“Azerspace-1” peykindən İran kanallarının istifadəsinə dair danışıqlar aparılacaq

Azərbaycan və İranın texnoparkları əməkdaşlıq haqqında protokol imzalamağa hazırlaşırlar
Azərbaycanın “Yüksək Texnologiyalar Parkı” MMC ilə İran İslam Respublikasının “Pardis” texnologiya parkı arasında əməkdaşlıq haqqında protokol imzalanacaq. Protokolun noyabr ayında Bakıda keçiriləcək beynəlxalq “BakuTel-2015” telekommunikasiya sərgisi çərçivəsində imzalanacağı gözlənilir.

Bu barədə İranda səfərdə olan Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov məlumat verib.

Aparat rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti İranda keçirilən IV Beynəlxalq “INOTEX-2015” innovasiyalar və texnologiyalar sərgisində iştirak edib.

V.Zeynalovun sözlərinə görə, Tehrana səfər çərçivəsində nazirliyin nümayəndə heyəti İran texnoparkının fəaliyyəti və onun ərazisində istehsal edilən məhsullarla yaxından tanış olub. “Pardis” texnologiya parkında keçirilən görüşdə əməkdaşlıq üzrə protokolun hazırlanması barədə razılıq əldə edilib.

“INOTEX-2015” sərgisi barədə danışan nazirlik nümayəndəsi deyib ki, Azərbaycanın milli pavilyonu İranın vitse-prezidenti Surin Səttarinin diqqətini cəlb edib.

V.Zeynalov bildirib ki, Azərbaycan ilə İran kompüter və telekommunikasiya avadanlıqlarının birgə istehsalına başlamağa hazırlaşırlar. Onun sözlərinə görə, bununla bağlı perspektivlər rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədovun başçılıq etdiyi nümayəndə heyətinin iyunun 15-də İrana səfəri çərçivəsində müzakirə olunacaq. Həmçinin televiziya və radio yayımı və peyk rabitəsi sahələrində əməkdaşlıq məsələləri nəzərdən keçiriləcək.

Bundan əlavə, “Azərkosmos” ASC-nin rəhbərliyi İran tərəfi ilə “Azerspace-1” telekommunikasiya peykinin resurslarından İranın televiziya və radio kanallarının yayımı üçün istifadə edilməsinə dair danışıqlar aparacaq.

COMMENTS