“Azadlıq” və “Yeni Müsavat”ın bir-birini qırması iqtidara ləzzət edir

“Yeni Müsavat” qəzetində AXCP sədrinin keçmiş müşaviri Zemfira Məhəddinovanın dərc olunan fikirlərinin bir gün sonra “Azərbaycan” qəzetində getməsi birmənalı qarşılanmayıb. “Azadlıq” qəzeti buna “Yeni Müsavat” “Azərbaycan”ın pasötürəni rolunda”, – başlıqlı yazı ilə cavab verib.

Yazıda bildirilir: “Son vaxtlar “Yeni Müsavat” qəzeti rəsmi qəzet “Azərbaycan”ın pasötürəni rolunda çıxış edir. Bu qəzetdə Milli Şura, AXCP haqqında dərc edilən böhtanlar bir gün sonra “Azərbaycan” qəzetində dərc olunur. Sanki adıçəkilən nəşrlərin baş redaktorları arasında anlaşma var:

Mən öz qəzetimdə Milli Şuranın, AXCP-nin ünvanına iftiralar yağdıracam, sən də öz qəzetində bunu tirajla. Özü də əsasən AXCP sıralarından çıxarılan şəxslərin müsahibələri bu qəzetlər üçün maraqlı olur.

“Yeni Müsavat” son belə pası srağagün ötürüb. Qəzet AXCP sədrinin keçmiş müşavirini danışdırıb. Bir gün sonra, yəni dünən “Azərbaycan” qəzeti dərhal həmin müsahibəni tirajlayıb. Necə deyərlər, Allah bazar versin”.

“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə musavat.com-a açıqlamasında “Azadlıq”ın fikirlərinin doğru olmadığını bildirib: “Elə bu gün (1 iyun-red) “Dostluq” parkındakı villalara görə həbslərlə bağlı “Yeni Müsavat”ın yazısını “Azadlıq” qəzeti götürüb verib.

Yazı “Yeni Müsavat”a istinadən bir gün sonra “Azadlıq”da çap olunub. Hansı qəzet hansı mövzuda nə yazı verirsə, onun öz işidir. Azərbaycanda mətbuat və söz azadlığı olduğunda, müstəqil mətbuat olduğunda kimin haradan nə götürür, hansı mövzuda hansı məsələni verir, hansı fakta hansı münasibət bəsləyir, bu, redaksiyanın özünün, baş redaktorun, kollektivin və o yazının müxbirin, jurnalistin öz işidir.

Biz də daima izləyirik. Azərbaycanda eyni zamanda ideoloji mübarizə də gedir. Müstəqillik dövründən başlayıb bu mübarizə. Sovet dövründə əks fikirlilik yox idi. Müxtəlif cür düşünən insanlar ucadan öz fikirlərini söyləyib qəzetdə yaza bilməzdilər. Amma müstəqillik bəhrələrindən biridir ki, kim necə düşünürsə, alternativ fikirlərə də, mövqelərə də yer verilir.

Bu gün bu mübarizə gedir və çox təəssüf ki, bəzən milli maraqlarla bağlı olan məsələlərdə də bu cür yanaşmalar olur. Mən belə hesab edirəm ki, iqtidar, müxalifət olmasından asılı olmayaraq, milli maraqlarla bağlı məsələlərdə hökmən bir mövqe olmalıdır. Azərbaycan xalqının, dövlətin maraqları prizmasından baxılıb hadisələri qiymətləndirib faktlara açıq yanaşılmalıdır.

Ona görə də Avropa Oyunları dövründə də, digər məsələlərdə də “Azadlıq” qəzeti adətən fərqli mövqe tutur, antiazərbaycançı şəbəkənin mövqeyindən çox zaman çıxış edir. Özü həmişə fərqli mövqe, fikir desə də, sərbəst fikir deyəndə, azad fikir bildirəndə nədənsə çox qıcıqla yanaşır və elə gəlir ki, hamı bunlar kimi düşünməlidir, bunlar kimi yazmalıdır. Əgər onlar elə düşünürlərsə, mətbuat və söz azadlığı nədir, bu, onlara çatmayıb.

