Azərsel xalqı müharibəyə səslədi

Qarabağ məsələsini qazanca çevirməyə çalışan şirkət abunəçilərinə SMS-lər göndərir

 

Azərbaycanda fəaliyyət göstərən mobil rabitə operatorları sırasında ən çox şikayət edilən şirkətlərdən biri Azercell-dir. Şirkətin adı müxtəlif qalmaqallarda, fırıldaqlarda, hətta qoçu dəstələri saxlamaqda hallanır.

JAM.AZ Xalq.az-a istinadən məlumat verir ki, Azercell son iki gündə yeni bir kampaniyaya başladıb. Bu dəfə şirkət öz abunəçilərinə SMS göndərərək, onları müharibəyə çağırıb. Belə ki, həmin SMS-lərdə «Evdə yatmayın, cəbhəyə getmək vaxtıdır. Hamı Cəbhəyə» sözləri qeyd olunub.

Qeyd edək ki, son dövrlər cəbhə xəttində erməni silahlı birləşmələri xeyli fəallaşıblar və Azərbaycan Ordusunun mövqeyini davamlı olaraq atəşə tuturlar. Baş verən son olaylarda hər iki tərəfdən xeyli itkinin də olduğu məlumdur. Amma rəsmi olaraq nə səfərbərlik, nə də müharibə elan edilib. Bunun fonunda Azercell-in belə bir çağırışla çıxış etməsi olduqca maraqlıdır.

Təbii ki, müharibə vaxtı hamının cəbhəyə getməsi vacib şərtdir və belə çağırışların əhəmiyyəti də böyükdür. Amma indiki məqamda Azercell-in hədəfi nə Vətən, nə millət yox, sadəcə, Qarabağ məsələsindən pul çıxarmaqdır. Çünki göndərilən hər bir SMS nəticə etibarı ilə qazanc deməkdir. Bir şirkətin özünü bu qədər aciz günə salması isə utancvericidir.

Məsələ ilə bağlı dəqiqləşdirmə aparırıq. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

COMMENTS