Abşeron rayon Polis Şöbəsi və Prokurorluğu “Azadlıq” qəzetinin əməkdaşı, Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü Seymur Həziyevin həbsi ilə bağlı birgə məlumat yayıb.

 

Birgə məlumatda bildirilir ki, avqustun 29-da saat 12:30 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbə sakini Seymur Həziyevin qəsəbənin girişindəki avtobus dayanacağının yaxınlığında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşya tətbiq etməklə vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək, əvvəllər tanımadığı Bakı şəhər sakini Məhərrəm Həsənovu əsaslı səbəb olmadan söyməsində, daha sonra şüşə butulka ilə başına, yumruq və təpiklə isə sifət nahiyəsinə vuraraq sonuncuya bədən xəsarətləri yetirməsində şübhələr üçün əsaslar olduğundan faktla bağlı Abşeron rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

 

İş üzrə məhkəmə-tibb ekspertizaları təyin edilib, hadisənin şahidləri dindirilib və digər prosessual hərəkətlər yerinə yetirilib.

 

S.Həziyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

COMMENTS