Top.Mail.Ru

Bələdiyyələrə seçki prosesi niyə sönük keçir? – Deputat incik DANIŞDI: “Yeni parlamentdən soruşarsınız”

Bələdiyyələrə seçki prosesi niyə sönük keçir? – Deputat incik DANIŞDI: “Yeni parlamentdən soruşarsınız”

Azərbaycanda dekabrın 23-də bələdiyyə seçkiləri keçiriləcək. Seçkilərə çox az müddət qalmasına baxmayaraq, ölkə gündəmində bələdiyyələrlə bağlı müzakirələrə, açıqlamalara, namizədlərin təbliğat-təşviqat kampaniyasına çox az rast gəlirik. İnsanlar bələdiyyə seçkiləri ilə bağlı prosesin sönük getdiyini, hətta parlamentin buraxılması hadisəsinin bu seçkiləri kölgədə qoyduğunu düşünürlər.


Modern.az
-a danışan V çağırış Milli Məclisin deputatları isə bu fikirlə razılaşmayıblar.


Kamran Bayramov
 iddia edir ki, indiki dövr bələdiyyə seçkilərinin ən qızğın zamanıdır. O xatırladıb ki, artıq namizədlər təbliğat-təşviqat kampaniyaları həyata keçirirlər:

“Müxtəlif ərazilərdəki reklam lövhələrində, divarlarda bələdiyyə seçkilərinə namizədlərin posterləri asılıb, görüşlər keçirilir, namizədlər sakinlərə vədlərini çatdırır. Sadəcə, bələdiyyə seçkiləri regional olduğuna görə, onların əks-sədası namizəd olduqları ərazilərdə daha çox yayılır. Bələdiyyə seçkiləri ilə bağlı prosesin isə sönük olduğunu deyə bilmərik. Hansısa bələdiyyəyə namizədin təşviqatı ölkə üzrə yayımlanan qəzet və jurnallarda verilməz. Amma istənilən seçki ölkənin ictimai-siyasi həyatında önəmlidir”.

K.Bayramov qeyd edib ki, 2014-cü ildə bələdiyyə üzvü olmaq üçün müraciət edənlərin sayı təxminən 38 min olub:

“Bu il isə namizədlərin sayı  42 mini ötüb. Bələdiyyəni seçmək hüququ olan vətəndaşların aktivliyinə gəlincə, bu rəqəm 2009-cu ildə 31 faiz, 2014-cü ildə isə 38 faiz olub. Güman edirəm ki, indiki seçkilərdə bundan da yüksək aktivlik müşahidə olunacaq”.


Arif Rəhimzadə
 isə mövzu ilə əlaqədar geniş danışmaq istəməyib:

“Əslində parlament buraxılıb və bizim elə bir səlahiyyətimiz yoxdur. Mənim hansısa fikir söyləməyimin mənası da yoxdur. Yeni parlament yaradılanda bu sualları onlara verərsiniz”.

O, qısa açıqlamasına bunları əlavə edib:

“Bələdiyyə seçkiləri sönük deyil. Bələdiyyələrin parlament seçkilərinə isə heç bir aidiyyəti yoxdur. Bələdiyyələrə seçkilər dekabr ayının 23-də keçiriləcək. Bu istiqamətdə işlər də davam etdirilir”.

Tahir Rzayev isə bələdiyyə seçkilərinin gündəmdə olmamasının səbəbini namizədlərin qeyri-aktivliyi ilə əlaqələndirib:

“Bələdiyyə seçkilərinə namizədlər artıq qeydiyyatdan keçiblər, təbliğat-təşviqat prosesi davam edir. Yerlərdə müəyyən bələdiyyələrə namizədlər vaxtaşırı tədbirlər keçirirlər. Bələdiyyələrə namizədlər özləri özlərini təbliğ etməlidirlər. Əgər onlar özlərini təbliğ etmirlərsə, yerlərdə insanlarla görüş keçirmirlərsə, bu seçkinin sönüklüyü deyil. Həmin namizədin özünün fəal olmamasının nəticəsidir”.

T.Rzayevin fikrincə, Azərbaycanda seçki sistemi elə foprmalaşıb ki, prosesə hazırlıq zamanı əvvəlki kimi hay-küyə ehtiyac qalmır:

“Əvvəllər seçkilər hay-küylü olurdu. Çünki müəyyən çatışmazlıqlar, nöqsanlar var idi. Amma bütün bunlar aradan qaldırılıb. İstər Mərkəzi Seçki Komissiyası, istərsə də digər aidiyyəti qurumlar lazımi tədbirləri həyata keçiriblər.

Müəyyən müxalif dairələri əvvəllər hakimiyyətə hay-küylə gəliblər. Ona görə, düşünürlər ki, seçki varsa deməli, hay-küy olmalı, namizədlər arasında ciddi qarşıdurmalar yaşanmalıdır. Halbuki, ağıllı adamlar sakit iş görürlər, öz proqramını irəli sürüb, seçkilərdə qalib gəlirlər. Azərbaycan sabit ölkədir və burada seçki də sabit keçməlidir”.

DOSYE.ORG

COMMENTS