Biz də əgər AXCP-nin xalqın mövqeyinə uyğun gəlməyən mövqeyi ilə bağlı məsələlərdə ki, onlarla razılaşmırıq, bizim haqqımızdır. Eyni zamanda, bir vaxtlar bu partiyada olub, sonradan bu partiyanın funksionerlərinin, rəhbərlərinin, özünün mövqeyinin, onların yanlışlığını, xalqın, millətin mövqeyi ilə uyğun olmadığını dərk edərək sonradan qopublar və o partiya barədə də öz fikirlərini söyləyirlər.

Bizim üçün belədir də, bir var deyirlər ki, bunu iqtidar adamı deyir, deyəcəklər ki, iqtidarla müxalifət həmişə bir-birinə xoş gəlməyən sözlər deyir, mövqelərdə ziddiyyət olur. Və bir də, sənin öz içindən götürüb səni deyirlər. Belə olanda, biz bunu daha obyektiv, daha dəqiq, daha dəyərli hesab edirik. Onu biz qəzetimizdə veririk. Bu mənada, biz o yazını vermişik.

Yazı harada çıxıb, açıqlama hara verilib, buraya dəxli yoxdur. O adam imtina etmir, demir ki, bu sözü deməyib. Buna görə də “Azadlıq”ın bu cür iradlarını mən qəbul etmirəm. Çünki elə həmişə “Yeni Müsavat” qəzetində olan yazıları o da öz səhifəsində qoyur. Necə olur, “Azadlıq”a olar, bizə yox? O hüququ bizdən kim alıb? Və yaxud, bir müstəsna hüquq kimi bunu bəlkə “Azadlıq”a veriblər? Elə deyil.

Bu, bizim öz işimizdir. Hansı mövzuya hansı məsələyə necə yanaşırıq, yazını haradan götürürüksə, bu, bizim öz işimizdir. Burada haradasa bir əməkdaşlıq axtarmaq mənasızdır. Amma son dövrlər “Azadlıq” qəzeti “Yeni Müsavat”a böyük hücumlar təşkil edir. Milli Şura üzvləri-filanları hücumlar edirlər. Bir iqtidar adamı kimi mənə müəyyən mənada ləzzət edir. Təki müxalifət mövqeli qəzetlər bir-biri ilə bu cür münasibətdə olsunlar. Onda bizim işimiz asan olur. Çünki bir-birini bəzən nədəsə ittiham edirlər, nədəsə bir-birinə qara yaxırlar, qoy olsun.

Lakin bu hamısı etik normalar çərçivəsində olmalıdır. Amma bu mübarizəyə ki, “Azadlıq” “Yeni Müsavat”la başlayıb, Cəmil Həsənli ilə tutaq ki, Rauf Arifoğlu artıq bir-birinə açıq qəzet müstəvisində səngərə keçib, atəşlər açırlar. Bu işə “Azərbaycan” qəzetini qatmasınlar. Biz nədən necə yazırıq, özümüz bilərik. Faktı haradan götürürüksə, o da bizim işimizdir. “Azadlıq” qəzetinin məsələyə bu cür yanaşması AXCP-dəki despotizm, vahid fikir, bir nəfərin idarə etməyi, belə şeylərdən irəli gəlir. Bizim üçün bu cür yanaşma heç bir əhəmiyyət daşımır”.

Qeyd edək ki, bir neçə gün əvvəl Əli Kərimlinin xanım müşaviri AXCP sədrinə və çevrəsinə şok ittihamlar səsləndirib:

“İllərlə millətin apardığı mübarizəni satıb pula çevirən, xalqın milli ruhunu öldürən, onun özünəgüvənini sarsıdan, ətrafında qoçu və şər-böhtançı dəstə saxlayan, haqqı deyən adamları ləkələyib sıradan çıxaran heç bir kəs bu xalqın qulluğunda ola bilməz. Bunların apardıqları çirkin oyunları görürdüm. Heç bir müdafiəm yox idi. Adlarını kişi qoyanlar, təklikdə dediklərimi təsdiq edirdilər. Üzdə isə, yaltaqlanırdılar.

Heç səmimi olmadılar. Hamı qorxurdu. Hətta hakimiyyətdən qorxmadıqları qədər partiya rəhbərliyindən qorxurdular. Bilirdilər ki, partiyadakı diktator, elə-belə diktator deyil. Daha amansız, daha həyasızdır. Mən azad ruhlu adamam. O mühitdə çox qala bilməzdim. Arxasında əməlli-başlı şər-böhtan dəstəsi var. Elə şərləyərdi ki, altından çıxmaq olmazdı. Təkcə qovmaqla əl çəkməzdi”.

COMMENTS