Azərbaycandan Putinə şikayət olundu?

Avqustun 9-da Soçidə Rusiya və Ermənistan prezidentlərinin görüşü olub

 

“İnterfax” agentliyinin məlumatına görə, Ermənistan prezidenti Serj Sərkisyan Vladimir Putinə deyib ki, Azərbaycan-Ermənistan münaqişəsini Azərbaycan bilərəkdən qızışdırır.

 
Sərkisyan Putinə deyib: “Mən bizim regiondakı vəziyyət və Azərbaycan-Ermənistan sərhəddində vəziyyəti Azərbaycanın qızışdırmasının səbəbləri haqda sizə geniş məlumat verəcəyəm”.
 
(Qeyd edək ki, son günlər Dağlıq Qarabağda və Azərbaycan-Ermənistan sərhəddində döyüşlərin qızışmasında Azərbaycn və Ermənistan bir-birlərini ittiham edir–red.).
 
Avqustun 10-da Soçidə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşü gözlənilir. Putinin mətbuat katibi Dmitri Peskov avqustun 9-da jurnalistlərə belə deyib: “Biz prezidentlərin üçtərəfli görüşünün sabah – avqustun 10-da gündüz keçiriləcəyini istisna etmirik”.
 
D.Peskov Qarabağdakı vəziyyət haqda isə bunları deyib: “Vəziyyət doğrudan da gərgindir, qeyri-sabitdir. Ona görə də danışıqlara cəhdlər olunur”.
 
Ancaq Peskovun sözlərinə görə, hər üç prezident avqustun 9-da axşam da qeyri-formal şəraitdə də görüşə bilərlər. Belə ki, Əliyev, Sərkisyan və Putin beynəlxalq sambo yarışlarına baxmağa gedəcəklər.
 
“Platforma S-70” adlı döyüş sambosu yarışlarına Putinin gəlişi artıq ənənəyə çevrilib. Peskov deyib ki, Azərbaycan və Ermənistan prezidentlərinin də ona qoşulacağı gözlənilir.
 
Qeyd edək ki, avqustun 9-da Soçidə Putin Sərkisyanla görüşdən əvvəl Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüşüb (“Azadlıq” radiosu).

 

COMMENTS