Azərbaycanlı mer qətlə yetirildi

Ukrayna Ali Radasının keçmiş deputatı, Poltava Kremençuk şəhərinin hazırkı meri, azərbaycanlı Oleq Babayev qətlə yetirilib

 

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyevin APA-ya verdiyi məlumata görə, hadisə bu gün səhər, yerli vaxtla saat 10.00-da onun yaşadığı evin qarşısında baş verib. O. Babayev evindən bayıra çıxdığı zaman naməlum avtomobildən enən maskalı naməlum şəxslər onu avtomatdan gülləyə tutublar. O. Babayev yerindəcə dünyasını dəyişib. Hadisə ilə bağlı cinayət işi başlanıb və hüquq-mühafizə orqanları hadisəni törədənləri axtarır. Qeyd edək ki, əslən Azərbaycanın Gəncə şəhərindən olan O. Babayev Viktor Yuşenkonun prezidentliyi dövründə Ukrayna parlamentinin deputatı olub. O. Babayev həm də Ukraynada böyük biznes imkanlarına malik şəxs kimi tanınıb.

Xatırladaq ki, bu mayın 14-də BUAK sədri, iş adamı R. Tağıyevə də qarşı silahlılar tərəfindən sui-qəsd cəhdi olub, o təsadüf nəticəsində sağ qalıb.

R. Tağıyev deyib ki, BUAK ölkədə yaşayan azərbaycanlılar adından Ukrayna Baş Prokurorluğuna müraciət hazırlayır. Müraciətdə baş verən hadisədən narahatlıq ifadə olunacaq.

COMMENTS